Sən gələndə çiçəklər açardı...

Xəbərlər

09.03.2024 - 14:15

cedabet dərman SEO Xidməti

Boz ayın ən əlvan günü

Təqvimdəki rəqəm 8-i göstərir. Bu tarixə, daha doğrusu rəqəmə diqqətlə baxanda bir təsadüf gözümüzə dəyir. Səkkiz həm də sonsuzluq işarəsinin dostudur axı. Təsadüf adlandırsaq da, bu rəqəmin bu gün üçün ayrı bir sehri var bəlkə də. Dumanlı, boz ayı və əslində ilin bütün günlərini güllərə çevirən varlığın yaratdığı sevginin sonsuzluğu. O, yaratdığı sevginin sonsuzluğunun içində isə bir yox, min insanı yaşadır. Yaşatdığı birinci insanla əsas iki qəhrəmanının həyatında çiçəklər açır. Dünyaya gəlişi ilə baharı gətirənə ilk müraciət belə olur - "Qızım!"

Ancaq bu gəliş bir də başqa qəhrəmana ilk olaraq yeni oyun dostu qazandırır. İllər keçsə belə həmin oyun dostu dəyişmir. Həyatın oynadığı oyunlardan da bir çıxır onlar. Ömürlük oyun dostuna olan müraciət isə belə olur. - " Bacım!"

Aylar ötür, illər keçir. Artıq onun gəlişi ilə başqa bir ruhda da çiçək açmağa başlayır. Onun gəlişi ilə açılan çiçəklər də elə ona bəxş olunaraq deyilir - "Sevdiyim!" Və bir gün həmin çiçəyin ətrini duymağı bacaran üçünsə ömürlük yoldaşa- ömür -gün yoldaşına çevrilir. Ona edilən sevgi dolu bu müraciət isə belə olur: "Həyat yoldaşım!"

İllər, fəsillər yenə yerini dəyişir. Bir gün o da illər əvvəl həyatlarına bahar gətirdiyi qəhrəmanlardan birinə çevrilir. İçində yaşatdığı, yaratdığı ən müqəddəs varlığa. Ona edilən həmin müraciətlə isə onun bütün dünyası dəyişir. Ömrünün ən gözəl və ən özəl anlarını sadəcə bu müraciəti eşitməklə xoşbəxt olduğu insanlara həsr edir. Ona edilən bu gözəl müraciətsə, belə səslənir: "Ana!"

Ömründən ötən illər bir -birini əvəzlədikcə, saçlarına dən düşən həmin gözəl varlığa başqa adla da müraciət edən balaca fidanlar da olur. Ancaq həyatın oynadığı oyunlar bəzən onun həmin müraciəti eşitməyinə imkan vermir. Həyatın qurduğu ən böyük oyun isə ona edilən bu müraciətin bəzən sonuncu olması olur . Kim bilir, bəlkə də o, yaddaşlarda bir ömürlük açan çiçək kimi gənc qalmaq üçün vaxtsız gedir...

Və bu yerdə yenə gözlər təqvimə sataşır. Birdən yadına düşür: Bir də səkkizin bir qafiyəsi də var axı- Sənsiz... "Sən gələndə çiçəklər açır"ı "Sən gələndə çiçəklər açardı" əvəzləyir bu "sənsizlik" ifadəsi. Artıq kədər səndən qaçmır, sən kədərlə birgə qaçırsan. Bu misralarla birgə qaçırsan :

 "Nədənsə bu xoş baharda

Sarı yarpaqlar açır

Söykəndiyim ağaclar..."

Sonda isə sadəcə bir fikir keçir qəlbdən. Gəlişi ilə həyatınızda çiçəklər açan o insanın, bütün müraciətləri ilə mükəmməl olan varlığın - qadının dəyərini keçmiş zamanda danışmadan öncə bilmək...

"Sən gələndə

Çiçəklər açardı

Sən gələndə

Dağlar da gül açardı

Sən gələndə

Kədər məndən qaçardı..."

Müəllif: Günel Natiqqızı

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş