HƏMAS Siyasi Bürosunun qətlə yetirilən rəhbəri Haniyə ilə vida mərasimi baş tutub
İran paytaxtının şimalında iqamətgahına hücum zamanı öldürülən islamçı radikal HƏMAS-ın Siyasi Büro rəhbəri İsmayıl Haniyə ilə Tehranda vida mərasimi keçirilib. AYNA xəbər verir ki, İranın Ali Dini Rəhbəri Seyid Əli Xamenei Haniyənin cənazəsi üzərində dua oxuyub. Bundan sonra Haniyənin tabutu Tehran küçələrində daşınıb.
Tədbir iştirakçıları Fələstin, İran və HƏMAS bayraqları, eləcə də Haniyənin portretləri ilə çıxıb və “İsrailə ölüm!” şüarı səsləndiriblər.
Qeyd edək ki, Haniyə iyulun 31-ə keçən gecə Tehranda iqamətgahında qətlə yetirilib. Qətərdə mühacir həyatı yaşayan HƏMAS lideri İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edib.