TƏBİB tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitdən istifadə qaydası təsdiqlənib

Xəbərlər

22.05.2024 - 20:17

Baş nazir Əli Əsədov qərar imzalayıb

Nazirlər Kabineti İnzibati Xətalar Məcəlləsinə əsasən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin qurumun hesabına köçürülən vəsaitdən istifadə Qaydasını təsdiq edib.

AYNA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qaydaya əsasən, vəsait dövlətin mülkiyyəti hesab olunur, TƏBİB-in sərəncamındadır, onun sərəncamçısı dəyişdirilə bilməz.

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş “vəzifə (tarif) maaşlarına əlavə” bu Qaydaya uyğun olaraq TƏBİB-in aparatının işçilərinə şamil olunur.

Vəsait Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanılan vəsaitin 18 faizi hesabına formalaşdırılır.

Vəsaitin toplanması məqsədilə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində TƏBİB-in xüsusi hesabı açılır.

Maliyyə Nazirliyi vəsaitin hər ay üçün növbəti ayın 5-dən gec olmayaraq, dekabr ayı üçün isə həmin ayın 25-dək daxil olan vəsaitin dekabrın 26-sı (dekabrın 26-sı qeyri-iş gününə düşdükdə, növbəti iş günü) TƏBİB-in müraciəti əsasında onun bank hesabına köçürülməsini təmin edir.

Vəsaitin yığılması və istifadəsi hər il növbəti il üçün proqnozlar əsasında hazırlanan və TƏBİB tərəfindən cari il dekabrın 20-dən gec olmayaraq, bu Qaydanın əlavəsindəki formada təsdiq edilən gəlirlər və xərclər smetasına uyğun olaraq həyata keçirilir.

İl ərzində bu Qaydanın 2.4-cü bəndinə əsasən təsdiq edilən gəlirlər və xərclər smetasında nəzərdə tutulan vəsaitdən çox və ya az
məbləğdə vəsait daxil olduqda, həmin smeta TƏBİB tərəfindən yenidən təsdiq olunmaqla, vəsaitdən bu Qaydaya uyğun istifadə edilir.

Bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq vəsaitin istifadəsinə nəzarəti TƏBİB həyata keçirir.

Vəsait TƏBİB-in aparatının işçilərinin (bundan sonra - işçilər) sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların aylıq vəzifə maaşlarına əlavələrin verilməsi üçün xərclənir.

Aylıq vəzifə maaşına əlavənin ödənilməsi ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayın 20-dək, dekabr ayı üçün isə həmin ayın 28-i (dekabrın 28-i qeyri-iş gününə düşdükdə növbəti iş günü) həyata keçirilir.

Əmək məzuniyyəti, ödənişli yaradıcılıq və təhsil məzuniyyəti, həmçinin xidməti ezamiyyət dövrü işçinin hesabat ayındakı iş günləri kimi nəzərə alınaraq aylıq vəzifə maaşına əlavə ödənilir, lakin bu əlavə məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınmır.

Vəzifə maaşına əlavə aşağıdakı günlər üçün hesablanmır:

- işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin
hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu günlər;

- işçinin qismən ödənişli sosial məzuniyyətdə və ödənişsiz
məzuniyyətdə olduğu günlər.

Bu Qaydanın 4.3.1-ci yarımbəndində nəzərdə tutulan hallarda aylıq vəzifə maaşına əlavə orta əməkhaqqının hesablanması zamanı nəzərə alınır.

Aylıq vəzifə maaşına əlavə hər bir işçinin aylıq vəzifə maaşına əmsal tətbiq edilməklə hesablanır.

Müəllif: Ayna.az