“Rusiya və Ukrayna dərhal atəşkəs və ən əsası müharibəyə tam son qoymaq üçün danışıqlara başlayacaqlar”
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə iki saatdan çox çəkən telefon söhbətinin “çox yaxşı “keçdiyini bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkə hesabında yazıb.
“Rusiya və Ukrayna dərhal atəşkəs və ən əsası müharibəyə tam son qoymaq üçün danışıqlara başlayacaqlar”, - Amerika lideri yazıb.
Tramp qeyd edib ki, şərtlər iki tərəf arasında razılaşdırılacaq.
"Rusiya və Ukrayna arasında danışıqlar dərhal başlayacaq. Mən bunu Ukrayna Prezidenti Volodimir Zelenskiyə, Avropa Komissiyasının sədri Ursula fon der Leyenə, Fransa Prezidenti Emmanuel Makrona, İtaliyanın Baş naziri Corcio Meloniyə, Almaniya kansleri Fridrix Merzə və Finlandiya Prezidenti Aleksandr Stubba telefon danışığında bildirmişəm", - Tramp qeyd edib.
ABŞ Prezidenti həmçinin bildirib ki, Rusiya bu fəlakəti bitdikdən sonra ABŞ-la geniş miqyaslı ticarət etmək istəyir: “Rusiyanın iş yerləri yaratmaq və rifahı artırmaq üçün böyük potensialı var. Onun potensialı hədsizdir”.
Tramp həmçinin qeyd edib ki, ölkənin bərpa prosesi başlayan kimi Ukrayna da ticarət əlaqələrinin əsas benefisiarına çevrilə bilər.