Tbilisi “xarici agent” axtarışında, xalq ayaqda: “Geri çəkilməyəcəyik”

Dünya

10.03.2023 - 18:02

Samirə Bayramova: “Təəssüflər olsun ki, azərbaycanlı deputatlar da qanunun lehinə səs verib”

"Xarici təsir agentləri haqqında" qanunun müzakirəyə çıxarılması Gürcüstanda ictimai-siyasi vəziyyəti gərginləşdirib. Gürcüstan Parlamentinin sözügedən qanun layihəsini qəbul etməsindən narazı olan ictimai-siyasi fəallar Tbilisidə qanunverici orqanın binası qarşısında aksiyalar keçirməyə başlayıblar. Etiraz aksiyalarında vətəndaş cəmiyyəti nümayəndələri, müxalif siyasi partiyaların fəalları iştirak edirlər. Martın 7-dən başlayan aksiyalara martın 9-da təxminən 20 minə yaxın vətəndaş qatılıb.

Davam edən etiraz aksiyasını dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib. Onlarla etirazçının həbs olunduğu barədə məlumatlar var. Polislə toqquşma zamanı xəsarət alanların olduğu bildirilir.

Martın 9-də aksiyaçıların tələbini yerinə yetirdiyini bildirən hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının səlahiyyətliləri etiraza səbəb olan qanunun baxılması üçün Venesiya Komissiyasına göndərildiyini açıqlayıb. Amma etirazçılar bununla razılaşmır, Komissiyaya qanunun baxılması üçün göndərilməsini hakimiyyətin aldadıcı üsulu olduğunu bildirir, ümumiyyətlə, qanunun ləğvini tələb edirlər.

Qeyd edək ki, sözügedən qanun layihəsinə əsasən, qeyri-hökumət təşkilatları və media qurumları maliyyələrinin 20 faizdən çoxunu xaricdən götürərsə, “xarici agent” elan olunacaqdı. Hakim “Gürcü Arzusu” qanunub heç bir şərt olmadan geri çəkildiyini, Venesiya Komissiyasına göndərildiyini bəyan edib.

Qonşu ölkədə baş verən proseslərlə bağlı AYNA-nın suallarını orada yaşayan azərbaycanlı ictimai fəal, aksiyaların iştirakçısı Samirə Bayramova cavablandırıb. Deyib ki, etirazlara səbəb olan qanun demokratik prinsiplərə, insan haqlarına, Gürcüstanın avrointeqrasiya siyasətinə ziddir:

- Belə bir qanunun hazırlandığı haqqında məlumatlardan sonra Gürcüstandakı ictimai-siyasi insanlar, aktivistlər, ümumiyyətlə, gürcü cəmiyyəti ayağa qalxdı. Bu qanun bütövlükdə Gürcüstanın demokratik prinsiplərinə, ölkənin Konstitusiyasına, insan haqlarına ziddir. Bütövlükdə, sözügedən qanun Avropa İttifaqına üzv olmaq istəyən bir dövlətin siyasətinə ziddir. Təbii ki, bu kimi qanunlar, irticaya meylli addımlar bizim demokratiyamıza, inteqrasiyamıza, ictimai fəallığa ziddir.

Biz də müvafiq qruplar yaratdıq, bəyanatlar hazırladıq, brifinqlər keçirdik, aksiyalar qərarı verildi. Aksiyaya o qədər insan gəldi ki, bunun prosesə təsiri gözlənildiyindən qat-qat çox oldu. Gürcüstan hakimiyyəti bu qanunu qəbul etməkdə iddialı idi, geri çəkilməyi heç düşünmürdülər. Gürcüstan Parlamenti bəyan etmişdi ki, qanun layihəsini cümə axşamı günü müzakirəyə çıxaracaq. Amma cərşənbə axşamı günü gizli şəkildə müzakirə keçirdilər, səsvermə oldu və qəbul edildi. Təəssüf ki, ali qanunverici orqan bununla cəmiyyəti, vətəndaşları aldatdı.

Səsvermədə 76 deputat qanunun lehinə səs verib və təəssüflər olsun ki, iki azərbaycanlı deputat da bu qanunun lehinə səs verənlərdən olub. Hansı ki, sözügedən qanun ictimaiyyətin inkişafına dəstəyə qarşıdır. Eyni zamanda, milli azlıqların dil öyrənmə prosesinə, inteqrasiyasına, mədəniyyətinin inkişafına töhfə verən layihələrin qanunla yolunu kəsmək idi.

- Aksiyanın nəticəsi oldu deyə bilərikmi?

- Təbii ki, nəticəsi oldu. Gürcüstan hakimiyyəti zorakılığa əl atmağa cəhd göstərdi. Amma aksiyaçılar geri çəkilmədilər. Hamımız xüsusi təyinatlıların qarşısında dayandıq və geri çəkilməyəcəyimizi bildirdik. Aksiyada xeyli zərərçəkənlər oldu. Bu, əlbəttə ki, xoş deyil. Xüsusi təyinatlılardan də zərər çəkənlər oldu. Sonunda Gürcüstan hakimiyyəti anladı ki, xalqın qarşısında dayanmaq olmaz.

Nəhayət “Gürcü Arzusu” belə qərara gəldi ki, qanun layihəsi parlamentin gündəliyindən geri götürülsün, altı ay ərzində yenidən müzakirə olunsun və insanlara doğru məlumat çatdırılsın ki, qanunun mahiyyəti nədir. Amma hesab edirəm ki, bu, təbliğat xarakterli açıqlamadır. Belə bir bəyanat vermələrinin qanuni əsası da yoxdur. Gürcüstan Konstitusiyasına görə, müzakirə olunmuş və səsvermədən keçmiş qanunu geri çəkmək olmaz. Bu, qeyri-qanunidir.

- Bir də Venesiya Komissiyasına göndərilməsi məsələsi var...

- Bəli. Biz bilirik və əminik ki, hökumət yenidən xalqı aldadır. Çünki bundan əvvəl də “Gürcü Arzusu” xalqı aldadıb. Avropa İttifqaının sazişinə imza atmaq məsələsində, şərti adı “Mişel müqaviləsi” olan məsələdə də cəmiyyəti aldatdılar. Bundan əvvəl də dəfələrlə yalan vədlər veriblər. Ona görə də xalq hakimiyyətə inanmır.

İndi geri çəkilmələri haqqında bəyanat aksiyaçıların kiçik qələbəsidir. Amma bunu tam qələbə saymaq olmaz. Tələbimiz odur ki, qanun Venesiya Komissiyasından geri çağırılsın, yenidən Gürcüstan Parlamentində müzakirəyə çıxarılsın və əvvəlki səsvermənin nəticələri ləğv edilsin. Bu, baş verməyənədək aksiyalarımızı davam etdirməkdə israrlıyıq.

Müəllif: Anar Bayramoğlu