İdxalımız necə bahalşır?

İqtisadiyyat

13.12.2019 - 15:07

Gömrük büdcəsi daha çox idxal etdiyimizdən dolayı deyil, idxalımız daha sürətlə bahalandığı üçün artır

 

Dövlət Statistika Komitəsinin (Statkom) məlumatına görə, 2019-cu ilin 9 ayı ərzində ölkənin idxalı faktiki qiymətlərlə 31.3%, müqayisəli qiymətlərlə 3.4% artıb.

 

Bunun sadə izahı belədir: idxalın dəyəri onun real həcmindən daha çox artır, yəni idxal bahalaşır. Məsələn, biz ötən il dəyəri 1000 dollar olan 10 ton meyvə idxal etmişdik. Bu il eyni idxal səbətinin natural həcmi 10.3 ton olub, amma dəyəri təxminən 1300 dollara yüksəlib. Ötən il bir tonun orta qiyməti 100 dollar, bu il təxminən 130 dollar olub.

 

Səbəbindən asılı olmayaraq (idxalda "ağarma", yoxsa idxal elədiyimiz ölkələrdə bahalaşma) idxalımız bahalaşıb. Maraqlı məqam odur ki, idxalda belə kəskin dəyər artımı özünü istehlak bazarında göstərməyib.

 

Əgər inflyasiya göstəricisi etibarlıdırsa, burda yeganə ehtimal odur ki, idxalda əsas bahalanma (dəyər artımı) istehlak mallarının deyil, istehsal təyinatlı xammal, material və yarımfabrikatların qiymət artımı hesabına baş verir.

 

Əslində il başlayandan aparıcı istehsalçı qiymət indekslərinin artım sürətinin istehlak qiymətləri indeksini əhəmiyyətli dərəcədə üstələməsi bu ehtimalı xeyli gücləndirir. Amma bütün hallarda bu fakt iqtisadiyyata ciddi inflyasiya təzyiqinin qaldığını göstərir.

 

Unutmayın ki, gömrük büdcəsi də daha çox idxal etdiyimizdən dolayı deyil, idxalımız daha sürətlə bahalandığı üçün artır.

Müəllif: Rövşən Ağayev, iqtisadçı-ekspert