Sülhə gedən yolda “xalq diplomatiyası” – Bu, barış üçün həlledici deyil, amma...

Aktual

04.11.2022 - 18:05

Politoloq: “Sülh prosesi və onun ciddi təməllərinin olması zəruridirsə, təbii ki, “xalq diplomatiyası” da burada rol oynamalıdır”

Hüquq müdafiəçisi: “Düzdür, proses bir qədər zaman alacaq, amma dünyada bu cür nümunələr var”

Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın Soçidəki üçtərəfli görüşünün yekunları üzrə birgə bəyanatda erməni və azərbaycanlı ictimaiyyət nümayəndələrinin sülhə töhfəsi bəndi var. Həmin bənddə bildirilir: liderlər Rusiyanın yardımı ilə ictimaiyyət nümayəndələri, ekspertlər və dini liderlər arasında dialoqun davam etdirilməsi üçün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında müsbət atmosferin yaradılmasının, habelə iki ölkə xalqları arasında etimadı gücləndirmək üçün üçtərəfli parlamentlərarası təmasların başlanmasının vacibliyini qeyd ediblər.

“Xalq diplomatiyası” da adlandırılan təmasların sülhə töhfə verməsi dünyadakı münaqişələrdə müşahidə edilib. İctimaiyyət nümayəndələrinin təmaslarının sülh müqaviləsində həlledici rolu olmasa da, müəyyən qədər xalqların yaxınlaşmasında rolu danılmazdır.

İkinci Qarabağ müharibəsindən sonra yaranan reallıqda Azərbaycanın Ermənistana sülh təklifində “xalq diplomatiyası”na da eyhamlar vurulub. Eyni zamanda, rəsmi Bakı səviyyəsində təmaslara bütün dövrlərdə etiraz edilməyib. Amma qarşı tərəf də bu cür düşünürmü? Ümumiyyətlə, Soçi görüşünün bəyanatında yer alan bu bəndin icrası və perspektivi nə qədərdir?

AYNA-nın mövzu ilə bağlı sualını cavablandıran “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib ki, “xalq diplomatiyası” dünyada qəbul olunmuş praktikadır.

Onun sözlərinə görə, sülh məsələlərində mütləq “xalq diplomatiyası” işləməlidir: “Ermənilərlə azərbaycanlılar arasındakı düşmənçilik faktı 34 ildir davam edir. Əlbəttə, sülhün əldə olunması üçün insanların təması, bir-birini tanıması lazımdır. Zarafat deyil, hər iki tərəfdən artıq iki nəsil yetişib ki, onlar bir-birini görməyiblər. Sülh prosesi və onun ciddi təməllərinin olması zəruridirsə, təbii ki, “xalq diplomatiyası” da burada rol oynamalıdır”.

“Bunun effektivliyinə gəlincə, təmasların necə qurulacağından çox şey asılıdır. Azərbaycan tərəfindən ölkədə heç bir mövqeyi olmayan, sözünün çəkisi olmayan, ziyalı adı altında yazıçı, bəstəkar ortaya atılacaqsa, bəri başdan deyə bilərəm, nəticə sıfır olacaq. Lakin Azərbaycanda sözün həqiqi mənasında cəmiyyətdə sözünün çəkisi olan, insanlar arasında etibar qazanmış insanlar “xalq diplomatiyası”na cəlb olunacaqsa, prosesə müəyyən müsbət təsirləri ola bilər”, - analitik qeyd edib.

Ə.Oruclu bildirib ki, bunun həlledici faktor olduğunu demək, həmişə effektiv olduğunu söyləmək doğru olmaz: “Amma istənilən halda, “xalq diplomatiyası”nın sülh prosesində rolu az deyil. Bunu inkar etmək doğru deyil. İctimaiyyət nümayəndələrinin prosesə cəlb edilməsi sülhə yardımçı amillərdən biridir”.

Hüquq müdafiəçisi Murad Sadəddinov isə AYNA-ya bildirib ki, Ermənistan hakimiyyəti, separatçı rejim uzun illərdir ki, Azərbaycan və Türkiyəyə nifrət aşılayıblar: “Onların aşıladığı millətlərarası nifrət də indi sülhün yaranmasına maneə yaradır. Biz Qarabağdakı ermənilərə yolunu azmış vətəndaşlarımız kimi baxırıq. Bu gün Azərbaycanın Ermənistana sülh təklifində onlara Azərbaycan vətəndaşı olmaq imkanı tanıyır. Amma onlardakı nifrət, kənardan diasporanın təsirləri onların düz yola gəlməsinə imkan vermir”.

“Ermənistandan fərqli olaraq, Azərbaycan “xalq diplomatiyası”na hazırdır. Düzdür, proses bir qədər zaman alacaq, amma dünyada bu cür nümunələr var. Fransa ilə İngiltərə arasında müharibə yüz il davam edib, amma onlar indi mehriban şəkildə yaşayırlar. Eyni zamanda, İkinci Dünya müharibəsindən sonra ruslarla almanlar birgəyaşayışa başlaya bildilər. Təsəvvür edin, İkinci Dünya müharibəsindən sonra alman xalqı özü faşist rejimini özləri ədalət kürsüsünə qaldırdı. Almaniyanın sonrakı rəhbərliyi də Varşavada ölənlərin xatirəsini diz üstə andı, üzr istədi”, - Sadəddinov əlavə edib.

Hüquq müdafiəçisi qeyd edib ki, erməni xalqı qonşularına qarşı nifrətin, aqressiyanın onların özlərinə ziyandan başqa nəsə vermədiyini tez başa düşsələr, yaxşı olar: “Ermənistan hakimiyyəti nə vaxt ərazi iddialarına son qoyacaq, səhv etdiklərini, bu siyasətin erməni xalqı üçün ziyanlı olduğunu etiraf edəcəklər, o zaman xalqlar arasında normal münasibətlər yavaş-yavaş qurulacaq. Azərbaycan xalqı milli mənsubiyyətindən asılı olmayaraq, istənilən xalqla normal münasibətlər qurmağı bacaran xalqıdr. Bunun çoxlu nümunələri var. Problemi yaradan erməni tərəfidir. İndi onlar özlərində güc tapmalıdırlar ki, xalqlar arasında, dövlətlər arasında sülh yaransın”.

Müəllif: Anar Bayramoğlu