Tramp Putinin müharibəyə son qoymaq təkliflərini rədd edir: “Qəbuledilməzdir”

Dünya

28.06.2024 - 17:02

Həkimlər Klinikalar SEO Xidməti

“Normal bir liderimiz olsaydı, bu müharibə heç vaxt başlamazdı”

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı hərbi münaqişənin həlli ilə bağlı təkliflərinin qəbuledilməz olduğunu bildirib.

AYNA xəbər verir ki, “xeyr, onlar qəbuledilməzdir. Amma baxın, normal bir liderimiz olsaydı, bu müharibə heç vaxt başlamazdı. İndiki ABŞ Prezidenti Co Bayden Ukraynaya 200 milyard dollar və ya daha çox pul verdi. Bu, çox puldur, düşünmürəm ki, əvvəllər belə bir şey olub”, - Tramp ABŞ prezidentliyinə əsas namizədlərin ilk debatında deyib.

Onun sözlərinə görə, Ukrayna artıq çoxlu əsgər və mülki vətəndaşını itirib, həmçinin “min il yaşı olan, qızıl günbəzləri olan möhtəşəm şəhərləri” itirib: “Bayden bizi Ukrayna və Rusiya ilə münasibətlərdə pis vəziyyətdə qoydu, çünki Ukrayna bu müharibədə qalib gəlmir".

Tramp yenə seçkilərdə qalib gəlsə, müharibəni andiçmə mərasimindən əvvəl də bitirəcəyinə söz verib və qeyd edib ki, ABŞ baş verənlərlə bağlı pul xərcləməməlidir. Onun fikrincə, Rusiya Prezident Baydenə hörmət etsəydi, müharibə başlamazdı.

Eyni zamanda Tramp deyib ki, Ağ Evin hazırkı sahibi “Rusiyanı müharibəyə girməyə təşviq edib”.

“Mən sizə nə baş verdiyini danışacağam. O, Əfqanıstana belə pislik etdi, bu, çox dəhşətli idi, ölkə tarixində biabırçı bir an idi. Putin bunu görəndə dedi: “Bilirsiniz, biz Ukraynaya daxil olacağımızı düşünürük”, Tramp vurğulayıb.

İyun ayında Putin ilk dəfə Ukraynada müharibənin dayandırılması üçün şərtləri açıqladı. Onun sözlərinə görə, Kiyev qoşunlarını Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin Rusiya ordusu tərəfindən işğal olunmayan hissələrindən çıxarsa, həmçinin NATO-ya üzv olmaqdan rəsmən imtina edərsə, o, atəşkəs əmrini verəcək və sülh danışıqlarına başlayacaq. Bundan əlavə, Putinin fikrincə, Kiyev demilitarizasiya və “denazifikasiya” həyata keçirməli, Qərb isə Rusiyaya qarşı sanksiyaları ləğv etməlidir.

Müəllif: Ayna.az