Dövlət vətəndaşın pensiya kapitalının 40 faizinin maliyyələşdirilməsini üzərinə götürməlidir
Bu aydan minimum pensiya məbləği 200 manata çatdırılandan sonra, pensiyaya çıxmaq üçün tələb olunan minimum pensiya kapitalı da artıb. Belə ki, hazırda güzəştli qruplar istisna olunmaqla, pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da 28800 manat minimum pensiya kapitalı olmalıdır.
Əgər vətəndaş 25 il işləməyibsə və 28800 manat kapital yığa bilməyibsə, o zaman pensiya hüququ əldə edə bilmir. Yəni bu halda ona pensiya təyin edilmir. Qeyd edim ki, minimum pensiya kapitalı minimum pensiya məbləğinə uyğun müəyyənləşir.
Minimum pensiya kapitalı = minimum pensiya məbləği X 144 (12 il X 12 ay). İndiki halda minimum pensiya məbləği 200 manat olduğundan, 200 manat X 144 = 28800 manat minimum kapital tələb olunur.
Gələcəkdə minimum pensiya artacağı halda minimum pensiya kapitalı da artacaq. Məsələn, əgər minimum pensiya 300 manat olarsa, o zaman minimum pensiya kapitalı 43200 manat olacaq. Bu, o deməkdir ki, minimum pensiya 300 manata çatan zaman 25 il iş strajı olmazsa, yalnız 43200 manat və daha çox pensiya kapitalı toplaya bilənlər pensiyaya çıxa biləcəklər.
Minimum pensiya kapitalının artması müsbət haldır. Amma bu məbləğ artdıqca gələcəkdə pensiyaya çıxmaq hüququ qazananların sayı da azala bilər. Aydındır ki, nə 28800 manatı, nə də gələcəkdə 43200 manatı toplamaq heç də asan olmayacaq.
Təklif edirik ki, dövlət pensiya kapitalının 40 faizinin maliyyələşdirilməsini üzərinə götürsün. Yəni, əgər vətəndaş 17280 manat pensiya kapitalına malikdirsə, o zaman dövlət büdcəsindən onun hesabına 11600 manat ödənilsin və həmin şəxs pensiya hüququ əldə etsin. Əks halda yaxın gələcəkdə pensiyaya çıxmaqda çətinliklərin olması qaçılmazdır.