Sərhəd təxribatı, Parisin oyunu və “sülh sazişi imzalanmasa...” – Milli Məclisdə MÜZAKİRƏ

Aktual

12.05.2023 - 14:18

Spiker: “Ermənistan tərəfinin əsas məqsədi sülh prosesinin pozulmasıdır”

Deputat: “Sülh müqaviləsi bu il imzalanmasa, sərhədlər açılmasa, Paşinyan sarkisyanlaşacaq, koçaryanlaşacaq”

Milli Məclisin bu gün keçirilən iclasında 22 məsələ müzakirəyə çıxarılıb. Qanun layihələrinin müzakirəsindən əvvəl deputatlar gündəmin məsələləri ilə bağlı fikirlər səsləndirib, təkliflər veriblər. Spiker Sahibə Qafarova Ermənistan ordusunun sərhəddə törətdiyi son təxribatlardan danışıb. Milli Məclis sədri xatırladıb ki, mayın 10-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Spiker: “Təxribatlarla Ermənistan tərəfi sülh prosesinin pozulmasını istəyir”

“Erməni təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub, digər hərbi qulluqçumuz Mahmudlu Müslüm Vidadi oğlu isə başından ağır yaralanıb. Təxribatın qarşısının alınması üçün Azərbaycan Ordusu lazımi addımları atıb. Törədilən təxribata görə bütün məsuliyyət Ermənistan siyasi hakmiyyətinin üzərinə düşür. Aydındır ki, Ermənistan tərəfinin əsas məqsədi sülh prosesinin pozulmasıdır”, - deyə spiker çıxışında qeyd edib.

S.Qafarova onu da bildirib ki, dünən Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayonla görüşüb: “Görüş zamanı Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonnanın regiona son səfəri zamanı Laçın yolu ilə bağlı Ermənistanda verdiyi bəyanatların, həmçinin Fransanın ictimai radiosuna müsahibəsində səsləndirdiyi iddiaların qəbuledilməz olduğunu dedim. Hesab edirəm ki, beynəlxalq təşkilatlarda üzv olan deputatlarımız mütləq bu məsələni ciddi nəzarətdə saxlamalıdırlar. Həmçinin təmsil olunduqları beynəlxalq təşkilatlarda bununla bağlı məsələ qaldırmalıdırlar”.

Milli Məclisdə Kılıçdaroğlunun “Türk yolu” tənqid edildi: “Bizim ortaq keçmişimizə, bu günümüzə və sabahımıza yaraşmır”

Deputat Elnur Allahverdiyev Türkiyə prezidentliyinə müxalifətdən olan namizəd Kemal Kılıçdaroğlunun “İpək yolu” (“Türk yolu”) layihəsindən danışıb və bu layihəni tənqid edib. Millət vəkili deyib ki, mayın 14-də Türkiyədə keçiriləcək seçkilərin hansı nəticələrlə başa çatmasından asılı olmayaraq, Türkiyə və Azərbaycan strateji tərəfdaş, qardaş, bir millət iki dövlətdir: “Amma təəssüf ki, aramızda olan bu səmimi münasibətləri öz məqsədləri, hazırda isə seçki hədəfləri üçün yanlış istifadə etməyə çalışan qüvvələr də var. Bu günlərdə Türkiyədə müxalifətin namizədi bəyan edib ki, Azərbaycanda Türkiyədən gələn yük maşınlarından yüksək rüsum alınır, eyni zamanda, bu rüsum digər heç bir dövlətin maşınlarından tələb olunmur. Təbii ki, bu, yanlış fikirdir və müxalifətin lideri məsələ barəsində yetərincə məlumatlı deyil. Ən azı ona görə ki, müvafiq rüsumlar ya əsas etibarilə ləğv olunub, ya da azaldılıb. Yəni bu sahədə Azərbaycan hökuməti ciddi liberallaşma tədbirləri həyata keçirib. Bununla yanaşı, müxalifət liderinin daha öncə təklif etdiyi "İpək yolu" layihəsi türk dövlətlərini necə birləşdirə bilər ki, bu layihədə Azərbaycan kənarda qalır? Yolun əsas hissəsi düşmənimiz Ermənistana açıq-aşkar kömək edən İran ərazisindən keçir. Qardaş ölkədə təqribən 180-200 min yük avtomobili sürücüsü var. Güman ki, müxalifətin liderinin bu bəyanatı onların səslərinə hesablanıb. Ancaq məlumat yanlış olmaqla bərabər, təəssüf ki, həm də kinayə, sarkazmla müşayiət olunur. Bu da bizim ortaq keçmişimizə, bu günümüzə və sabahımıza yaraşmır”.

Deputatlardan Parisə tənqid: “Fransa Ermənistanın böyük bacısı kimi tərəfsizliyini qoruya bilmir”

“Bir müddət öncə Fransanın xarici işlər naziri Ketrin Kolonna "Dağlıq Qarabağı" anklav adlandırıb. Birincisi, Azərbaycanda belə bir region mövcud deyil. İkincisi, belə yanaşma Azərbaycanın ərazi bütövlüyünü aşkarcasına və riyakarcasına şübhə altına salmaqdır”, - deyən deputat Elşad Mirbəşir söyləyib ki, Azərbaycanın iradəsi ilə başladılan sülh gündəliyi öz aktuallığını saxlayır: “Fransa isə hər vasitə ilə proseslərdə özünün iştirakını təmin etmək niyyətindədir. Sual olunur ki, Fransanın məqsədi nədən ibarətdir? Hesab edirəm ki, Parisin niyyəti regionda gərginlik yaratmaqdan başqa bir şey deyil. Bunu dəqiq sübut edən məqamlardan biri ondan ibarətdir ki, Fransa Ermənistandakı səfirliyinə yeni hərbi atteşe təyin etmək ərəfəsindədir. Onun fəaliyyəti əsasən Ermənistanı Fransa silahları ilə təmin etməkdən ibarət olacaq”.

“Fransanın bu davranışları ümumilikdə Avropa İttifaqının maraqları və yanaşmaları ilə ziddiyyət təşkil edir. Bu baxımdan, Avropa ölkələrinə də Fransaya yerini göstərmələri üçün çağırış etmək lazımdır”, - deyə millət vəkili qeyd edib.

Deputat Qüdrət Həsənquliyev də çıxışında Fransanı tənqid edib. Millət vəkili bildirib ki, Ermənistan məğlub olduğu müharibədən nəticə çıxarmayıb: “İrəvan ümid edir ki, yenə əvvəlki kimi olacaq. Çox təəssüf ki, bizim daxilimizdə də ermənilərin güvəndiyi dairələrə bağlı insanlar bu cür düşünür. Ermənilər “Böyük Ermənistan" xəstəliyinə düçar olub. Onlar qonşu ölkələrin ərazi bütövlüyünü tanımırlar. Çox təəssüf ki, Fransa da onlara dəstək verir. Çox təəssüf ki, qardaş Türkiyədə olan bəzi partiyalar da onlara dəstək olur. Türkiyədə Azərbaycana qarşı səsləndirilən fikirlərə təəssüflənirəm. Türkiyə xalqı belə cəhdləri əfv etməz. Türkiyədə hakimiyyət dəyişsə də, Azərbaycan və Türkiyə münasibətləri sarsılmaz. Fransa Ermənistanın böyük bacısı kimi hadisələrdə tərəfsizliyini qoruya bilmir”.

“Saakaşvilini ölüm ayağında tərk edənlər indi də Paşinyandan ikinci Saakaşvili düzəldirlər”

Deputat Zahid Oruc hesab edir ki, Azərbaycana qarşı yeni məkrli planlar hazırlanır. Millət vəkili çıxışında deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın xarici səfərlərində, o cümlədən son dəfə Çexiyada ölkəmizi antidemokratiklikdə suçlaması, Qərbin “Demokratiya sammitləri”ndə Ermənistana tribuna verilməsi Azərbaycan əleyhinə yeni planlardan və qarşıdurma məqsədlərindən xəbər verir: “Məlum həqiqətdir ki, işğalçı və separatizmə dəstək verən dövlətlər demokratik sayıla bilməz. Ötən il 12-14 sentyabr toqquşması zamanı Paşinyan “müharibədə məğlub olsaq da ədalətli seçki keçiririk” bəyanatları ilə Avropa dövlətlərini Azərbaycana təzyiq göstərməyə çağırdı. Halbuki uzanan sülh sazişi bu il imzalanmasa, sərhədlər açılmasa, Paşinyan sarkisyanlaşacaq, koçaryanlaşacaq”.

“Ermənistanı “demokratiya mayakı” kimi tərif edənlərə Azərbaycan vətəndaşı olmaq istəyən şəxsə qaldırılan cinayət işini xatırladırıq. Xankəndi erməniləri ilə birgə yaşayışdan danışan kimi bizi hüquq və azadlıqları pozmaqda suçlayırlar. “Human Rihgts Watch” son 30 ildə Qarabağın demokratiya və azadlıq indeksini ölkəmizdən irəliyə qoyub. Təbii ki, belə hesabatlar və “demokratiya zirvələri” işğalçılığın, separatizmin qorunmasına xidmət edir. Misirə, Liviyaya, Yaxın Şərqə inqilab ixrac edənlər yüz minlərlə insanı “demokratiyaya” görə qətlə yetirdilər. İndi Gürcüstan həbsxanasında can savaşı verən Mixail Saakaşvilini ölüm ayağında tərk edənlər, onu diktaturaya qarşı simvol adlandıranlar indi də Paşinyandan ikinci Saakaşvili düzəldirlər”, - Z.Oruc vurğulayıb.

“Bizə işğal və qeyri-sabitlik doğuran “demokratiya” əvəzinə, azadlıq və torpaq bütövlüyü gətirən təhlükəsizlik gərəkdir”

Deputatın sözlərinə görə, “Wikileaks” sənədləri göstərir ki, İlham Əliyev on illərlə Amerika və Qərb liderlər ölkəmizin təhlükəsizliyinə təminat vermədən, işğala son qoymadan diqtə altında hakimiyyət qurmağın xaosa səbəb olacağına inandırmağa çalışıb: “Əfqanıstanda 20 il ərzində 800 milyard dollar xərcləyəndən sonra qurulan ordu və hökumətin cəmi bir həftə tab gətirdiyini hər kəs gördü və heç kəs unutmur. GMO olunan meyvələr kimi demokratiya idxal olunanda süni, qanlı və davamsız olur. Silahlı və ya məxməri çevrilişlərlə hakimiyyətə gələnləri “demokratiya zirvələr”nə çağıranlar, dünyanı siyasi qütblərə ayıranlar bir də onda ayıldılar ki, Rusiya da onlar kimi Ukraynada özünə təhlükə törətməyən hakimiyyət qurur. 100 minlərlə insanın ölümünə səbəb olan müharibəyə xərclədikləri 150 milyard dollarlıq hərbi yardımı dağılmamış Ukraynaya versəydilər, demokratiya ixracına ehtiyac qalmazdı”.

“Əlbəttə, ölkəmizdə seçkilər, insan haqları və demokratik azadlıqlar sahəsində görüləsi iş hələ çoxdur. Lakin 90-cı illərdə beynəlxalq hesabatlarda bizə ön yeri verənlər, torpaqlarımız işğala uğrayanda ermənilərə yardım etdilər. 2020-ci ildə isə ordumuz Şuşanı fəth edərkən, xarici indekslərin heç bir əhəmiyyəti qalmadı. Bizə işğal və qeyri-sabitlik doğuran “demokratiya” əvəzinə, azadlıq və torpaq bütövlüyü gətirən təhlükəsizlik gərəkdir. Əslində 44 günlük müharibə həm də Ali Baş Komandan İlham Əliyevə ümumxalq səsverməsiydi və bunun milli iradəni göstərən ən böyük seçim olduğunu hamı bilməlidir”, - deyə Oruc fikrini tamamlayıb.

Deputatın dediyi “3-4 toyuq oğrusu” və kollec tələbələrinə hərbi xidmətdən möhlət hüququ təklifi

Deputat Siyavuş Novruzov Prezidentin imzaladığı Əfv Sərəncamından danışıb və bildirib ki, buna kölgə salmağa çalışanlar var: “Təəssüf ki, bəzi partiyalar, blogerlər əfvə kölgə salmağa çalışırlar. Ölkədə 800-dən çox insan əfv olunub. Lakin AXCP-Müsavat və Milli Şuranın 3-4 toyuq oğrusunun azadlığa çıxmaması onları narahat edir. Tərəzinin bu tərəfində Azərbaycan xalqını təmsil edən bu qədər insan qalır, lakin özlərinin 3-4 nəfəri üçün ictimaiyyətə yalan məlumat verir, böyük əfvə kölgə salmağa çalışırlar. Hesab edirəm ki, bu məkrli kampaniyanın qarşısı alınmalıdır”.

Deputat Naqif Həmzəyev isə kollec tələbələrinə əsgərlikdən möhlət hüququnun verilməsini təklif edib. Millət vəkili xatırladıb ki, hazırda Azərbaycanda universitet tələbələrinə əsgərlikdən möhlət hüququ tanınır: “Amma kollec tələbələrinə möhlət verilmir. Təklif edirəm ki, bu şans kollec tələbələrinə də tanınsın. Məsələyə ən azı növbəti illərdə baxaq. Təhsil proqramını bitirməmiş tələbələri müddətli həqiqi hərbi xidmətə çağırırlar. Təklifimiz odur ki, onlar proqramı bitirdikdən sonra hərbi xidmətə getsinlər. Lakin təklifimizi nə dərəcədə dəyərləndirəcəklərini deyə bilmərəm".

Müəllif: Anar Bayramoğlu