Tarladan süfrəyə, kənddən şəhərə əzablı yollarla...

İqtisadiyyat

26.07.2020 - 10:40

Kəndli öz təsərrüfatı ilə, əkin-biçini ilə məşğul olsun, yoxsa nazirlik qapılarında gəzsin?

 

Kənd təsərrüfatı məhsullarının qiymətinin baha olması paytaxt sakinlərinin narazılığına səbəb olub. Şəhər əhalisi təbii kənd məhsulları ilə qidalanmaq arzusundadır. Əhali həm sağlamlığı, həm də damaq dadı üçün kənd məhsulları istəyir, amma bu məhsulların qiyməti əl yandırır.

 

Bəs qiymətlər niyə bahadır? Kəndlidən alınan məhsulun qiyməti paytaxta varınca niyə kəskin artır?

 

AYNA əməkdaşı mövzunu araşdırmaq üçün birbaşa təsərrüfatçıların yanına yollanıb. Lerik rayonunda təsərrüfatla məşğul olan kəndlilər məhsulun qiymətinin bahalaşmasını təsərrüfat materiallarının, gübrələrin və digər ləvazimatların ümumi bahalaşması ilə əlaqələndirib.

 

Lobya, qarğıdalı, xiyar əkini ilə məşğul olan təsərrüfatçı Ziyafət Həşimov bildirir ki, burada bir sır amillər rol oynayır: “Məsələn, bir hektar ərazinin şumlanması, daraqlanması, əkini, sarmaşıq bitkilərin sarmaşması üçün lazım olan mexanizmin qurulması, suvarılması, gübrələnməsi və digər proseslərin həyata keçirilməsi kəndli üçün əvvəlkindən iki dəfə baha başa gəlir. Şlanq, məftil, ip, istifadə edilən alətlər, gübrə qiymətlərində artım var. Ümumi bahalaşma işçi qüvvəsinin əmək haqqının bahalaşmasına da səbəb olur. Bu da birbaşa istehsal edilən məhsulun qiymətinə təsir edir”.

 

“Ötən illərdə lobyanın bir kiloqramını 0.80 – 1 AZN arası təklif edə bilirdiksə, indi 1.50 AZN-dən aşağı təklif edə bilmirik. Biz məhsulu topdan veririk, məhsul şəhərə daşınılır, orada pərakəndə satış nöqtələrinə satılır, həmin satıcılar da müştəriyə satır. Məhsul üç əldən və müxtəlif daşınma proseslərindən keçir. Bunların hər birində üzərinə qiymət gəldiyi üçün müştəriyə 2.30 – 2.50 AZN arasında təklif edilə bilir”, - kəndli deyir.

 

Təsərrüfatçı eyni zamanda Kənd Təsərrüfatı Nazirliyindən heç bir dəstək ala bilmədiyini vurğulayır: “Kəndli nazirliklə necə əlaqə saxlaya bilər? Buradan Bakıya gedib qəbula yazılmaq, müxtəlif qurumları qapı-qapı gəzmək, sənəd toplamaq və digər çətin proseslərdən keçmək lazımdır. Kəndli öz təsərrüfatı ilə, əkin-biçini ilə məşğul olsun, yoxsa nazirlik qapılarında gəzsin? Elektron formada hər hansı müraciətin edilməsi mümkündürsə də, bu camaatın, sadə kəndlinin kompüterdən başı çıxmır. Üstəlik, elektron müraciətlərə heç bir cavab verilmir. Kiminsə evində cavanı, oxumuşu varsa, onlar müraciət də ediblər. Amma heç bir cavab gəlməyib. Ümumiyyətlə, kəndli gedib nazirliyi axtarmalı, qapıda dayanmalı deyil. Nazirliyin nümayəndələri gəlib kəndlinin tapmalı, lazım olan sənədləşməni aparmalı, dəstəyini göstərməlidir. Ölkədə bütün dövlət qurumları öz kreslosunda oturub camaatı qapısına çağırır. Camaat da işini-gücünü atıb gedə bilmədiyi üçün onlar da yerlərində oturub havayı maaş alırlar. Kəndli də min bir əziyyətlə öz məhsulunu ərsəyə gətirdikdən sonra qiyməti baha olur, onda da əhali etiraz edir ki, məhsul bahadır”.

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli AYNA-ya şərhində deyir ki, bahalaşmaya səbəb monopoliyadır: “İstehsalçıdan istehlakçıya qədər məhsulun daşınmasının və digər xərclərin məhsulun qiymətini bahalaşdırması əksər ölkələrdə özünü göstərir, təkcə Azərbaycanda deyil. Digər ölkələrdə də istehsalçıdan tədarükçünün aldığı qiymət və istehlakçıya təklif etdiyi qiymət çox ciddi fərq yarada bilər. Ancaq bu, təbii halda olur. Məhsul qıt olanda tədarükçü çalışır ki, onu baha qiymətə təklif etsin. O halda ki, bazarda buna imkan yaranır”.

 

“Azərbaycanda vəziyyət bir az fərqlidir. Ölkədə demək olar ki, topdan satış mərkəzi bir olduğu üçün - kənd təsərrüfatı məhsullarının satışı yalnız “Meyvəli” topdan satış mərkəzinin monopoliyasında olduğu üçün qiymət diqtə edilir. Yəni burada qiymət tələbata uyğun yox, həm istehsalda azalma olduğu üçün, həm də təklifin az olduğu üçün monopolistə imkan yaranır ki, satdığl məhsulu daha baha qiymətə satsın. Bu gün Bakı bazarında müştərilərə təklif olunan məhsulun 80 faizi “Meyvəli” şirkətinin vasitəsi ilə həyata keçirilir, bu da o deməkdir ki, onlar bu sahədə yeganə inhisarçıdırlar”, - mütəxəssis bildirir.

 

“Biz vaxtı ilə hökumətə təklif etdik ki, bu tədarükçülər - hansı ki, özləri birbaşa gedir istehsalçıdan alır məhsulu - onlar üçün Bakı şəhərinin bir neçə rayonunda, yaxud da elə Bakı ətrafında yerləşən şəhər və rayonlarda böyük topdansatış bazarları yaradılsın və orada bir oyunçu yox, bir neçə iştirakçı olsun. Bu, çətin məsələ deyil. Rayonlarda məhsul istehsalı ilə məşğul olan sahibkarlar üçün də bunu yaratmaq olardı. Məsələn, Gəncə-Qazax bölgəsi üçün Bakının bir rayonunda, digər bölgə üçün digər rayonunda, bu formada yaratmaq olardı ki, burada rəqabət olsun”, - Məhərrəmli qeyd edir.

 

Onun sözlərinə görə, rəqabət olmayanda vəziyyət indiki kimi xoşagəlməz olur: “Monopolist aldığı qiymətdən on dəfə baha qiymətə də təklif edə bilir. Nəticə olaraq, bazarda monopolist var, rəqabət mühiti yoxdur, məhsul qıtlığı var və bu da oyunbazlara imkan verir ki, onlar məhsulun qiymətini baha qiymətə təklif edə bilsinlər. Həm də normal şərait yoxdur. Bakıda bazarları get-gedə kiçildiblər, əvəzində böyük bir bazar açmayıblar, buna imkan verməyiblər. Belə olanda istehsalçı bundan qazanmır, monopolist şirkətlər qazanır”.

Müəllif: Bünyamin