Sovetlərə nifrətin möhürü - <font color=red> “Bakı rüzgarı”</font>

Tarix

09.08.2021 - 22:29

O dəhşətləri bir daha yaşamamaq üçün bütün varlığımızla müstəqilliyimizi qorumalı, dosta dost, düşmənə düşmən olmalıyıq

 

Azadlığa gedən yol çətinliklərdən, qanlardan-qadalardan keçir. Azərbaycan istiqlalı uğrunda mübarizə aparan söz, fikir adamlarımız da uzun illər bu məşəqqətlərə məruz qalsalar da, amallarından dönməmişlər. 20-ci yüzilliyin 20-ci illərində ölkəmizdə baş verən siyasi hadisələr, xüsusən də Sovet Rusiyasının Azərbaycanı işğal etməsi nəticəsində ədəbiyyatımız, mətbuatımız istiqamətini zor gücünə dəyişməli oldu və milli ruhlu aydınlarımız ölkəni tərk etməyə məcbur qalaraq milli bədii düşüncənin böyük bir hissəsi mühacirətdə yarandı.

 

Mühacir ədəbiyyatımızın və mətbuatımızın görkəmli tədqiqatçısı, filologiya elmləri doktoru Bədirxan Əhmədov çox haqlı olaraq yazır ki, “Mühacirət ədəbiyyatının ölkədən kənarda yaranmasına rəğmən, Azərbaycan ədəbi prosesində baş verən hadisələrlə əlaqəli olması və Vətəndə yaranan ədəbi nümunələrdən təsirlənməsi və müəyyən məqamlarda təsir etməsi milli ədəbi-bədii düşüncəni bütövləşdirdiyi kimi, onun qaynaqlarını da aydın edir”.

 

Sovet rejiminin qapalı olması nəticəsində həmin ədəbi nümunələrin ölkəmizə gətirilməsi qeyri-mümkün idi. Lakin yenidən müstəqilliyimiz bərpa edildikdən sonra bu ədəbi nümunələr ölkəmizə gətirilərək “Azərbaycan ədəbiyyatının ayrılmaz tərkib hissəsinə çevrildi”.    

Beləliklə, mühacirət nəsrimizdə də milli istiqlal mücadiləsini bədii lövhələrdə əks etdirən əsərlər meydana gəldi. İstiqlalımıza silahlı təcavüz edən amansız Sovet rejiminin ifşası, tənqidi mühacirət nəsrimizdə aparıcı mövzuya çevrildi. Bu mövzuda yazılan əsərlərdə “müəlliflər sovet totalitarizminin mənfurluğunu ifşa etməklə yanaşı, özlərinin demokratik, hüquqi, dünyavi dövlət ideyalarını, insan haqlarına, vətəndaş azadlıqlarına hörmətə söykənən açıq cəmiyyətə dair baxışlarını da bədii sözün gücülə ifadə etmişlər”.

 

Qısası, zəngin və əhatəli olan bu ədəbi-bədii nümunələrin bir qayəsi olub - Azərbaycan milli idealı və istiqlalının təbliği, rus işğalçılıq siyasətinin kəskin şəkildə tənqidi və ondan qurtuluş yollarının təbliği.

 

Belə əsərlərdən biri də İsmayıl Saryalın “Bakı rüzgarı” əsəridir. Əsər haqqında bəhs etməzdən əvvəl müəllif haqqında qısa da olsa məlumat vermək yerinə düşərdi. Tədqiqatçı alim Ədalət Tahirzadənin dili ilə desək, “Mirismayıl Seyidzadə Almaniyada təhsilini bitirib Sovet Azərbaycanına dönən, ancaq sonra kommunistlərin ana yurdundan cəlayi-vətən saldığı tələbələrdəndir”.

 

Mirismayıl Seyidzadə 1896-cı ildə Gəncədə anadan olub. O, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci ildə Avropaya təhsil almağa göndərdiyi yüz tələbədən biri idi. 1924-cü ildə Berlin Texniki Universitetinin ali elektrik mühəndisi fakültəsində təhsilini başa vuraraq ailə qurduğu alman qızı Helena Hoffmann ilə birlikdə Gəncəyə qayıdır. Mirismayıl bir neçə il Gəncədə yaşadıqdan sonra işi ilə əlaqədər ailəsi ilə birlikdə Bakıya köçür. Bakıda əvvəl Bakı-Sabunçu-Suraxanı elektrik dəmir yolunda mühəndis, sonra isə N.Nərimanov adına Politexnik Texnikumunda dossent və M.Əzizbəyov adına Politexnik İnstitutunda assistent işləyib.

 

1929-cu ilin sentyabrında cütlüyün Bakıda Nuri adlı bir oğlanları dünyaya gəlir. Bu zaman xaricdə oxuyub Vətənə qayıdan tələbələr hökumət tərəfindən gizli nəzarətə götürülür. Bütün ölkəni bürümüş xəyanət torunun qurbanı olmamaq üçün Mirismayıl bir neçə yolı və ailəsi ilə birlikdə, 1929-cu ilin sentyabrında İrana, 1930-cu ilin yanvarında isə Türkiyəyə keçməyə nail olurlar. O, Türkiyə vətəndaşlığını aldıqdan sonra Saryal soyadını götürür və Ankarada məskunlaşır.

 

Bu adı Gəncənin yaxınlığındakı Sarıyal dağının şərəfinə götürmüşdü. Elektrik və qaz fabrikində işə girən İsmayıl sonra həmin müəssisənin baş mühəndisi vəzifəsinəcən yüksəlir. 1982-ci ildə Vətən həsrətilə mühacirətdə vəfat edir. “O, Azərbaycanın istiqlala qovuşmasını həddən çox arzulayırdı. O, daim ata yurdu Gəncəni görmək həsrəti ilə yaşadı. Ancaq bunların heç biri ona nəsib olmadı”.

 

“Bakı rüzgarı” əsəri İsmayıl Saryalın ömür parçasını əks etdirir. Müəllif əsərində uşaqlıq, gənclik illəri ilə birlikdə mühacirət etməyə məcbur olan zaman özünün, yoldaşlarının və ailəsinin başına gələn dəhşətli cətinliklərdən bəhs edir. İsmayıl Saryal əsərində bəhs etdiyi hadisəni üçüncü şəxsin, adını Oğuz qoyduğu qəhramanının dili ilə nəql edir. Əslində bəhs elədiyi Oğuz özüdür.

 

“Bakı rüzgarı” əsəri yalnız bir Azərbaycan gəncinin taliyini yox, “...vətənini tərk eləyib Türkiyəyə sığınan minlərlə Azəri ailəsinin” taleyini əks etdirir. Ona görə “Azərbaycanın yaxın tarixini öyrənmək, bənzərsiz bir insanı, heysiyyətli, qürurlu millətçini, qəlbi şəfqətlə dolu olan ailə başçısını tanımaq istəyənlər “Bakı rüzgarı” kitabını mütləq oxumalıdırlar.

 

Müəllif qəhramanı Oğuzu oxucularına belə təqdim edirdi: “Ortaboylu bir Azəri gənciydi. Heç bir xüsusi cəhəti yox idi. Hamı kimi hərəkət eləyir, hamı kimi yaşayırdı, nə coşqun, nə də həddən artıq sakit idi. Doğulduğu gün anası ona Oğuz adı qoymuşdu. Böyüyəndə də bu adı çox bəyənmiş, anasının əlindən öpmüşdü”.

 

Oğuz ibtidai təhsilini Gəncədə, gimnaziya təhsilini isə Lənkəranda qohumlarının yanında almışdı. O, ibtidai təhsilini alarkən Gəncədəki ab-havanı belə təsvir edirdi: “Bir vaxtlar Gəncə böyük əhəmiyyətə malik idi... Şəhər türklüyün mərkəzinə çevrilmiş, ziyalıların və qabaqcıl fikirli adamların əksəriyyəti burada toplaşmışdı. Aralarında rus idarə üsulunu bəyənməyənlər, millətini azadlığa çıxarmaq istəyənlər vardı. Onlar ruslaşma siyasətinə son qoyulmasını, təhsilin türk dilində aparılmasını, türk tarixinin tədris edilməsini və milli heysiyyətə toxunulmamasını tələb edirdilər”.

 

Müəllif sonra təəssüflə qeyd edirdi ki, belə millətsevər, vətənpərvər insanlar rus məmurları tərəfindən izlənilir və onların apardığı mübarizənin qarşısını almaq üçün ruslar dərhal hərəkətə keçirdilər. Rus üsul-idarəsinə qarşı yönəldilmiş bu mübarizəni başqa səmtə yönəltmək üçün ruslar yenə də köhnə üsula əl atdılar. Şəhərdə yaşayan erməni-müsəlman əhalinin arasını vurmaq üçün təxribatlar törətdilər və çirkin niyyətlərini böyük ustalıqla həyata keçirdilər.

 

Ruslar münaqişəyə ilk olaraq müsəlman bazarlarından birində başladılar. “Güllənin kim tərəfindən atıldığı axıradək məlum olmadı. Türk-erməni toquşması baş tutmuşdu. İlk gün hər iki tərəfdən çoxlu adam öldürüldü. Hökumət isə bitərəf qalacağını elan etdi”.

 

Dörd gün davam edən qırğından sonra “rus idarəçiləri fikirlərini dəyişdilər, toplarını körpünün yanına gətirib bir neçə dəfə atəş açdılar, toqquşmanın başa çatdığını elan elədilər. Toqquşma yalnız rus idarəçilərini uzunmüddətli rahatlığa qovuşdurmuşdu”. Artıq hökumət istədiyini əldə etmişdi, iki xalq arasında ədavət toxumu səpərək, xalqımızı əsas hədəfdən yayındırmağa nail olmuşdu.

Xoşbəxtlikdən, bu hadisə ziyalılarımızı məsləklərindən döndərə bilmədi. Onlar milli azadlığımıza nail olmaq üçün xalqı maarifləndirməyə başladılar. “Oğuzun qohumlarından Həmid Yusifbəyli hökumətdən icazə alıb bəzi yoldaşlarıyla birgə mətbəə açdılar. Xalqın maariflənməsinə fayda verəcək kitablar və jurnallar türk dilində çap edib ya maya dəyərinə, ya da pulsuz olaraq camaata paylamağa başladılar”. Bu iş hökuməti narahat etdi. “Hökumət qüvvələri oraya hucum elədi, görülən işlər rus siyasətinə uyğun sayılmadığına görə, Həmid Yusifbəyli ölkədən çıxarıldı”.

 

Xalqın mariflənməsini, inkişaf etməsini istəməyən, daim onu kölə kimi saxlamaq üçün ən rəzil işlərə belə, əl atan rus hökuməti Gəncədə yenicə açılan “Məktəbi-Ruhani” məktəbini də tez bir zamanda bağladı. 

 

İ.Saryal əsərində Birinci Dünya müharibəsinin Rusiyaya gətirdiyi fəlakətlərdən də bəhs edir. Rusiyada hərc-mərciliyin baş alıb getməsinə səbəb olan bu hadisə çar II Nikolayın taxtdan salınmasına səbəb olur. Beləliklə bölgələrdə yaşayan millətlər ələ düşən bu fürsətdən yararlanmaq üçün yenidən mübarizəyə qalxırlar. O cümlədən Azərbaycan xalqı da.

 

Belə bir vaxtda Oğuz Kiyev Politexnik İnstitutuna daxil olur. Bu zaman Peterburuqda baş verən məşhur inqilabi hərəkət Rusiyanın digər şəhərlərinə də təsir etdi. Universitetlərdə gizli siyasi təşkilatlar, dərnəklər yaradılır, o cümlədən Oğuzun təhsil aldığı Kiyev Politexnik İnstitutnda da. Oğuz və yoldaşları da bu təşkilatların fəaliyyətində yaxından iştirak etməyə başladılar. “Təşkilat Xarkov, Moskva və Peterburuqdakı Azəri təşkilatlarıyla da əlaqə yaratmış, Rusiyanın dörd böyük şəhərində yaşayan Azəri gənclərinin problemləri və dərdlərini bir mərkəzdən idarə eləyirdi”.

 

Baş verən bu hadisələr onun təhsilinə maneələr törədirdi. Kiyevdə həyat günü-gündən çətinləşirdi, xüsusən də ərzaq qıtlığı başlamışdı. Oğuz özülə gətirdiyi pulun tükənəcəyini görür və iş axtarır. O, bir müddət evdə müəllimlik edir, sonra kafedə çalışır. Lakin vəziyyət günü-gündən pisləşir, Oğuz və onun beş azərbaycanlı dostu da Kiyevdəki təhsillərini yarımçıq qoyub Vətəninə qayıtmalı olurlar.

 

Bu zaman Gəncədə vəziyyət çətin idi. Ermənilərlə azərbaycanlılar arasında yenidən münasibətlər gərginləşmişdi. Ermənilər rus kazakları ilə birlikdə azərbaycanlı məhəllələrinə hücüm edir, günahsız insanları qətlə yetirirdilər. Vəziyyət həddən artıq gərgin olduğuna görə onlar şəhərə gələ bilmirlər. Bu zaman bir yəhudi ailəsi onları gizlədir. Onlar Gəncəyə gəlmək üçün Milli Komitənin rəhbəri Nəsib bəy Yusifbəyliyə zəng edərək köməklik etməsini xahiş edirlər. O da “Yaşıl qvardiya” adlı hərbi birliyi yardıma göndərir, bundan sonra Mirismayıl və tələbə yoldaşları Gəncəyə gələ bilirlər.

 

Ə.Tahirzadənin yazdığına görə “həmin günlərdə Gəncə Milli Komitəsində bir çox tələbələr maaşsız çalışıb. Mirismayıl da onlardan biri olub və “Yaşıl qvardiya”ya keçib. Bu, artıq 1918-ci ilin mayından sonrakı dönəmdir”. 

 

1918-ci ildə müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurulması bir çox gənclər kimi Oğuzun da yenidən mükəmməl təhsil almasına şərait yaratdı. O, 1919-cu ildə Azərbaycan hökumətinin dəstəyilə Berlinə gedir və Berlin Texniki Universitetinə daxil olur. “Oğuz bir neçə ay idi ki, Berlindəydi, yeni həyatına uyğunlaşmağa çalışırdı. Buranı gündən-günə daha çox sevirdi. Oğuz əhalinin düzlüyünə, qanunlara hörmət bəsləməsinə, ahəngdar həyat tərzinə heyran olmuşdu”.

 

Zaman kecdikcə Oğuz bu həyat tərzinə alışır, görəcəyi işləri sistemli şəkildə həyata kecirir və ahəngdar yaşamağı öyrənir. Oğuz burada gələcək ömür-gün yoldaşını da secir. Helena adlı alman qızı ilə tanış olur. Helena ticarət liseyini bitirmişdi. Oğuz onunla tanışlığından bir neçə ay sonra onunla ailə qurmaq fikrində olduğunu söyləyir. Bu zaman “Helena Azərbaycana getməyin əleyhinə çıxmadı, heç bir şərt də irəli sürmədi”.               

 

Nəhayət, bir gün çütlük Oğuzun vətəninə üz tutdu. “Helena isti vaqonun bir küncünə çəkilib düşüncəyə dalmışdı. Atdığı addımın məsuliyyətini və geri dönüşün olmadığını indi yaxşı dərk etməyə başlamışdı”. Amma Helena peşman deyildi. Çünki Oğuzun pak sevgisinə inanırdı, ona etibar edirdi. Xoşbəxtlikdən, Tanrı bu inamı, etibarı doğrultdu. Helena illər sonra da atdığı addıma peşman olmadı. Onun xoşbəxt bir ailəsi oldu. Amma Oğuz da Helena kimi vətənindən didərgin düşdü. Buna onu Sovet hökumətinin amansız rejimi məcbur etdi.

 

Helenanı Gəncədə Oğuzun əzizləri, qohum-əqrabası çox yaxşı qarşıladılar. Adını dəyişib Alya qoydular və ona adət-ənənələrimizi də öyrətdilər. Amma digər azərbaycanlılar kimi bu ailə də səksəkədə yaşayırdı. Hər gecə qonum-qonşudan, qohum-əqrabədən kiminsə “Çeka” tərəfindən həbs edilməsi, gedər-gəlməzin qurbanı olması bu ailənin də dincliyini əlindən almışdı.

 

Hər gecəni qorxu içində yatağına girən Alya bir gecə qorxu və həyacan içində oyanıb, qışqırıb ərini oyatdı: “Qalx, “Çeka”nın maşınları evimizə çatdı. Səni aparmağa gəliblər”.

 

Oğuz yatağından dik atıldı, eyvana qaçıb ətrafa göz gəzdirdi, amma heç nə görmədi. Arvadının qorxulu yuxu gördüyünü başa düşdü və ona ürək-dirək verməyə başladı: “Sən mənə görə qorxma. Mən quruluşa qarşı çıxmıram, pis fikir də söyləmirəm. Qanunlara əməl edirəm. Məni tutmaq üçün bir səbəb tapa bilməzlər”.

 

“Bir çoxlarının kifayət qədər səbəb olmadan tutulub güllələndiklərini sən də bilirsən”, - deyə Alya yazıq-yazıq Oğuzun üzünə baxdı.

 

Alya tamamilə haqlı idi. Xalq Cümhuriyyətinin Rusiya bolşevikləri tərəfindən işğalı ölkədəki ictimai-siyasi vəziyyəti əsaslı surətdə dəyişdi, ölkədə dəhşətli bir vəziyyət yarandı. Çünki Sovet Rusiyası təkcə torpağımızı deyil, maddi-mənəvi dəyərlərimizi, milli sərvətlərimizi də işğal etmişdi. Hər gün ölkənin müxtəlif yerlərində bir neçə ziyalı həbs edilir, güllələnir və ya uzaq Sibrə sürgünə göndərilirdi. “Çeka” adlandırılan qurum ölkədə vahiməli bir mənzərə yaratmışdı. “Çeka”da işləyənlərin az qala hamısı təhsil almamış, kobud adamlardı. Qorxub-çəkinmədən əsil-nəcabətli ailələrə hücum eləyir, keçmişdən qalma qızıl, gümüş, qiymətli xəz və bu cür şeyləri əllərindən alırlar. Camaat bunu quruluşun əməli hesab edib susur”.

 

Baş verən hadisələr Oğuzu narahat etsə də, o, özünü Alyanın yanında sakit aparmağa çalışırdı. Bir gün məktəb yoldaşı İbrahimin onlara qəfil gəlişi bu narahatlığı daha da artırdı.

 

İbrahim gedərkən Oğuza deyir: “Səni təmkinli, ölçülü-biçili danışan bir yoldaş kimi tanıyıram. Şayiələrə görə, texnikumda sonuncu kurslara dərs deyəndə millətçilik təbliğatı aparır, qurluşun əleyhinə danışırsan. Bunun doğru olduğuna inanmıram, amma tezliklə haqqında həbs olunmağın barədə qərar veriləcək. Səni qorxutmuram. Tələsməlisən diqqətli ol, səni qısqananlar və ələ vermək istəyənlər var”.

 

Bu söhbətdən az sonra Oğuzu dərs dediyi texnikumdan çıxardırlar. “Texnikumdan qovulandan bəri Oğuz heç cür rahatlıq tapa bilmirdi. Bu gün, ya da sabah Politexnik İnstitutundan və Tramvay İdarəsindən də qovulması gercəkləşə bilər, ağzından çıxan kiçik bir səhv onun həbs olunmasına və ya Sibrə göndərilməsinə səbəb ola bilər”.

 

Oğuz texnikumdan qovulduqdan sonra müxtəlif bəhanələrlə bir neçə dəfə “Çeka”ya dəvət edilir və dindirilir. İndi Oğuz özü də, ailəsi də daha çox təhlükənin içində idilər. Bu təhlükədən qurtuluşu “qaçmaqda görmək fikri Oğuza da münasib göründü. Qaçmaq, ancaq bu yolla azadlığa, müasir həyata, açıq danışmağa, istədiyi işi görməyə qovuşa bilərdi”.

 

Oğuz ölkəni tərk etmək istəyən bir neçə cavanla görüşür və onların dəstəsinə qoşularaq ölkədən qaçış planlaşdırırlar. Müəllif əsərində bu qaçışı bütün incəlikləri ilə təsvir edib. Bu zaman onların necə böyük çətinliklərlə rastlaşması, hətta ölümlə üz-üzə qalması və s. Beləliklə “sonu məlum olmayan və təhlükəylə dolu olan səfər hazırlığı başlandı. Bu səfərdə ölmək vardı, amma geri dönmək yox idi”. Çünki geriyə, sovetlərə qaydış ölümdən belə betər cəhənnəmə qaydış demək idi.

 

Oğuz başa düşürdü ki, onun və ailəsinin Bakıdan getməsindən istər-istəməz qohumları, qonşuları, dostları xəbər tutacaq və bu xəbər “Çeka”ya çata bilərdi. Bu zaman “Çeka” qaçışa mane olardı. Ona görə də əvvəlcədən belə bir şayiə buraxdılar ki, guya “ailə Leninqrada köçəcək, orada məskən salacaq. Oğuz oranın Politexnik İnstitutunda assistent vəzifəsinə düzələcək, illərdən bəri arzuladığı professorluğa ucalmağa çalışacaqdı”. Xoşbəxtlikdən, onların bu yalanına hər kəs inandı.

 

Nəhayət, Oğuzun Bakıda keçirdiyi son gün gəldi. Nə qədər çətin olsa da, Alya  və körpə oğlu Nuri ilə görüşüb yola düzəldi. “Oğuzun yeganə təsəllisi Alyanın bacarıqlı olmasıydı. Ona inanırdı”.  

 

Uzun, təhlükəli və çətin səfərin ilk hissəsi başa catır, onlar İrana gəlirlər. Oğuz İrandan Alyaya teleqram vurub sağ-salamat çatdıqlarını onu, oğlunu gözlədiyini bildirdi. İndi bu çətin yol Alyanı və hələ sovetlərin bu çirkab əməllərindən bixəbər böyüyən oğlunu gözləyirdi. Alya nəyin bahasına olursa-olsun, bu yolu qət etməli idi. Gəmi Bakıdan ayrıldıqca Alya rahatlaşırdı.

 

Alya ilə Oğuz Rəştdə görüşdülər. Oğuzun qəlbi sevincindən köksünə sığmırdı. O, sevinclə bağırırdı: “Qaranlıq günlər geridə qaldı. Aydınlığa doğru gedirik”. Həmin an Oğuzun da, Alyanın da yalnız üzü yox, bütün varlığı gülürdü, xoşbəxt idilər, çünki azadlığa, sivil dünyaya və sonsuz sevinclərinə qovuşmuşdular. “Türk millətləri naminə hər cür vətəndaşlıq borcumuzu bu ölkədə yerinə yetirəcəyik”, - deyə məqsədlərinə çatan təşkilatın bütün üzvləri söz verdilər. 

 

Oğuz “Türkiyə konsulluğundan özünə və yoldaşlarına pasport alıb sovetlərlə bütün bağları qırmışdı. Artıq öz millətinə məxsus olan dövlətin vətəndaşı idilər. Onu və yoldaşlarını Türkiyə qanunları qoruyacaq”.

 

Onlar İran sərhədini keçib Anadolu yaylasına qədəm qoydular. Bu gözəl anları müəllif sonda belə təsvir edirdi: “Bu həyacan dolu dəqiqələrdə Bakıdan qorxu içində, gizli şəkildə yola çıxan təşkilat üzvüləri, onlara qoşulan Alya və səkkiz aylıq balaca Mete Şərqi Anadolu dağlarının çiçək, çəmən, yarpaq qoxusu verən ətəklərində azadlığı ciyərlərinə çəkir, türklüyün rəmzi olan yeni vətənlərinə qovuşmağın xoşbəxtliyi və həyəcanıyla “Ölkə... Millət... Sevgi... Vurğunluq... Xəyal... və Həqiqət” altıbucağında yeni və ümid dolu bir səfərə hazırlaşırdı”.

 

İ.Saryal tanınmış bir qələm əhli olmasa da, əsəri kifəyət qədər oxunaqlı və maraqlıdır. İlk növbədə, ona görə ki, ürəyi vətən sevgisi, nisgili ilə dolu olan bir insandı və yaşadığı illərin acısını-şirinini əsərində əks etdirib. İkincisi, əsərin dilinin və üslubunun sadəliyi, fikirlərin aydınlığı, ardıcılığı diqqəti cəlb edir. İ.Saryalın yazı dili şirin, ifadə tərzi lakonik, fikirləri səmimidir, anındaca oxucunun qəlbinə yol tapır. Müəllif baş verən hadisələri, faktları yalnız təsvir etməklə kifayətlənmir. O, fakt və hadisələri bədii publisistikaya xas təhlil edir, onlara münasibət bildirir, o zaman ölkəmizdə siyasi-ictimai mühitdə baş verən proseslərə diqqət yetirir, ən xırda detalları belə, nəzərdən qaçırmır. Təbiiət mənzərələrini çox gözəl təsvir edir.

 

Müəllif qəhrəmanı Oğuzun səmimiliyini, vətənpərvərliyini ustalıqla əks etdirə bilib. O, “Çeka” əməkdaşı ilə qurulan dialoqda nə qədər həyəcan, qorxu keçirsə də, öz mənliyini, qürurunu qoruyub saxlaya bilir, iş yoldaşları haqqında satqınlıq etmir. Sovet imperiyasının ideologiyasının, rejiminin bütün çirkablarını, amansızlıqlarını nəinki hər səhifədə, hətta hər cümləsində, sözündə belə, ustalıqla ifşa edən müəllif oxucusunda rejimə qarşı ikrah hissi oyadır. Sovetlərin xalqımıza qarşı törətdiyi bu rəzilliklər onu üzsə də, onlara baş əymir. Tək bir təsəllisi vardı; bu cəhhənəm əzabından qurtulmaq, qaçmaq, azadlığına qovuşmaq, “türk millətləri naminə hər cür vətəndaşlıq borcunu yerinə yetirmək”.

 

Xoşbəxtlikdən o, əsərin sonunda arzusuna nail olur. Müəllif bununla həm də gələcək nəsillərə xəbərdarlıq edirdi ki, azadlığın, müstəqilliyin uğrunda sən də mübarizəyə qalx və bir gün o xoşbəxtliyinə qovuşacaqsan.

 

“Bakı rüzgarı” əsərində müəllif o illərdə Azərbaycanda rəhbər vəzifədə işləyənlərdən bəziləri haqqında da məlumat verib. Məsələn, Azərbaycanda Şura hökumətinin fəal təbliğatçısı, gizli olaraq Azərbaycan Cümhuriyyətinin süqutuna çalışan, Azərbaycan kənd təsərüfatı komissarı və Azərbaycanın maarif komisarı olan, savadsız, cəmi 8 aylıq kurs bitirən Dadaş Bünyadzadə haqqında müəllif yazırdı: “Çar və Milli Azərbaycan hakimiyyəti dövründə Dadaş Bünyadzadə belindəki dolu bidonlarla küçələri gəzib qaz yağı satırdı. Bir az oxuyub-yazmaq bacarırdı. Bolşeviklər gələndə onun gizli fəaliyyətini dəyərləndirib kənd təsərrüfatı komissarı kürsüsündə əyləşdirdilər. Komissara gələn ərizələrə razılıq vermək, ya da rədd eləmək öyrədildi. O da göstərilənə əməl eləyib komissarlığın işini əməlli-başlı aparırdı”. Bu faktın özü bir daha sübut edir ki, sovetlərə öz çirkin siyasətlərini həyata keçirmək üçün Dadaş kimi savadsızlar və satqınlar lazım idi.

 

İsmayıl Sarıyal “Türkiyədə də Azərbaycan təəssübkeşi kimi tanınıb. 9 sentyabr 1948-ci ildə Azərbaycan Kültür Dərnəyi (AKD) yaradılarkən onun qurucuları arasında ilk şəxs yüksək mühəndis İsmayıl Saryal olub”.

 

Bu əsər Sovet Rusiyasının azərbaycanlılara qarşı apardığı amansız siyasətin bir nümunəsidir. Bu dəhşətləri bir daha yaşamamaq üçün bütün varlığımızla müstəqilliyimizi qorumalı, dosta dost, düşmənə düşmən olmalıyıq.

 

Qərənfil Dünyaminqızı,

Əməkdar jurnalist,

Xüsusi olaraq AYNA üçün

Müəllif: Ayna.az