Siyasi partiyalarla bağlı yenilik gözlənilir: sərtləşmə, yoxsa yumşalma...

Siyasət

12.01.2022 - 15:10

Partiya sədri: “Partiyalar arasında rəqabət o zaman olacaq ki, ölkədə normal seçki mühiti formalaşsın”

Deputat: “Məlumatlı bir şəxs kimi deyə bilərəm ki, yaxın müddətdə belə bir addım atılacaq”

Azərbaycanda siyasi partiyalar və onların fəaliyyəti “Siyasi partiyalar haqqında” qanunla tənzimlənir. Mövcud qanunda qeyd olunur ki, siyasi partiya təsis etmək üçün minimum min (1000) nəfər üzvün olmalıdır. Ölkədə bu gün 60-a yaxın siyasi partiya fəaliyyət göstərir ki, onların əksəriyyəti ötən əsrin 90-cı illərində yaranıb və çoxunun da hazırda üzv sayı barmaqla sayılacaq həddədir.

Bir çox ekspertlər “Siyasi partiyalar haqqında” qanunun liberallaşmasını və siyasi partiyaların yenidən dövlət qeydiyyatına alınmasını təklif etsələr də, bu proses baş vermədi. Əksinə, həmin siyasi partiyalarla münasibətlər yeni mərhələyə qədəm qoydu və bu partiyalar ofislə təmin olundu.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə AYNA-ya açıqlamasında deyib ki, “Siyasi partiyalar haqqında” qanunu dəyişməzdən öncə proporsional seçki sistemini bərpa etmək lazımdır: “İlk növbədə qeyd edim ki, “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul edilib və o zamandan bəri yenilənməyib. Düzdür, müxtəlif dövrlərdə qanunda müəyyən dəyişikliklər edilisə də, ümumi olaraq qanunun yenilənməsi baş verməyib”.

“Sonuncu dəfə iki il öncə bu məsələ gündəmə gəldi. Təkliflər var idi ki, “Siyasi partiyalar haqqında” qanun yeni formatda qəbul edilsin. Təklif olunurdu ki, qeydiyyat üçün ehtiyac duyulan say tərkibi artırılsın və qeydiyyat proseduru sərtləşdirilsin. Hətta mimimum üzv sayının 5 minə qaldırılması da təkliflər arasında idi”, - deyə siyasətçi bildirib.

AMİP sədri hesab edir ki, partiya üzvlərinin say tərkibi ilə bağlı məsələnin müzakirəsinə ehtiyac yoxdur: “Bundan daha ciddi problemlər var ki, əvvəlcə o məsələlər öz həllini tapmalıdır. Bilirsiniz ki, Azərbaycan Milli İstiqlal Partiyası ölkəmizdə ilk rəsmi dövlət qeydiyyatından keçmiş siyasi partiyadır və bizim say tərkibi ilə bağlı hər hansı problemimiz yoxdur. Sözsüz ki, yenidən qeydiyyat və ya say tərkibi tələbi olarsa, bu, bizə şamil olunmayacaq. Lakin ümumilikdə qanunun sərtləşdirilməsi məqbul variant deyil. Qanunu dəyişmək yox, siyasi partiyalara normal fəaliyyət göstərmək üçün imkan yaratmaq lazımdır. Məhz bundan sonra əhalinin siyasi partiyalara olan marağı artacaq. Bütün dünyada qəbul edilmiş qayda var ki, partiyaların gücü inzibati yollarla deyil, seçkilərlə müəyyən edilir”.

“Proporsional seçki sistemi bərpa edilməyənə qədər siyasi partiyaların cəmiyyətdəki mövqeyindən danışmaq mənasızdır. Bu gün ölkədə normal və ədalətli seçkilər keçirilmirsə, siyasi fəaliyyət üçün münbit şərait yoxdursa, hansı siyasi aktivlikdən danışmaq olar?! Partiyalar arasında rəqabət o zaman olacaq ki, ölkədə normal seçki mühiti formalaşsın”, - deyə Əlizadə fikrini tamamlayıb.

Milli Məclis üzvü, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı isə AYNA-ya şərhində söyləyib ki, 1992-ci ildə qəbul edilən qanunun yenilənməsi gözlənilir: “Bilirsiniz ki, bu qanunun qəbul olunmasından 30 ilə yaxın zaman ötür. Bu müddətdə bir neçə dəfə qanunun üzərində müəyyən dəyişikliklər edilsə də, yeni qanun qəbul edilməyib. Məlumatı olan bir deputat və partiya sədri olaraq deyə bilərəm ki, yaxın müddətdə “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu gözlənilir. Bu istiqamətdə ciddi müzakirələr gedir. Biz də öz təkliflərimizi vermişik. İnanırıq ki, qəbul ediləcək yeni qanun siyasi partiyalara normal fəaliyyət göstərmək üçün münbit şərait yaradacaq”.

Qanunda hansı dəyişikliklərin olacağından danışan deputat bu barədə qəti fikir bildirməyin hələ tez olduğunu qeyd edib: “Qanun siyasi partiyalar arasında sağlam rəqabətə səbəb olacaq. Hesab edirəm ki, yeni qanunda bir çox məsələlər öz əksini tapmalıdır ki, bunlardan biri say tərkibi ilə bağlı olmalıdır. Bəli, bu gün Azərbaycanda əksər partiyaların siyasi təsis olunmasının üzərindən də uzun müddət keçir. Bu səbəbdən partiyaların yenidən dövlət qeydiyyatına alınması da ciddi müzakirə mövzusudur”.

Müəllif: Azər Niftiyev