Alimlər ağ qan hüceyrələrinin içində gizlənmiş İİV-i aşkar etməyin yolunu tapıblar
Melburndakı Piter Doerti İnfeksiya və İmmunitet İnstitutunun tədqiqatçıları insanın ağ qan hüceyrələrinin içində gizlənmiş İİV-i aşkar etməyin yolunu tapıblar. AYNA.AZ xəbər verir ki, bu barədə “Nature Communications” elmi jurnalında dərc olunmuş məqalədə qeyd olunub.
Bildirilib ki, alimlərin qarşısındakı əsas problemlərdən biri virusun leykositlərin içində gizlənə bilməsi idi. Orqanizmdə İİV-in elə gizli ehtiyat mənbələri mövcuddur ki, nə immun sistemi, nə də dərmanlar onlara təsir edə bilirdi. Yeni texnologiya virusu insan hüceyrələrinin içindəki "sığınacaqdan çıxmağa" məcbur edəcək.
Araşdırmanın əsasını COVID-19 pandemiyası zamanı tanınan mRNT (messencer RNT) texnologiyası təşkil edir. Alimlər qeyd ediblər ki, xüsusi hazırlanmış mikroskopik yağ qabarcıqları vasitəsilə mRNT-ni virusun gizləndiyi hüceyrələrə çatdırmaq mümkündür. Daha sonra mRNT bu hüceyrələrə virusun aşkar edilməsi üçün “təlimat” verir.