Nuh Yılmaz və Hamiş Falkoner bu gün Ankarada görüşəcəklər
Türkiyə və Britaniya diplomatları Ankaradakı məsləhətləşmələrdə Suriyaya qarşı sanksiyaların ləğvini müzakirə edəcəklər. AYNA.AZ xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
Qeyd olunub ki, bu məqsədlə Türkiyə xarici işlər nazirinin müavini Nuh Yılmaz və onun britaniyalı həmkarı Hamiş Falkoner bu gün Türkiyənin paytaxtında görüşəcəklər.
“Türkiyə tərəfinin bu məsləhətləşmələr zamanı Türkiyənin Suriyadakı təhlükəsizlik, sabitlik və iqtisadi vəziyyətlə bağlı fikirlərini və gözləntilərini açıqlayacağı gözlənilir. Suriyaya qarşı tətbiq edilən sanksiyaların ilkin şərt qoyulmadan tamamilə ləğv edilməsinin zəruriliyi bildiriləcək. Bu, Suriyanın bərpası və iqtisadi inkişafı üçün lazımdır”, - mənbə qeyd edib.
Diplomatlar həmçinin Suriyanın yeni administrasiyasının “milli barışıq” istiqamətində səyləri və beynəlxalq ictimaiyyətin bu addımlara dəstəyinin vacibliyi ilə bağlı vəziyyəti təhlil edəcəklər.
Yılmaz və Falkoner ayrıca İsrailin Suriyadakı hərəkətlərini müzakirə edəcəklər.
“Gözlənilir ki, burada İsrailin Suriyanın suverenliyini açıq şəkildə pozan və təhdid edən hərəkətlərinin dayandırılması zərurəti vurğulanacaq”, - mənbə qeyd edib.