Ramiz Mehdiyev: “Əlimdəki faktları ortaya qoysam, aləm bir-birinə dəyər”

Aktual

10.09.2020 - 16:54

“Onlar gərək respublikadan baş götürüb qaçalar”

 

Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev ona qarşı səslənən ittihamlara cavab verib. AYNA-nın xəbərinə görə, “Təzadlar” qəzetinə danışan R.Mehdiyev deyib ki, ona qarşı nankorluq edənlər sabah başqalarına qarşı da eyni nankor yol tutacaqlar.

 

“Məni əsassız tənqidlər belə, o dərəcədə narahat etmir, lakin məni ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını belə, xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin bu gün mənə düşmən kəsilməsidir, nankorluğudur. Əgər onların barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər”, - deyə Mehdiyev qeyd edib.

 

AMEA prezidenti qeyd edib ki, onu ittiham edənlərdən bəzilərini məhkəməyə verəcək: “Yazdıqları yalanlara, olmayan hadisələri uydurub söylədiklərinə görə yox, onların nankor olduqlarını cəmiyyətə sübut etmək üçün. Mən həmişə bütün fəaliyyətimdə dövlətimə, Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sadiq qalmışam, bunu əməli fəaliyyətim bir daha təsdiqləyir. Cənab Prezident İlham Əliyevin həmişə yanında olmuşam, bu gün də onun siyasi kursunu dəstəkləyirəm, dövlətçilik yolunda canımı verməyə hazıram. Amma məni dövlət əleyhinə fəaliyyətdə suçlayanlar bunu gərək sözlə yox, faktla, sübut etsinlər. Kimliyindən asılı olmayaraq, maraqlı qüvvələrə yarınmaq məqsədilə ortalığa atılan şəxslərə ilk növbədə cənab Prezidentin 23 oktyabr 2019-cu il tarixində məni ölkəmizin ən ali mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif edərkən söylədiyi fikirləri xatırlatmaq istəyirəm. Həmin gün dövlət başçısı bütün xalqın önündə mənə idarəçilik sahəsindəki səmərəli fəaliyyətimə və xidmətlərimə görə öz təşəkkürünü bildirdi. Bəyan etdi ki, dövlət maraqları mənim üçün hər zaman hər şeydən daha üstün olub. Həmçinin İlham Əliyev xatırlatdı ki, Heydər Əliyev Moskvada yüksək vəzifədən uzaqlaşdırılarkən bir çoxları ona xəyanət etdiyi halda, məhz Ramiz Mehdiyev Ulu Öndərə sonadək sadiq qalmış azsaylı şəxslərdən biri kimi hörmətə layiqdir. Şəxsən mənim üçün ölkə başçısının verdiyi bu qiymətdən daha yüksəkdə dayanan heç bir rəy və fikir ola bilməz”.

 

Qeyd edək ki, avqustun 18-də, sərt karantin tətbiq edildiyi günlərdə akademik bağ evində nəvəsinə toy mərasimi keçirib. Karantin qaydalarını pozduğu üçün kürəkəni, sabiq deputat İlham Əliyev 15 sutka həbs cəzasına məhkum edilib. Eyni zamanda bir çox ictimai-siyasi şəxslər, millət vəkilləri R.Mehdiyevi qanunları pozmaqda ittiham edirlər.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə