Tanınmış alim faciəli şəkildə öldü

Hadisə

19.05.2022 - 14:34

AMEA qəza nəticəsində vəfat edən Tofiq Məmmədov barədə məlumat yayıb

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib. Botanika sahəsində tanınmış alim, “Şöhrət” ordenli, AMEA-nın Dendrologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Tofiq Sadıq oğlu Məmmədov mayın 19-da ömrünün 66-cı ilində faciəli şəkildə vəfat edib. Bu barədə AYNA-ya AMEA-dan məlumat verilib.

Bildirilib ki, Məmmədov Tofiq Sadıq oğlu 10 fevral 1957-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olub. 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun İnşaatçı-mühəndis fakültəsini bitirib, 1995-1999-cu illərdə AMEA-nın Botanika İnstitutunun dissertantı olub.

T.Məmmədov 2000-ci ildə “Botanika” ixtisası üzrə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyalarını müdafiə edib, 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib, 2014-cü ildə professor elmi adını alıb.

Azərbaycan SSR EA Botanika İnstitutunun Mərdəkan Dendrarisində baş mühəndis, direktor müavini (1986), direktor vəzifələrində (1996) çalışıb. 2014-cü ildə alimin təşəbbüsü ilə Mərdəkan Dendrarisinin bazasında AMEA-nın Dendrologiya İnstitutu təşkil olunub və T.Məmmədov direktor vəzifəsinə seçilib. 2021-ci ildən həmin institutun baş direktoru olub. O, müxtəlif illərdə Bakı Dövlət Universitetinin Botanika və Odlar Yurdu Universitetinin Tibbi biologiya kafedralarının professoru kimi fəaliyyət göstərib.

T.Məmmədov Azərbaycanın bir çox bölgələrinin, o cümlədən Bakı şəhəri və onun ətraf qəsəbələrinin yaşıllaşdırılması və landşaft arxitekturasının qorunub saxlanılması üçün çox qiymətli tövsiyələr verib. T.Məmmədov 2014-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna (Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə) kadrların seçilməsi şöbəsinin eksperti olub.

Tanınmış alim yerli və xarici mətbuatda dərc edilən 250-yə yaxın əsərin, 11 patent, 30 kitab, Səhiyyə Nazirliyinin 2 gigiyenik sertifikatının müəllifidir. “Ekologiya” (2004), “Gülçülük ensiklopediyası” (2006), “Qazon və bəzək memarlığı” (2006), “Ekoloji oyunlar” (2007), “Bitkilərin anatomiyası və morfologiyası üzrə izahlı terminlər” (2013), “Bitki ekologiyası” (2013) kitabları ali məktəblərdə dərs vəsaiti kimi istifadə edilir. “Azərbaycan dendroflorası” (2011-2019) 5 cildliyində Böyük və Kiçik Qafqaz ərazilərində genefondun qorunması, biomüxtəlifliyin artırılması, ətrаf mühitin mühafizəsi, təbii еhtiyаtlаrdаn səmərəli istifаdə еdilməsi və оnlаrın bərpаsı üzrə mühüm nəticələr öz əksini tapıb. Bu əsər Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının 2022-ci il üçün elan etdiyi müsabiqəyə təqdim edilib.

T.Məmmədov 50-dən çox beynəlxalq qurultay və konfransda iştirak edib. Onun təşəbbüsü və səyləri ilə AMEA-nın Dendrologiya İnstitutunda Beynəlxalq Botanika Bağları konfransları (2006, 2010, 2013, 2015, 2017) keçirilib, institut 2005-ci ildə Dünya Botanika Bağlarının, 2009-cu ildə Amerika Botanika Cəmiyyətinin üzvü seçilib. İşğaldan azad olunmuş torpaqlarımıza bioloq alimlərin “Böyük Qayıdış”ının nümayəndəsi Tofiq Məmmədov olub, 2020-ci ilin dekabrında Zəngilana ilk ekspedisiyada iştirak edib. 2021-ci və 2022-ci illərdə onun rəhbərliyi altında Dendrologiya İnstitutunda böyük tarixi Zəfərə və “Şuşa İli”nə həsr olunmuş ümumrespublika sərgiləri uğurla keçirilib. Alim Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının III nəşrinin hazırlanmasında yaxından iştirak edib.

T.Məmmədov Bolqarıstanın “Paleobotanika” və “Hortus Botanicus” jurnallarının redaksiya şurasının, MDB ölkələri üzrə Botanika Bağlarının, Türkiyə İman Universiteti dərgisinin ekspert şurasının, 2014-2015-ci illərdə AMEA Botanika İnstitutunda Dissertasiya müdafiəsi şurasının üzvü olub, 2013-2016-cı illərdə AMEA Biologiya və Tibb Elmləri Bölməsi akademik-katibinin müavini vəzifəsində çalışıb, 2016-2019-cu illərdə büro üzvü, 2019-cu ildən ömrünün sonunadək Bölmənin Elmi şurasının üzvü olub.

2005-ci ilin ekologiya sahəsində “İlin adamı” adı, 2 dəfə AMEA-nın Fəxri fərmanı, 2015-ci ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilib.

Tofiq Məmmədov məhsuldar elmi fəaliyyəti ilə yanaşı, öz xeyirxahlığı ilə də tanınırdı. O, şəhid və məcburi köçkün ailələrinə, I və II Qarabağ müharibələri zamanı əsgərlərimizə və qazilərimizə, aztəminatlı alimlərə və tələbələrə hər zaman öz yardım əlini uzadıb.

Tanınmış alim, bacarıqlı elm təşkilatçısı və gözəl insan Tofiq Məmmədovun əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaq.

Qeyd edək ki, bu gün səhər saatlarında alimi avtomobil vuraraq öldürüb. 

Müəllif: Ayna.az