Məleykə Abbaszadədən yüzlərlə abituriyenti sevindirəcək addım

Cəmiyyət

12.08.2019 - 01:45

Onlar bu xeyirxahlığı heç zaman unutmayacaqlarını bildiriblər

 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin Qurban bayramı öncəsi 800 ailəni özünəməxsus şəkildə sevindirib. AYNA moderator.az-a istinadən xəbər verir ki, M. Abbaszadə builki qəbul imtahanları zamanı yüksək bal toplamaqla potensial olaraq ali məktəbə daxil olmaq haqqına sahiblənən, amma milli mentalitetimizdən irəli gələn səhlənkarlıq və arxayınlıq səbəbindən bu haqqı itirmək təhlükəsində qalan 800 abituriyentlə bağlı olduqca xeyirxah bir addım atıb. 

 

Müddətin başa çatmasına günlər deyil, saatlar qalmış DİM rəhbərinə məruzə olunub ki, yüksək bal toplayan 800 abituriyent ixtisas seçimi mərhələsində ali məktəbi seçdikdən sonra öz elektron ərizələrini təsdiq etməyi naməlum səbəbdən "unudublar". DİM rəhbəri dərhal göstəriş verib ki, həmin abituriyentlərin evlərinə bir-bir zəng vurulub baş verənlər onlara izah edilsin. Eşitdikləri xəbərdən ailələr şoka düşüblər ki, onlar bu işi - yəni, sənədi təsdiq etməyi bəzi hallarda qohum-qonşuya, və ya müəllimlərə və hətta pul qarşılığında "ekspert" kimi özünü təqdim edən şəxslərə həvalə ediblər, həmin şəxslərsə abituriyentlərin və onların valideynlərinin etibarını doğrultmayaraq bunu təsdiq etməyi "unudublar". 
 
Beləcə "həyəcan siqnalı" ilə ayağa qaldırılan valideynlər qısa zamanda onları gözləyən real təhlükəni önləyə biliblər və M.Abbaszadənin bu xeyirxahlığını heç zaman unutmayacaqlarını bildiriblər. 
Müəllif: Ayna.az