Anar Məmmədov: “Müəssisənin 45-65 günlük planlı profilaktik işlərinin aparılması üçün dayandırılması şirkət üçün itkilər deməkdir, amma...”
Bu il Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR Neft Emalı Zavodu illik xam neft emal gücünü 12 milyon tona çatdırmağı planlaşdırır. AYNA xəbər verir ki, bu barədə izmirdə keçirilən mətbuat konfransında "SOCAR Türkiyə" Emal və Neft-Kimya bölməsinin rəhbəri və STAR-ın da daxil olduğu "Petkim Petrokimya Holding"in Baş direktoru Anar Məmmədov deyib.
Onun sözlərinə görə, 2022-ci ildə bu həcm 11,3 milyon ton təşkil edib: “Hasilatın həcmi artsa da, neft-kimya kompleksinin və SOCAR-ın neft emalı zavodunun payı azalır. Bu, Türkiyə sənayesinin sürətlə inkişaf etməsi ilə bağlıdır”.
“2024-cü ildə STAR zavodu, təxminən, 45-60 gün müddətinə planlı təmirə bağlanacaq. Dünya standartlarına görə, bu cür təmirə dayanma prosesi 4 ildən bir aparılır. İndi biz düşünürük ki, bu müddəti 5 ildən birə uzadaq. Yəni bir növbəti dayanma prosesi 2029-cu ildə həyata keçirilsin”, - deyə Məmmədov qeyd edib.
Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavodun illik xam neft emal gücü 10 milyon tondan bu il 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.
“STAR Neft Emalı Zavodunun gələn il planlaşdırılmış dayandırılması bir neçə məqsəd daşıyır. Neft emalı zavodu istifadəyə veriləndən sonra birinci dəfə dayandırılacaq və ilk növbədə planlaşdırılmış profilaktik işlərinin aparılması məqsədini daşıyır. Digər məqsəd - zavodda planlı təmir işlərinin aparılması qrafikində təzliliyin uzadılmasını təmin etməkdir. Zavodda aparılacaq əlavə tədbirlər nəticəsində zavodun dayandırılma tezliyi dörd ildən beş ilədək uzadılacaq", A.Məmmədov söyləyib.
Onu da bildirib ki, müəssisənin təqribən iki aylıq – 45-65 günlük planlı profilaktik işlərinin aparılması üçün dayandırılması şirkət üçün itkilər deməkdir: "Zavodun planlı təmirlərə dayandırılması tezliyinin uzadılması maliyyə baxımından müsbət təsir göstərəcək. Belə ki, bu, 40 milyon ABŞ dolları civarında qənaət deməkdir".