Təxribat, yoxsa məsuliyyətsizlik?

Aktual

01.05.2022 - 06:24

“Azərsun Sənaye Parkı”nda baş vermiş nəhəng yanğın ciddi suallar doğurur

Aprelin 28-i gecə saatlarında “Azərsun Sənaye Parkı”nda baş vermiş yanğın aprelin 29-u səhər saatlarında söndürülüb. Yanğın 5 min kvadratmetr ərazini əhatə edib. İlkin araşdırmalara görə, yanğının kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla, geniş ərazini əhatə etdiyi bildirilib. Hadisə ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlayıb, prokurorluq və Fövqəladə Hallar Nazirliyinin (FHN) müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb.

Yanğınla bağlı gedən müzakirələrdə diqqətçəkən məqamlardan biri, hadisələr zəncirinin nəticəsi kimi Azərbaycanın ötən günlərdə Ukraynaya ərzaq yardımı göndərməsi və həmin yardımın da böyük hissəsinin məhz bu anbarlardan tədarük olunmasıdır ki, burada təxribat ehtimalını irəli sürənlər də var.

Digər bir məsələ isə xüsusi əhəmiyyətli sənaye müəssisəsində yanğınla bağlı təhülkəsizliyin təmin olunmasında hansısa məqamların gözardı edilməsi, nəticədə yanğının bu qədər genişmiqyaslı olması və lokallaşdırılmasının uzun zaman alması ilə bağlıdır.

Sözügedən hadisənin təxribat olması barədə səsləndirilən fikirlərə gəldikdə, Milli Məclisin İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin üzvü Elman Nəsirov AYNA-ya açıqlamasında deyib ki, Azərbaycan hüquqi dövlət olduğundan baş vermiş hadisəyə də fikir bildirərkən hüquqi arqumentlərlə çıxış etmək daha doğrudur: “Azərbaycan hüquqi dövlətdir. Hüquqi dövlətdə də istənilən hadisəyə qiymət verərkən əlində ciddi hüquqi arqumentlər olmalıdır. Ona görə də hadisə ilə bağlı istintaq işinin nəticəsindən sonra dəqiq söz söyləmək olar”.

“Hazırda bu məsələ ilə bağlı müxtəlif ehtimallar, yanaşmalar var. Yanğın hadisəsinin sənaye parkının ərazisindəki karton tullantılardan başladığına dair videogörüntülər var. Lakin kartonlar necə yandı, hadisə necə baş verdi - bu kimi məsələlər hələ açıq qalıb”, - deyə deputat bildirib.

Nəsirov təxribat ehtimalını ciddi hesab etmir: “Hadisəni təxribat hesab etmək, məsələyə siyasi don geyindirmək cəhdləri var. Mənə elə gəlir ki, bunlar erkən, əsaslandırılmamış fərziyələrdir. Məncə, bu məsələ ilə bağlı aidiyyəti üzrə qurumların ekspert rəyləri əsasında, onların araşdırmalarının və istintaqın nəticəsi olaraq söylənən fikir real həqiqəti əks etdirəcək”.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev yanğınla bağlı AYNA-ya şərhində söyləyib ki, bu tip müəssisələr yanğın təhlükəsi baxımından yüksək risk qrupuna daxildir: “Bütün obyektlərdə yanğın təhlükəsizliyi haqqında qaydalara ciddi əməl edilməlidir. Xüsusilə də sənaye müəssisələri, istehsalat sahələri, zavod, fabrik, kimyəvi məhsulların saxlanıldığı anbarlar yüksək risk qrupuna daxil olduğu üçün təhlükəsizlik tədbirlərinə dair tələblərə daha ciddi riayət edilməlidir”.

Ekspert bu tip yanğınların söndürülməsi zamanı yaşanan çətinliklərə toxunub: “Bu cür yanğınlarda hər an partlayış təhlükəsi var. İstilik həddindən artıq yüksək olur və yanğından ayrılan tüstünün toksikliyi zəhərlənmə ilə nəticələnə bilir. Bu amillərin hər biri yanğını söndürməyə gələn qrupun işini çətinləşdirir”.

Nurəliyevin sözlərinə görə, bu cür yanğınlarla günlərlə davam edə bilər:  “Bu yanğının sönüdürülməsində FHN əməkdaşlarının peşəkar yanaşmasının şahidi olduq. Çünki bu cür yanğınlar günlərlə davam edə bilər. Görüntülərdən də yanğının miqyasının və şiddətinin nə qədər böyük olduğu görünürdü. Bu cür yanğınlara müdaxilə zamanı ilkin olaraq yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınır, insanlar evakuasiya olunur, digər yanmaya meyilli maddələrin alışmasının qarşısı alınır. Yalnız bundan sonra yanğının mənbəyinə nüfuz edərək söndürülməsinə cəhd edilir. Sevindirici hal budur ki, xəsarət alan kimsə olmadı. Bu da qeyd etdiyim kimi yanğını söndürməyə gələn qrupun peşəkarlığına görə idi”.

“Bütün müəssisələr bu hadisədən nəticə çıxarmalı, yanğın təhlükəsizliyi ilə bağlı boşluqlar varsa, onları həll etməlidir. Vaxt itirmədən yanğın təhlükəsizliyinə dair tələbləri diqqətlə nəzərdən keçirməlidirlər ki, bu cür hallar baş verməsin”, - deyə müsahibimiz vurğulayıb.

Müəllif: Aləmdə Nəsib