"Sibur" və "Sinopec" Amur QKK-nin tikintisi strategiyasını yenidən nəzərdən keçirəcəklər
Rusiyanın “Sibur” şirkəti və onun çinli tərəfdaşı “Sinopec” anti-Rusiya sanksiyaları fonunda Amur Qaz-Kimya Kompleksinin (QKK) tikintisi üzrə meqalayihənin həyata keçirilməsi strategiyasını nəzərdən keçirəcək.
AYNA-nın xəbərinə görə, "RBC"ya layihənin bir neçə podratçısına yaxın mənbə bildirib ki, layihə 2024-cü ilə qədər başa çatdırılmalı idi, lakin bəzi avadanlıqların çatdırılmasında problem yarandığı üçün ləngiməli olub. Çətinliklər, digər məsələlərlə yanaşı, Rusiyaya yüksək texnoloji avadanlıqların tədarükünə qoyulan məhdudiyyətlərlə bağlıdır.
"Sibur"un Mətbuat Xidməti təsdiqləyib ki, hər iki tərəfdaş Amur QKK layihəsinin həyata keçirilməsi strategiyasına yenidən baxılması zərurətini görür və yaxın gələcəkdə müvafiq qərarlar qəbul edəcəklər.
Martın sonuna qədər layihə 40 faizə yaxın icra olunub və hazırda tikinti-quraşdırma və digər işlər davam etdirilir.
Qeyd edək ki, layihənin 60 faizi "Sibur"a, qalan pay isə "Sinopec"ə məxsusdur.