“Suçiçəyi peyvəndi meymunçiçəyindən qorumur, amma...” – İNFEKSİONİST

Aktual

31.05.2022 - 22:30

Nicat Əzimli: “Təbii çiçək çox ölümcül, ağır xəstəlikdir. Meymunçiçəyi də genetik olaraq ona yaxın olduğu üçün xəstəliyin gedişatında yaxınlıqlar var. Lakin təbii çiçəkdən fərqli olaraq meymunçiçəyində daha az ölüm halları baş verir”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarık Yazareviç məlumat verib ki, meymunçiçəyinin geniş şəkildə yayılması riski azdır: “Bu virus və onun necə ötürüldüyü haqda bildiklərimizə əsaslanaraq deyə bilərəm ki, bu epidemiyanın qarşısını almaq olar. ÜST virusun yayılmasının qarşısını almaq məqsədilə ölkələrə kömək etmək üçün təlimat verib”.

Yazareviçin sözlərinə görə, hər bir kəs meymunçiçəyinə yoluxa bilər və bunun hər hansı bir insan qrupu ilə əlaqəsi yoxdur: “Çiçək xəstəliyinə qarşı peyvəndin meymunçiçəyinə qarşı da qorunma yaratdığı sübut olunub. Dünyada 40 və ya 50 yaşdan aşağı olan əhalinin çox hissəsi çiçək xəstəliyinə qarşı peyvənd olunmayıb, yəni onlar artıq əvvəlki çiçək xəstəliyinə qarşı peyvənd proqramları ilə qorunmurlar. Çiçək və meymunçiçəyinə qarşı yeni peyvənd təsdiqlənib, lakin hələ geniş yayılmayıb”.

Hazırda qlobal səviyyədə ümumi ictimai sağlamlıq riskinə qaldıqda isə, bu məqam orta səviyyədə qiymətləndirilir.

Mövzunu AYNA-ya şərh edən həkim-infeksionist Nicat Əzimli meymunçiçəyi virusuna yoluxanların sayında artım olsa da, pandemiyaya çevrilmə riskinin COVID-19 qədər olmadığını deyib: “Çünki bu iki xəstəlik arasında yoluxma mexanizmləri fərqlidir. COVID-19 hava-damcı yolu ilə ötürülürdüsə, meymunçiçəyinin hava-damcı yolu ilə ötürülməsi zəifdir. Amma COVID-19-dan fərqli olaraq dəridən təmas yolu ilə rahatlıqla ötürülə bilir. Burada da riski azaldan faktor xəstəliyin səpkilər mərhələsində yoluxdurucu olmasıdır. Bu da imkan verir ki, həkim müayinəsi və laborator müayinələr aparılmamış xəstə özü səpkiləri müşahidə etsin və özünü ətrafdakı insanlardan izolyasiya etsin. Buna görə də meymunçiçəyi virusunun yayılmasının qarşısı COVID-19-dan fərqli olaraq daha rahat alınan hesab olunur”.

Xəstəliyin klinik əlamətlərinə qaldıqda həmsöhbətimiz bildirib ki, meymunçiçəyi təbii çiçək xəstəliyinə çox oxşayır: “Burada söhbət suçiçəyi xəstəliyindən yox, məhz təbii çiçəkdən gedir. Meymunçiçəyinin suçiçəyi xəstəliyi ilə ortaq xüsusiyyətləri olsa belə, biz oxşarlıqdan danışan zaman təbii çiçəkdən danışırıq. Çünki təbii çiçək xəstəliyini törədən virus meymunçiçəyi virusuna daha yaxındır”.

“Təbii çiçək çox ölümcül, ağır xəstəlikdir. Ağır gedişatı var. Meymunçiçəyi də genetik olaraq ona yaxın olduğu üçün xəstəliyin gedişatında yaxınlıqlar var. Lakin təbii çiçəkdən fərqli olaraq meymunçiçəyində daha az ölüm halları baş verir. Təbii çiçəkdə 30 faiz halda ölüm baş verirdisə (10 nəfərdən üçü dünyasını dəyişir), meymunçiçəyində yalnız və yalnız hazırda Avropada yayılmaqda olan genotipdə bir-üç faza arasında ölüm halı baş verir”, - deyə həkim söyləyib.

Onun sözlərinə görə, suçiçəyi virusuna qarşı yaranmış immunitet təbii çiçək və meymunçiçəyi virusundan qorumur: “Suçiçəyi təbii çiçək və meymunçiçəyindən genetik olaraq virus (varicella zoster) tərəfindən törədilir və herpes viruslara aiddir. Genetik olaraq suçiçəyi təbii çiçək və meymunçiçəyi xəstəliyinin törədicisi olan viruslardan fərqli olduğu üçün ona qarşı yaranmış immunitet digər iki xəstəlikdən - təbii çiçək və meymunçiçəyindən qorumur. Suçiçəyi keçirmiş və ya ona qarşı peyvənd olunmuş şəxs təbii çiçək və meymunçiçəyindən qorunmur. Amma təbii çiçək və meymunçiçəyinə qarşı yaranmış immunitet hər ikisindən qoruyur”.

“Hazırkı məlumatlara əsasən, təbii çiçək vaksini vurdurmuş şəxsin meymunçiçəyi virusundan qorunma ehtimalı olsa da, bu barədə dəqiq fikir söyləmək hazırda çətindir. Çünki laborator olaraq bunun hələ təsdiqi yoxdur. Bunun araşdırılması lazımdır. İndi biz  bunu sadəcə nəzəri olaraq deyirik. Çünki genetik olaraq bir-birinə çox yaxın viruslardır. Buna görə  təbii çiçək vaksini almış şəxslərin (42 yaşdan yuxarı şəxslərdən söhbət gedir) meymunçiçəyindən də qorunma ehtimalı var”, - deyə Əzimli vurğulayıb.

Müəllif: Banu Çiçək