Şeyx Böyük Britaniyaya gedir

Xəbərlər

04.07.2022 - 12:03

Allahşükür Paşazadə Din və Etiqad Azadlığı üzrə Nazirlər Konfransında iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə iyulun 4-də Böyük Britaniyaya səfərə yola düşür.

QMİ-nin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, səfərdə məqsəd iyulun 5-6-da Londonda keçiriləcək Din və Etiqad Azadlığı üzrə Nazirlər Konfransında iştirak etməkdir.

Səfər Böyük Britaniyanın Cənubi və Mərkəzi Asiya, Şimali Afrika, BMT və Birlik ölkələri üzrə dövlət naziri, Uimbldon Lordunun dəvət məktubu əsasında həyata keçirilir. Konfransın məqsədi dünyada din və etiqad azadlığını müdafiə etmək üçün beynəlxalq səylərə təkan vermək və hökumətlərin müxtəlif dini və qeyri-dini icmalar və vətəndaş cəmiyyəti ilə birlikdə işləməsi yollarını nəzərdən keçirməkdir.

Şeyxülislam Allahşükür Paşazadə nüfuzlu beynəlxalq konfransın plenar iclasında məruzə ilə çıxış edəcək, müzakirələrdə iştirak edəcək. QMİ sədri Konfransın iştirakçısı olaraq “Dauninq Strit”də rəsmən qəbul ediləcək.

Müəllif: Ayna.az