Yaraqlılara diplomatik missiyaların işinə və diplomatik nömrəli avtomobillərin hərəkətinə müdaxilə etməmək əmri verilib
“Taliban” hərəkatının döyüşçülərinə Kabildəki xarici səfirliklərin boş binalarını zəbt etməmək əmri verilib. AYNA xəbər verir ki, bu barədə “Reuters” hərəkatın nümayəndəsinə istinadən məlumat yayıb.
“Taliban”a Əfqanıstanın paytaxtında nizam -intizama ciddi riayət etmək və diplomatik missiyaların işinə və diplomatik nömrəli avtomobillərin hərəkətinə müdaxilə etməmək əmri verilib. “Taliban” liderləri də yerli sakinləri işlərini davam etdirməyə və gündəlik həyat tərzlərini dəyişdirməməyə çağırıblar”, - deyə nümayəndə qeyd edib.
Qeyd edək ki, “Taliban” Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra bir neçə ölkə Kabildəki səfirliklərini müvəqqəti olaraq bağlamaq və diplomatik heyətini təxliyə etmək qərarı verib. Hindistan və Yaponiya artıq nümayəndəliyini bağlayıb. ABŞ-ın isə diplomatik korpusun boşaltdığı barədə məlumat yayılıb. Lakin ABŞ-ın Əfqanıstandakı müvəqqəti işlər vəkili bu məlumatı təkzib edib. O, diplomatların bəzilərinin səfirlikdə qaldıqlarını və mövcud vəziyyətdə amerikalılara və əfqanlara kömək etməyə davam etdiklərini söyləyib.
Rusiyanın Kabildəki diplomatik nümayəndəliyi isə fəaliyyətini davam etdirir. Rusiyanın Əfqanıstandakı səfiri Dmitri Jirnov bildirib ki, “Taliban” səfirlik binasının ətrafını ələ keçirib. O, diplomatları qoruyan silahlıları "adekvat kişilər" adlandırıb. Səfirin sözlərinə görə, paytaxtda vəziyyət sakitdir.