Sarkisyan nələri açdı, nələri gizlədir – İstefanın pərdəarxası

Siyasət

25.01.2022 - 23:21

Ermənistan dövlət başçısının öz postundan imtina etməsi xeyli suallar doğurur

Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib. Bu barədə dövlət başçısının saytında məlumat dərc olunub: “Prezident bugünkü ümummilli böhrana səbəb olan siyasi hadisələrə təsir edə bilmədi... Bizdə paradoksal vəziyyət yaranıb ki, Prezident heç bir real alət olmadan dövlətçiliyin təminatçısı olmalıdır”.

Sarkisyan qeyd edib ki, Prezident müharibə və sülhlə bağlı məsələlərə təsir edə bilmir: “Reallıq budur ki, Prezident dövlət və xalq üçün yararsız hesab etdiyi qanunlara veto qoya bilməz”.

O, hesab edir ki, bu vəziyyət onu və ailəsini müxtəlif siyasi qrupların hədəfinə çevirib: “Nəticədə proses mənəviyyatdan kənara çıxır və sağlamlığa təsir etməyə başlayır”.

Sarkisyan yazır: “Mən çox uzun müddət düşündüm və təxminən dörd illik fəal işdən sonra respublika Prezidenti vəzifəsindən istefa vermək qərarına gəldim. Ölkənin daxili və xarici siyasətinə təsir imkanlarının məhdud olduğu şəraitdə Prezident institutu dedi-qodu və sui-qəsd nəzəriyyələrinin obyektinə çevrilməməli, bununla da ictimaiyyətin diqqətini ən mühüm məsələlərdən yayındırmamalıdır. Əks halda, biz missiyamızın məqsədinə çatmayacaq və özümüzü tarixin kənarında tapacağıq. Artıq səhv etməyə haqqımız yoxdur”.

Çox təmtəraqlı ifadələrdir. Amma burada mahiyyət nədir? Açığı, Sarkisyan Paşinyanın siyasətinə, qəbul etdiyi qərarlara təsir edə bilməməsindən narazı olduğuna eyham vurur. Bəs onun qərarını məhz bu amil diktə etdi? Bəlkə o, sonradan məhz onun prezidentliyi dövründə Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlər qurmağa başlaması barədə nələrinsə deyilməsini istəmir? Yoxsa burada başqa bir amil var? Sarkisyanın gələcəkdə Ermənistanın Baş naziri postuna namizədliyini irəli sürmək istədiyini və buna hazırlaşmaq üçün indi Prezident postunu tərk etmək qərarına gəldiyini güman etmək olarmı?

AYNA-nın suallarını tanınmış əcnəbi ekspertlər cavablandırıblar.

Ermənistanlı politoloq, Siyasi və İqtisadi Strateji Araşdırmalar Mərkəzinin direktoru Benyamin Poqosyan:

“Düşünmürəm ki, Armen Sarkisyanın Ermənistanda hər hansı yeni siyasi ambisiyası var. Ona görə də o, hər hansı bir vəzifə tutsa, çox təəccüblənəcəyəm - Baş nazir və ya başqa.

Başa düşdüyüm qədər, bizdə hələ də konstitusiya dəyişiklikləri olacaq. Onlar deyirlər ki, hansısa formada yarımprezidentlik sisteminə keçid də mümkündür. Yəni 2018-ci ildən əvvəl olan sistemə. Və sonra, təbii ki, Paşinyan birbaşa Prezident seçkilərində iştirak edəcək. Amma belə olsa da, mən sadəcə olaraq Armen Sarkisyanın yarıprezident idarəetmə forması ilə Baş nazir olacağını istisna edirəm. Sistem dəyişməsə, o zaman növbəti parlament seçkiləri 2026-cı ildə olacaq və yenə də mən demək olar ki, o vaxta qədər Sarkisyanın yeni partiya yaradacağını və ölkənin daxili siyasi fəaliyyətində iştirak edəcəyini güman etmirəm.

“Sarkisyan adının Türkiyə və Azərbaycanla münasibətlərdə müəyyən irəliləyişlərin başlanması ilə əlaqələndirmək istəmir” versiyasına gəlincə, düzünü desəm, bu, mənə düzgün görünmür. Çünki, məsələn, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı komissiya yaradılsa belə, hamımız başa düşürük ki, bu proses illərlə, hətta on illərlə davam edə bilər. Və əgər Türkiyə ilə sərhədin açılması və diplomatik münasibətlərin qurulması ilə bağlı qərar qəbul edilirsə, o zaman mən heç vaxt Armen Sarkisyanın buna qarşı çıxdığını eşitməmişəm.

Amma razıyam ki, onun vida nitqində qeyd etdiyi səbəblər 2018-ci ilin aprelindən - Prezident olduqdan sonra aktualdır. Və onun məntiqindən çıxış edərək, demək olar ki, heç bir səlahiyyətə malik olmamasından, Ermənistanın daxili və xarici siyasətinə təsir göstərə bilmədiyindən narazı idisə, o zaman 2018-ci ilin mayında dərhal olmasa da, ən azı 2019-cu ilin yanvarında – yəni 2018-ci ilin dekabrında keçirilən növbədənkənar parlament seçkilərindən sonra sakit şəkildə istefa verə bilərdi.

Deməli, düzünü desəm, Armen Sarkisyanın niyə istefa verdiyini mühakimə etmək indi mənim üçün çətindir. Yenə də bunun hansısa Ermənistan-Azərbaycan və ya Ermənistan-Türkiyə prosesləri ilə bağlı olduğunu düşünmürəm. Və düşünmürəm ki, o, məhdud səlahiyyətlərə malik bir fiqur kimi tutduğu mövqedən bezdiyi üçün gedir”.

Gürcüstanlı politoloq, Azad Rusiya Fondunun Cənubi Qafqazdakı nümayəndəliyinin direktoru Yeqor Kuroptev:

“Təbii ki, Ermənistan Prezidentinin istefası gözlənilən idi. İlk vaxtlar inqilabdan sonra çox ciddi diplomat olan və bir çox dünya liderləri ilə şəxsi dostluq əlaqələri olan Sarkisyan xarici siyasət məsələlərində özünü söz sahibi kimi görünmək istəyirdi. Mənim fikrimcə, bu, Ermənistan üçün faydalı olardı, çünki Ermənistanın nümayəndəsi kimi Sarkisyanın çəkisi kifayət qədər böyükdür.

Mən qətiyyən razı deyiləm ki, istefa hansısa şəkildə Bakı və Ankara ilə nizamlanma prosesi ilə bağlıdır. Düşünürəm ki, Sarkisyan bir dövlət xadimi kimi münaqişənin tezliklə həllini istərdi ki, bu da Ermənistana daha da inkişaf etmək və öz müstəqilliyi uğrunda mübarizə aparmaq imkanı verəcək. O cümlədən indi Ermənistan, Azərbaycan və Türkiyənin nəyisə müzakirə etməyə çalışdığı bütün formatlara nəzarət edən Kremldən müstəqillikdən söhbət gedir.

Düşünürəm ki, Prezident öz bəyanatında getməyin səbəblərini açıq şəkildə göstərib: ölkə, bir neçə ildir tutduğu mövqedə olanda, Prezident olsa və Ermənistanın adından danışsa belə, proseslərə təsir etmək imkanı olmayanda, çox ağır yükdür.

Səhhəti imkan verərsə, Sarkisyanın bu və ya digər vəzifədə aktiv fəaliyyətini davam etdirmək üçün hər şansı var. İndi siyasi postlarla bağlı planlardan danışmaq tezdir. Sarkisyanın müəyyən şansları var və təbii ki, o, daha geniş səlahiyyətlərlə (dəyişikliklər hazırda fəal müzakirə olunur) prezidentlik və digər postlar uğrunda yarışa bilərdi. Baxaq, Sarkisyan nə qərar verəcək və Ermənistan xalqı bu qərarı necə qiymətləndirəcək”.

Cənubi Qafqaz üzrə rusiyalı ekspert Konstantin Tasits:

“Mənə elə gəlir ki, Armen Sarkisyanın sözlərində hansısa ikili məna axtarmaq lazım deyil. O, istefasının səbəblərini açıq şəkildə bildirir. 2015-ci il konstitusiya islahatından sonra Ermənistanda Prezidentin səlahiyyətləri əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb və o, mərasim fiquruna çevrilib. Sarkisyana bu postu tutmaq təklifi gələndə Prezidentin xarici siyasətə və diasporla münasibətlərə, iqtisadi və investisiya fəaliyyətinə təsir etmək üçün qeyri-rəsmi alətlərə malik olacağı vəd edilib.

Ancaq görünür, 2018-ci ilin mayında gələn respublikanın yeni rəhbərliyi ilə bu məsələlərdə razılığa gəlmək mümkün olmayıb. Ən mühüm siyasi qərarlar verilərkən Prezidentin fikri nəzərə alınmadı. Xüsusilə, o, 2020-ci ilin noyabrında Dağlıq Qarabağda atəşkəs haqqında Üçtərəfli Bəyanatın hazırlanması və imzalanması barədə heç nə bilmirdi.

İndi prezidentlikdən getdikdən sonra Sarkisyanın gələcəyini proqnozlaşdırmaq çətindir. Bir tərəfdən onun böyük siyasi təcrübəsi və geniş beynəlxalq əlaqələri var. Lakin onun ölkə daxilində kifayət qədər seçici dəstəyi və ya güclü siyasi partiya şəklində dəstəyi yoxdur”.

Müəllif: Rauf Orucov