Şəhid polkovnikin səs yazısı, deputatların xərcləri... – Milli Məclisdə büdcə müzakirələri

Aktual

11.11.2022 - 14:15

Komitələrin birgə iclasında deputatlar büdcə ilə bağlı təkliflər verdilər: “Ezamiyyə xərclərimiz artırılsın!”

Bu gün Milli Məclisin daha 4 komitəsinin - Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, İnsan hüquqları komitəsinin birgə iclasında  “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə çıxarılıb. İclasa parlament sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli moderatorluq edib. Toplantıda maliyyə naziri Samir Şərifov və digər dövlət qurumlarının üzvləri də iştirak ediblər.

Nazir: “Xarici borclarımızı yenidən maliyyələşdirmə yolu ilə təmin edirik”

Maliyyə naziri Samir Şərifov deyib Azərbaycan ərzaq təhlükəsizliyi üçün vəsaiti 38,6 faiz artırır: “Dünyada ərzaq qıtlığı, ərzaq böhranı kimi təhdidlər var. Ərzaq təhlükəsizliyi məsələsi hazırda dünyada da çox aktualdır. Bu baxımdan ölkəmizin ərzaq təminatının təşkil olunması məsələsinə xüsusi önəm verilir. Ərzaq təminatı ilə bağlı xərclərin 52 faizi ərzaq təhlükəsizliyinə yönəldiləcək. Sahibkarlığın inkişafı dövlətin daim diqqət mərkəzində qalmaqdadır”.

Nazir qeyd edib ki, dövlət borcu üzrə xərclər azalıb: “Artıq bir sıra xarici borclarımızı yenidən maliyyələşdirmə yolu ilə təmin edirik. Növbəti ildə beynəlxalq tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsait cari illə müqayisədə 22,8 faiz çoxdur. 2023-cü ildə keçirilməsi nəzərdə tutulan beynəlxalq səviyyəli tədbirlər üçün 207 milyon manat vəsait nəzərdə tutulub”.

“Gələn ilin dövlət büdcəsindən xaricdə fəaliyyət göstərən diaspor nümayəndələrinin maliyyələşdirilməsinə ayrılan vəsait müəyyənləşib. Diaspor üçün dövlət büdcəsindən 13 milyon manat ayrılacaq. Eyni zamanda, xarici mediada Azərbaycan həqiqətlərinin təbliği üçün 10 milyon manat ayrılacaq”, nazir əlavə edib.

Komitə sədri: “Xaricdə yeni səfirliklər açılmalıdır”

İclasda komitə sədrləri, deputatlar təkliflərini səsləndiriblər. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, 2023-cü ilin dövlət büdcəsindən beynəlxalq əlaqələrin inkişafı, səfirlik, konsulluqların maliyyələşdirilməsinə 470 milyon manat ayrılıb: “Bu, təxminən 20 faiz artım deməkdir. Azərbaycan səfirliklərinin maliyyələşməsi 130 milyon manat təşkil edir ki, bu göstərici keçən illə müqayisədə 6-7 milyon manat artıqdır. Hesab edirəm ki, biz xüsusi olaraq, beynəlxalq aləmdə aktivliyimizi artırmalıyıq".

“Azərbaycanın xaricdə yeni səfirliklərinin açılmasına ehtiyac var. Bu gün biz bu ehtiyacı görürük. Bunun üçün işlər görülməlidir. Araşdırmalıyıq ki, hansə ölkələrdə yeni səfirliklərin açılmasına ehtiyac var”, - komitə sədri bildirib.

Deputatlar ezamiyyə xərclərinin artırılmasını istədilər: “Vəsait azdır”

S.Seyidov həmçinin qeyd edib ki, deputatların ezamiyyə xərclərinə ayrılan vəsait azdır: “Təklif edirəm ki, ezamiyyə xərclərinə ayrılan vəsait artırılsın. Bu gün Milli Məclisin deputatları xarici ölkələrdə Azərbaycan həqiqətlərini çatdırırlar. Ona görə də əlavə maliyyə ayrılmalıdır. Biz xaricdə Ermənistan nümayəndələrinə qarşı Azərbaycanın haqq səsindən çıxış edirik. Hazırda da deputatlarımız səfərdədir. Ayrılan vəsait deputatların ezamiyyə xərcləri üçün kifayət etmir. Ümid edirik ki, məsələyə baxılacaq, dövlət büdcəsinin maliyyə ayrılacaq”.

Deputat Azay Quliyev də S.Seyidovun fikirlərini dəstəkləyib. Millət vəkili qeyd edib ki, xarici səfərlər üçün maliyyə kifayət etmir: “Torpaqlarımızı azad etdikdən sonra biz Ermənistanla beynəlxalq platformada da mübarizə aparırıq. Xarici platformada çıxış etmək üçün təəssüf ki, maliyyə o qədər də kifayət etmir. Səfərlərimiz zamanı gərək heyətin sayını iki dəfəyə qədər azaldaq. Bu da parlament diplomatiyasının zəifləməsinə şərait yaradır”.

“Eyni zamanda, qeyd edilir ki, dövlət büdcəsindən xarici mətbuatda Azərbaycan həqiqətlərinin çatdırılması üçün 10 milyon ayrılır. Bu gün biz informasiya müharibəsində qonşularımıza uduzuruq. “YouTube” platformasında Azərbaycan həqiqətləri ilə bağlı bir dənə də olsun ingilis dilli kanal yoxdur, amma Ermənistanda belə bir problem yaşanmır. Onlar özləri də bildirirlər ki, Azərbaycana qarşı təbliğatlarını artırırlar, amma biz onlara qarşı güclənmək üçün bu sahədə güclərimizi artırmalıyıq”, - deyə deputat qeyd edib.

Millət vəkilindən çağırış: " Azərbaycanın xarici kəşfiyyatı öz işlərini gücləndirməlidir"

Deputat Asim Mollazadə qeyd edib ki, Ermənistan sülh istiqamətində addım atmaq istəmir. Onun sözlərinə görə, bu istiqamətdə Azərbaycan öz işlərini gücləndirməlidir: “Terror fəaliyyətini həyata keçirən qüvvələr Azərbaycana qarşı da bu addımı ata bilərlər. Azərbaycanın xarici kəşfiyyatı öz işlərini gücləndirməlidir. İsraildə səfirliyimiz açılmalıdır”.

“Dünya azərbaycanlılarının həmrəyliyi ilə bağlı son illər bizim fəaliyyətimiz qənaətbəxş deyil. Bu istiqamətdə Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin təbliği üçün müvafiq maliyyə vəsaiti ayırmalıyıq, müvafiq Fond yaratmalıyıq. Azərbaycanlıların həm hüquqlarının müdafiəsi, həm öz ana dilində təhsil alması bu Fond vasitəsilə həyata keçirilə bilər. Dünya azərbaycanlılarının səsi dünyada daha gur olmalıdır. Türk və Azərbaycanlılar şəbəkəsi nəhayət ki, yaradılmalıdır və bizə qarşı olan təxribatlar sisteminə qarşı çıxmalıdır. Bu da bir üsuldur. Digər tərəfdən, vahid türk təhsil sisteminin, vahid əlifbanın yaradılması istiqamətində işlər ləngiyir. Biz öz alimlərimizi bu işə cəlb etməliyik. Elmə az vəsait verilməsi məsələsi qaldırılır. Söhbət fundamental elmdən gedirsə, bizim bura milyardlarla vəsait ayırmaq imkanımız yoxdur. Amma Azərbaycanın xalqının mədəniyyəti, dili ilə bağlı elm sisteminə biz vəsaitləri artıra bilərik”, - deyə deputat vurğulayıb.

Deputat: “Müdafiə Nazirliyi çıxıb niyə açıqlama vermir ki, səs yazısı düzdür, ya yox?!”

“Mətbuatdan oxuyuruq ki, Ermənistan müdafiə xərclərini 57 faiz artırır. Ümumi götürəndə bizim xərclərimiz Ermənistandan iki dəfə çoxdur, amma düşünürəm ki, bu da azdır”, - deyə çıxışında bildirən deputat Qüdrət Həsənquliyev şəhid polkovnikin yayılan səs yazısına da toxunub: “Bu yaxınlarda şəhid polkovnik Babək Səmidlinin səs yazısı Müdafiə Nazirliyi tərəfindən təkzib edilmədi. O, səs yazısında bildirdi ki, 40 faiz əsgərin gödəkçəsi yoxdur. Bu sahədə niyə boşluqlar var? Müdafiə Nazirliyi çıxıb niyə açıqlama vermir ki, səs yazısı düzdür, ya yox. Demək ki, düzgündür, bu məsələyə niyə laqeyd yanaşırlar, onu araşdırmaq lazımdır”.

“Ermənistanın Baş naziri ötən gün çıxışında bir daha qeyd etdi ki, Azərbaycanın irəli sürdüyü məsələlərə riayət etməyəcək. Azərbaycan müdafiə xərclərini daha da artırmalıdır”, - deyə deputat vurğulayıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə səs yazısı ilə bağlı bildirib ki, bu, Azərbaycan Ordusuna qarşı aparılan təxribatlardan biridir: “Sosial şəbəkələrdə yayılan hər hansı səs yazısına görə Müdafiə Nazirliyi çıxıb açıqlama verməli deyil. Bu, ordumuza qarşı olan təxribatlardan biridir”.

“Bu qədər pul Ermənistanda hardandır, onu beynəlxalq aləmdən soruşmaq lazımdır”

"Ermənistanın arxasında kimin durmasından asılı olmayaraq, Azərbaycanla sülh prosesindədir. Amma sülh imzalamağa hazırlaşan Ermənistan müdafiə xərclərini iki dəfə artırıb". Bu sözləri isə İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Deputat qeyd edib ki, bunun səbəbi nədir, arxasında nələr durur, aydınlaşdırmaq lazımdır: “Ermənistanın gəlirləri Azərbaycandan çox deyil, demək ki, xalqın boğazından kəsib müdafiə xərclərinə pul ayırır. Deməli Ermənistan sülh istəmir. Müqayisəyə baxaq, 2020-ci ildə Ermənistanın müdafiə xərcləri 669 milyon, 2021-də 678 milyon, 2022-ci ildə 754 milyon, nəhayət, 2023-cü ildə isə 1,2 milyard dollar olacaq. Bu qədər pul Ermənistanda hardandır, onu beynəlxalq aləmdən soruşmaq lazımdır”.

“Paşinyanın nitqi də son zamanlar kəskinləşib. Bu, Fransa və ya digər ölkələrlə danışıqlardan sonra olub. Yegənə ölkə olaraq, Rusiya bu prosesdən kənardadır, hətta Ermənistan bildirir ki, vəsait ödəsək də, Rusiya silahları hələ təhvil verməyib”, - deyə Z.Oruc əlavə edib.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin komitələrində müzakirəsi davam edir. Komitələrdə müzakirə bitdikdən sonra layihə Milli Məclisin plenar iclasında geniş müzakirəyə çıxarılacaq.

Müəllif: Anar Bayramoğlu