Sərhəd Qoşunlarında baş vermiş faciə barədə: “Müxtəlif mülahizələr var, lakin…”

Aktual

03.01.2022 - 22:03

“İstintaq obyektiv araşdırma aparmalıdır” – Hərbi ekspertlər qanlı olaydan danışdılar

Xəbər verildiyi kimi, Dövlət Sərhəd Qoşunlarının kiçik çavuşu Əvəzli Elxan Məhəmməd oğlu öz xidməti silahından atəş açmaqla, xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçularını - baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amin Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirib. Bundan sonra baş çavuş E.Əvəzli silahını ataraq hadisə yerindən qaçıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatına görə, hadisə DSX-nin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində baş verib. Hadisəni törətməkdə təqsirləndirilən kiçik çavuş saxlanılıb. Bununla bağlı Baş Prokurorluq xəbər yayıb. Qurumdan bildirilib ki, cinayət işi Baş Prokurorluq tərəfindən xüsusi nəzarətə götürülməklə, istintaqın davam etdirilməsi Hərbi Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Azərbaycan Hərbi Akademiyasının sabiq rəis müavini, ehtiyatda olan polkovnik Şair Ramaldanov AYNA-ya açıqlamasında deyib ki, hadisənin motivi müxtəlif səbəblərdən qaynaqlana bilər: “Peşəkar bir hərbçi olaraq hesab edirəm ki, bu kimi məsələlərə münasibət bildirmək üçün ilk növbədə istintaqın yekununu gözləmək lazımdır. Təbii ki, müxtəlif mülahizələr irəli sürmək olar. Hazırda cinayət işi açılıb və bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcək”.

“Bu kimi faciələrin qarşısını necə almaq olar” sualına gəldikdə, həmsöhbətimiz bunu da istintaqın nəticələrindən sonra cavablandırmağın mümkün olduğunu bildirib: “Dövlət Sərhəd Xidməti elə bir qurumdur ki, orada nizam-intizam yüksək səviyyədə təmin olunub. Vətən müharibəsində də bu qurum kifayət qədər böyük şücaət və qəhrəmanlıq göstərib”.

“Hazırda həm İranla, həm Ermənistanla sərhədlərimizi çox yüksək peşəkarlıqla qoruyur. Statistik göstəricilərə nəzər salsaq, görərik ki, Dövlət Sərhəd Xidməti MDB məkanında sərhəd mühafizəsinin təşkili işindəki xidmətlərinə görə qabaqcıl yerlərdən birini tutur. Təbii ki, orduda belə hallar olur. Burada müxtəlif səbəblər ola bilər. Adətən sağlamlıq problemləri, psixoloji gərginlik və digər naməlum səbəblərdən bu cür münaqişələr meydana çıxır. Bir daha söyləmək istəyirəm ki, Sərhəd Qoşunlarında nizam-intizam çox yüksək səviyyədədir. Mütəmadi olaraq İranla sərhəddə qaçaqmalçılığa qarşı mübarizədə bu qurum yüksək peşəkarlıq nümayiş etdirir”, - deyə ehtiyatda olan polkovnik söyləyib.

Ramaldanov istintaqın obyektiv aparılacağına şübhə etmir: “Hazırda peşəkar istintaq qrupu formalaşdırılıb. Əminəm ki, bu cinayət işi obyektiv araşdırılacaq. Təbii ki, bu araşdırmalar kompleks şəkildə həyata keçiriləcək. Bununla da bütün suallara aydınlıq gələcək. Bir məqamı unutmaq lazım deyil ki, heç bir ordu, o cümlədən Azərbaycan ordusu bu cür hadisələrdən sığortalanmayıb”.

Hərbi ekspert Abuzər Əbilov məsələ ilə bağlı AYNA-ya şərhində deyib ki, DSX-da baş verən insident ciddi araşdırmalıdır: “Təbii ki, bu, arzuolunan tendensiya deyil. Ortada əsgərin öz xidmət yoldaşlarını qətlə yetirməsi faktı mövcuddur. Bunun nədən qaynaqlandığını bilmək istəsək də, istəməsək də - bütün hallarda tədqiqatın nəticələrini gözləməliyik. Çünki versiyalar müxtəlifdir. Müxtəlif ehtimallar irəli sürmək olar. Misal üçün, sosial şəbəkələrdə komandirlərin əsgərlərə qarşı kobud rəftarından bəhs edən məlumatlar yayılıb. Bu informasiyalar isə əksər hallarda fərziyyə və şayiə olaraq qalır. Heç kim dəqiq deyə bilməz ki, bu insident hansı səbəbdən baş verib”.

“Bunun araşdırılması üçün müəyyən zamana ehtiyac var. Hazırda Hərbi Prokurorluq baş vermiş qanlı insidenti araşdırır. Digər güc strukturları da onlarla birlikdə işləyir. Yaxın günlərdə ictimaiyyətə bu barədə yəqin ki, səhih məlumatlar veriləcək. Biz də müxtəlif mülahizələr irəli sürə bilərik. Lakin hərbi ərkan deyilən anlayış var və tələsik fikirlər irəli sürmək ümumi işin ziyanınadır. Bütün bu məsələlər dəqiq araşdırılmalıdır. Ortada olan problemlər aradan qaldırılmalıdır. Məhz bu yolla gələcəkdə mümkün faciələrin qarşısını ala bilərik”, - deyə hərbi ekspert vurğulayıb.

Əbilov əlavə edib ki, sosial şəbəkələrdə bu cür informasiyaları paylaşarkən diqqətli olmaq lazımdır: “Gəlin fikirləşək ki, Dövlət Sərhəd Xidmətində, digər ordu birləşmələrində nə qədər övladımız xidmət edir. Onların valideynləri bu cür xəbərlərdən narahat olurlar. Bu baxımdan hər hansı hadisəni tirajlayarkən məsuliyyət hissini unutmamalı, maksimum ehtiyatlı olmalıyıq”.

Müəllif: Azər Niftiyev

Ramanada faciə

Dünən, 17:26 Hadisə