Bəy narkoman, yoxsa gəlin ruhi xəstə imiş - <font color=red> Şübhə yeri qalmamalıdır</font>

Cəmiyyət

16.09.2019 - 13:57

Cəmiyyətdə tibbi müayinə paketinə yeni təkliflərin sorağı gəlir

 

Nikahdan qabaq icbari tibbi müayinə, əvvəlki illərə baxdıqda indi daha çox diqqət ayrılan məsələyə çevrilib. Müşahidələr göstərir ki, əvvəllər müayinə üçün can atanlar az idisə, indi mediada, ölkədə dövrü icbari tibbi müayinələrin nəticələri barədə çıxan məlumatlar, toya hazırlaşan cütlükləri buna təşviq edir.

 

Cəmiyyətdə tibbi müayinə paketinə yeni təkliflərin sorağı da gəlir. Tibb mütəxəsisləri toyqabağı tibbi müayinədə (qan analizində) başqa xəstəliklərin də qeyd olunmasını zəruri hesab edirlər.

 

AYNA-ya danışan həkim-nevroloq Mərziyyə Məmmədovanın fikrincə, sonuncu dəfə qan müayinəsində hepatitlərə görə yoxlanmanın aparılması nəzərdə tutulub ki, bu, çox vacib məsələdir: “Təklif edərdim ki, genetik müayinəyə də diqqət ayrılsın. Bunu konsultasiya formatında da etmək olar. Əslində, ailələr öz aralarında bəzi məsələri də həll edib, analiz aparmalıdırlar. Qohumluq evliliklərindən uzaq durmaq məsləhət görülür. Çünki bu məqam gələcəkdə doğulacaq uşaqların arasında xəstə olma ehtimalını artırır. Çox istəyərdik ki, toyqabağı tərəflərin, xüsusən bəylərin zərərli vərdişlərinin olub-olmaması da yoxlanılsın. Əsas da narkotestin keçirilməsi icbari tibbi müayinə paketinə əlavə olunsun. Bu, gələcək ailə birliyinin sığortalanmasıdır. Çünki bəzən qız tərəfi bəyin narkotik istifadəçisi olmasından toydan sonra xəbər tutur, bu da, sözsüz yeni ailənin gələcəkdə dağılması üçün zəmin yaradır”.

Raminə Eyvazqızı