İclasda milli təhlükəsizlik və xarici siyasətə cavabdeh olan administrasiya rəsmiləri iştirak ediblər
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İranla nüvə sazişi üzrə danışıqlarla bağlı görüş keçirib. AYNA.AZ xəbər verir ki, bu barədə “Axios” mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, iclasda milli təhlükəsizlik və xarici siyasətə cavabdeh olan administrasiya rəsmiləri iştirak ediblər.
Görüşdə vitse-prezident J.D.Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals, Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.
İclasda aprelin 19-da İranla danışıqların növbəti raundu ərəfəsində ABŞ-ın nüvə sazişi ilə bağlı mövqeyi müzakirə edilib. J.D.Vens və Stiv Vitkoff hesab edirlər ki, ABŞ razılığa gəlmək üçün diplomatiya yolu tutmalı və bəzi kompromislərə razı olmalıdır. Marko Rubio və Mayk Vals da daxil olmaqla, administrasiyanın digər üzvləri “yüksək skeptikdir və danışıqlara maksimalist yanaşmanı dəstəkləyir”.
ABŞ-İran danışıqlarının ilk mərhələsi aprelin 12-də Omanda baş tutub. İranın Ali Rəhbəri Əli Xamenei görüşün "yaxşı mənada" keçdiyini, lakin Vaşinqtonun mövqeyinə pessimist olduğunu bildirib. Tramp deyib ki, əgər danışıqlar uğursuz olarsa, “sərt bir şey etmək lazımdırsa”, ABŞ buna hazırdır.