Rusiyanın xarici işlər naziri Ermənistana səfər edəcək
İyunun 10-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Nazirlər Şurasının iclasında iştirak edəcək. AYNA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, iclasda KTMT çərçivəsində çoxtərəfli əməkdaşlıq və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
"İclasda beynəlxalq və regional vəziyyət, onun KTMT-yə üzv dövlətlərə təsiri, habelə KTMT-nin böhrana cavab mexanizminin təkmilləşdirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi nəzərdə tutulub. Görüşün yekununda 2022-2024-cü illər üçün xarici siyasət və təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr planının imzalanacağı gözlənilir", - Zaxarova deyib.