Separatçılar növbəti təxribata hazırlaşır? - "Laçın dəhlizində bir neçə..."

Aktual

20.01.2022 - 16:54

Politoloq: "Laçın dəhlizində bir neçə şübhəli maşını yoxlamaq lazımdır"

"Qarabağdakı erməni separatçıları Fransa prezidentliyinə namizədi Azərbaycan sərhədini pozaraq Xankəndiyə gətirməklə Bakı ilə Paris arasındakı münasibətləri daha da gərginləşdirdilər. Daha sonra Rusiya Dövlət Dumasının üzvü Xankəndiyə gəldi və Prezident İlham Əliyev həmin deputatın üzvü olduğu hakim partiyanın rəhbəri keçmiş Prezident və Baş nazir Dmitri Medvedevə etiraz məktubu yazmaq məcburiyyətində qaldı". 

AYNA xəbər verir ki, bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. 

Analitikin sözlərinə görə, erməni separatçılarının növbət təxribata hazırlaşdıqlarını proqnozlaşdırmaq olar: "Erməni separatçıları dünyadakı erməni lobbisi ilə birgə “çalışaraq” xarici ölkələrdən birinin bir başqa deputatını və ya tanınmış şəxsini Xankəndiyə gətirməyə çalışa bilərlər. Separatçılar bu təxribatlarıyla Azərbaycanın müxtəlif ölkələrlə münasibətlərində əlavə gərginlik mənbəyi yaradırlar. “Növbəti dəvət olunmayan qonağın” hansı ölkənin təmsilçisi üzərində düşünərkən ağlıma amerikalı konqresmen Frenk Pallone və Böyük Britaniyanın Lordlar Palatasının üzvü baronessa Kerolayn Koks gəlir. Nə qədər ki, bunlar sərhədimizi pozaraq Xankəndiyə gəlməyiblər və Bakı-Vaşinqton, o cümlədən Bakı-London münasibətlərini gərginləşdirməyiblər, Prezident İlham Əliyevin dediyi kimi, Laçın dəhlizində bir neçə şübhəli maşını yoxlamaq lazımdır ki, Azərbaycan ərazisinə dəvətsiz gəlməyi düşünənlər qanunsuz addımlarıyla ən azı geri qaytarıla biləcəklərini anlasınlar".

Müəllif: Ayna.az