Bir neçə nəfər yaralanıb, lakin ciddi dağıntı olmayıb
Tatarıstanın Elabuqa və Nijnekamsk şəhərlərinə pilotsuz təyyarələrlə (PUA) hücum edilib. AYNA TASS-a istinadən bildirir ki, bu barədə region rəhbərinin Mətbuat Xidmətindən qeyd edilib. Vurğulanıb ki, bir neçə nəfər yaralanıb, lakin ciddi dağıntı olmayıb.
“Alabuqa” xüsusi iqtisadi zonasının Mətbuat Xidmətinin məlumatına görə, iki PUA yataqxanaya hücum edib, üç nəfər yaralanıb.
“Diqqət, Xəbər” “Telegram” kanalı yazır ki, Elabuqada 2022-ci ildə xüsusi iqtisadi zonanın əməkdaşları və yerli “Alabuga Polytech” kollecinin tələbələri üçün tikilmiş yataqxanalar kompleksi zədələnib.
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başladıqdan sonra Tatarıstanın “Alabuqa” xüsusi iqtisadi zonasında İranın “Geran-2” adı ilə qəbul edilmiş “Şahed” hücum dronlarının istehsalı təşkil edilib. “Protokol” nəşri və “RZVRT” “YouTube” kanalının jurnalistləri tərəfindən aparılan araşdırmaya görə, onları “Alabuqa” Politexnik Kollecinin tələbələri yığırlar. Məlumatlara görə, təkcə ötən ilin payızında Ukraynaya zərbələr endirmək üçün 600-dən çox belə drondan istifadə edilib.
2023-cü ilin fevralında “The Wall Street Journal” ABŞ-ın müttəfiqlərindən birinin adı açıqlanmayan rəsmilərinə istinadən xəbər vermişdi ki, Moskva və Tehran Rusiyada Ukraynadakı müharibə üçün İran istehsalı olan ən azı 6 min pilotsuz uçan aparat istehsal edə biləcək yeni zavod tikmək planları hazırlayır.