Baş bankir: “Ölkədə kifayət qədər maliyyə imkanları var”

İqtisadiyyat

24.12.2020 - 14:53

Elman Rüstəmov: “Bu da büdcə kəsiri ilə bağlı məsələləri həll etmək üçün fürsət verəcək”

 

Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisdə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı manatın taleyi barədə danışıb. AYNA-nın xəbərinə görə, baş banker deyib ki, manatın devalvasiyası üçün heç bir əsas yoxdur.

 

“2021-ci il üçün dövlət büdcəsi ilə bağlı təqdim olunan proqnozlar əsaslı qiymətləndirmə əsasında aparılıb. Yola saldığımız 2020-ci il əvvəldən müsbət proqnozlar vəd etmirdi. Təbii ki, 2017-2018-ci illərdəki iqtisadi çəkişmələr öz təsirini göstərməyə bilməzdi. İlin əvvəlindən başlanan COVID-19 xəstəliyi qlobal əmtəə münasibətlərinə təsirsiz ötüşmədi və nəticədə bir sıra iqtisadi problemlər meydana çıxdı. Pandemiya qlobal iqtisadiyyatın dayanıqlılığının pozulmasına təkan verdi. Hazırda iqtisadiyyatın daralması prosesi gedir. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, dünya iqtisadiyyatında 4,4 faiz geriləmə olacaq”, - deyə E.Rüstəmov qeyd edib.

 

Baş banker qeyd edib ki, neftin qiymətinin aşağı düşməsinin ölkə iqtisadiyyatına mənfi təsirlərini göstərib: “Dünyada bu il neftin qiyməti 16-69 dollar/barrel arasında dəyişib. Bütövlükdə neftin qiyməti 43 dollar olub ki, bu da 2019-cu ilə nisbətən 33 faiz azdır. Bütün bu çətinliklərə baxmayaraq, 2020-ci ildə tədiyə balansı qorunub saxlanılıb. ÜDM-in həcmində cəmi 0,7 faiz kəsir olub. Ölkənin strateji valyuta ehtiyatları sabit qalıb. Makroiqtisadi sabitlik təmin olunub. İnflyasiyanın səviyyəsi aşağı enib. Bazar tələbatının tam ödənilməsi, bazarla şəffaf kommunikasiyanın təmin olunması inflyasiyanı aşağı salmağa imkan verib”.

 

“Təbii ki, inflyasiyasının aşağı salınmasında uçot dərəcəsinin endirilməsində də öz müsbət təsirini göstərib. 2018-ci ildən bəri pul təklifi 50 faiz artıb. Yeni kreditlər üzrə faiz dərəcəsi 5,5 faiz aşağı düşüb. Ölkədə kifayət qədər maliyyə imkanları var. Bu da büdcə kəsiri ilə bağlı məsələləri həll etmək üçün fürsət verəcək. İnanıram ki, tədiyə balansında tarazlıq qorunub saxlanacaq. Manatın devalvasiyası üçün heç bir əsas yoxdur”, - deyə Rüstəmov əlavə edib.

Müəllif: Ayna.az