TANAP-ın 15 illik qaz tranzit müqaviləsi var
Bu günə qədər Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 8,4 milyard kubmetr həcmində Azərbaycan təbii qazı nəql edilib.
AYNA-nın məlumatına görə, bunu TANAP Konsorsiumunun Baş direktoru Saltuk Düzyol azərbaycanlı jurnalistlər üçün keçirdiyi onlayn mətbuat konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, kommersiya qazının nəqlinə başlanılandan, 2018-ci ildən nəql edilən qazın həcmi 2 mlrd kubmetr, sonra 4 mlrd kubmetr təşkil etmişdi. “Bu ildən başlayaraq ixrac edilən qazın həcmi illik 6 mlrd kubmetr layihə gücündə olacaq".
O qeyd edib ki, TANAP-ın 15 illik qaz tranzit müqaviləsi var.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.