Skandal səs yazısı: cinahlarda “partlayış”

Dünya

13.03.2024 - 10:17

Kimsənin arzulamadığı müharibənin anonsu?

Almaniya ilə Şimali Atlantika Alyansı (NATO) arasında münasibətlər gərginləşə bilər. Buna səbəb yüksək rütbəli alman hərbçiləri arasında "Taurus" raketlərinin mümkün istifadəsi ilə Krım körpüsünə hücum planları barədə söhbətin ələ keçirilməsidir.

Bu məlumatı “The Wall Street Journal” (WSJ) nəşri yayıb. Məlumata görə, Almaniya Hərbi Hava Qüvvələrinin zabitləri arasında gedən söhbətdən belə çıxır ki, Böyük Britaniya, Fransa və ABŞ hərbçiləri artıq Ukraynadadırlar, onlar Kiyevə “mütərəqqi Qərb avadanlığının” saxlanmasına kömək edirlər.

Eyni zamanda, WSJ aydınlaşdırır ki, sadalanan ölkələr Ukrayna ərazisində öz ordusunun işini inkar edir. Amerika qəzetinin yazdığına görə, bu sızma Berlinin NATO müttəfiqləri ilə münasibətlərində gərginliyə səbəb ola bilər.

Kansler Şolts “Taurus”un Kiyevə təhvil verilməsinə qarşıdır və imtinasını xüsusilə onunla əsaslandırır ki, onun qiymətləndirməsinə görə, alman mütəxəssislərinin Ukraynada olması raketlərin proqramlaşdırılması və hədəflərin müəyyənləşməsi üçün zəruri şərtdir. Qəzetin qeyd etdiyi kimi, alman hərbçiləri arasında söhbətin sızması “Almaniyada qəzəb doğurub”. Bundan əlavə, nəşrin danışdığı ekspertlər hesab edirlər ki, bu hadisə “Taurus”un Kiyevə çatdırılma ehtimalını daha da azaldır.

“The Wall Street Journal” yazır ki, Almaniya Hərbi Hava Qüvvələrinin zabitləri arasında virtual söhbət “WebEx” platformasında aparılıb, görüş iştirakçılarından biri Sinqapurda olub və söhbətə mobil telefonu vasitəsilə qoşulub. Adı açıqlanmayan alman rəsmiləri qəzetə bildiriblər ki, “WebEx” həm hərbçilər, həm də Almaniyadakı digər departamentlərin əməkdaşları tərəfindən danışıqlar üçün fəal şəkildə istifadə olunur. Nəşrin həmsöhbətlərindən biri deyir: "Baş verənlər həyəcan siqnalı olmalıdır".

Maraqlıdır, doğrudan da, NATO ölkələrinin Ukraynada olmasından danışmaq olar? Yəni NATO hərbçiləri Ukraynaya girərsə, bunun hansı nəticələri ola bilər?

AYNA mövzunu tanınmış alman ekspertlərlə müzakirə edib.

Almaniya Xarici Əlaqələr Şurasının Beynəlxalq Nizam və Demokratiya proqramının rəhbəri doktor Ştefan Mayster:

“Hamımız bilirik ki, NATO ölkələri Ukraynada, Qara dənizdə Ukrayna ordusuna təlim keçmək, Rusiyanın Qara dəniz donanmasına hücum etmək, hədəfə almaq və dəstəkləmək baxımından fəaldır. Və Rusiyada bu barədə bilirlər. Bu müzakirə Ukraynanı dəstəkləməkdə nə qədər irəli gedilə biləcəyi ilə bağlıdır.

Ukraynanın tərəfində Rusiyaya qarşı, o cümlədən Ukrayna ərazisində döyüşən NATO qoşunları olmayacaq. Lakin müharibə nə qədər uzun sürərsə, NATO Ukraynaya dəstəkdə bir o qədər çox iştirak edəcək.

Heç bir tərəf bunu böyük məsələyə çevirməkdə maraqlı deyil və Rusiya müharibəni NATO ilə müharibəyə çevirməkdə maraqlı deyil. Ancaq eskalasiya riski artır, Rusiya Ukraynaya hücum edərək NATO əsgərlərini öldürə bilər, o zaman bu əsgərlərin mənşə ölkəsi necə reaksiya verəcək? NATO əsgərləri Ukraynaya Rusiyadakı hədəfləri vurmağa kömək edəndə, NATO müharibədə nə dərəcədə iştirak edir?

Məhz bu səbəbdən Almaniya kansleri Olaf Şolts ya Ukrayna tərəfində geniş təlim tələb edən silah sistemlərinin göndərilməsinə, ya da bu avadanlıqları idarə edən alman əsgərləri məsələsinə bu qədər ehtiyatla yanaşır. Biz müharibənin yeni mərhələsinə qədəm qoyuruq ki, Qərb müharibəyə cəlb olunmadan Rusiyaya qarşı mübarizəyə getdikcə daha çox cəlb olunacaq. Ancaq bu xətt getdikcə daha çox yerinə yetirilir”.

“Neue Zeiten” jurnalının və “Neue Zeiten TV” adlı “YouTube” kanalının analitiki, naşiri və baş redaktoru Aleksandr Çerkasski:

“Telefon danışıqları yayılan generallar arasında söhbət rəsmi mövqe kimi qəbul edilməməlidir. Yəni, bu, Baş Qərargahın iclasından bir növ səs yazısı deyil, sadəcə olaraq, həmkarlar arasında belə bir hipotetik xarakter daşıyan mövzunun müzakirəsidir.

İkincisi, Ukraynada Almaniya ordusundan və ya NATO-dan hər hansı bir hərbi qulluqçu olub-olmaması barədə məlumatımız yoxdur və çətin ki, yaxın gələcəkdə öyrənə bilək. Bu barədə rəsmi məlumat verilməyib. Həm də müxtəlif eyhamları mətbuatda müzakirə etməyin mənası yoxdur.

Ukraynada belə hərbçilər olsa da, onların mövcudluğunu mövcud qanunvericiliyə zidd olmayan çərçivədə izah etmək üçün həmişə bir yol olacaq.

Rusiyanın reaksiyasına gəlincə, beynəlxalq hüquqa görə, hansısa ölkədə xarici müşavirlərin olması onların dövlətlərinin qarşı tərəflə müharibəyə cəlb olunması üçün səbəb deyil. Nümunələr verək. Vyetnam müharibəsi zamanı bu ölkədə sovet müşavirləri olub, lakin amerikalılar SSRİ-nin ABŞ-a qarşı vuruşduğuna inanmırdılar və bunun üçün Sovet İttifaqını bombalamadılar.

Yəni, bu, eləcə də döyüşən tərəfə silah verilməsi adi təcrübədir, beynəlxalq hüquq normaları çərçivəsindədir və mən burada “casus belli” (müharibə elan etmək üçün formal səbəb - müəllif) görmürəm”.

Müəllif: Rauf Orucov