Sanksiyalar işğalçını niyə çökdürmür – “Ayı immuniteti”

İqtisadiyyat

30.06.2022 - 18:27

Rusiyada süni defolt Ukraynaya qarşı müharibəni dayandıra bilmir

Qərb xəbər agentliklərinin məlumatına görə, iyunun 27-də Rusiya 1918-ci ildən bəri ilk dəfə xarici dövlət borcunu ödəməkdən imtina edib. Ödənilməmiş xarici öhdəliklərin məbləği qonşu ölkənin standartları ilə müqayisədə cüzidir, ona görə də iqtisadçılar dollar və avro ilə hesablaşmaların qarşısını alan Qərb sanksiyaları səbəbindən yalnız texniki defoltdan danışırlar.

Rusiya Maliyyə Nazirliyi vəziyyəti belə şərh edir: Xarici borc öhdəlikləri tam həcmdə yerinə yetirilib, lakin ödənilən avro və dollarlar beynəlxalq hesablaşma və klirinq sistemlərinin hərəkətləri səbəbindən alıcılara çatmayıb. Sadə dillə desək, Qərbin tətbiq etdiyi anti-Rusiya sanksiyaları dollar və avro ilə hesablaşmaların qarşısını alır, ona görə də baş verənləri defolt, daha doğrusu, borcları ödəyə bilməmək adlandırmaq çətindir.

Elan edilmiş defoltun texniki xarakteri bu barədə məlumat verən “Bloomberg” tərəfindən də etiraf edilir. Nəşr defoltu “Rusiyaya qarşı sanksiya kampaniyasının kuliminasiyası” adlandırır və ən əsası etiraf edir ki, Qərbin sanksiyaları şəraitində dollar və avro ilə hesablaşmalara mane olan Moskva bir neçə ay ərzində öz xarici borcunu ödəmək  yollarını tapmışdı, lakin sonunda bunun üçün bütün imkanlar tükəndi.

O da ümumən etiraf olunur ki, yuxarıda sadalanan səbəblərə görə ödənilməmiş borcun məbləği Rusiya üçün əhəmiyyətsizdir - cəmi 100 milyon dollar.

“Reallıqda Rusiyada defolt yoxdur və bu, göz qabağındadır. Bu qərar Rusiya hökumətinin ödəmə qabiliyyətini dəyişmədi”, - deyə iqtisadçı ekspert Vasili Koltaşov vəziyyəti “boşuna havaya atılan kiçik atış” kimi qiymətləndirir. Analitikin fikrincə, elan edilmiş defolt heç bir nəticə verməyəcək.

Yəni iqtisadçıların qənaətincə, ortada Kremlin “hərbi maşını”nın imkanlarına o qədər də xələl gətirməyəcək düşünülmüş aksiya var.

İqtisadçı ekspert Natiq Cəfərli AYNA-ya şərhində deyib ki, Rusiyaya qarşı yeganə təsirli sanksiyalar neft və qazın qiymətinin aşağı salınması ola bilər: “Rublun möhkəmlənməsi üçün bu, yeganə tədbirdir. Xarici şirkətlərin Rusiya bazarından çıxarılması və iqtisadi boykotlar təbii ki, öz təsirini göstərəcək, amma dərhal deyil, gələcəkdə. Demək istəyirəm ki, Ukraynada müharibəni dayandırmaq üçün nəzərdə tutulan bu sanksiyaların mahiyyəti və məqsədi baxımından belə uzanan effekt səmərə vermir”.

“Eyni zamanda, karbohidrogen xammalının artan ixracı hesabına ölkənin gəlirləri artır. Neft qiymətləri sanksiyalar səbəbindən xeyli qalxdı. İxrac məhdudiyyətlərinə baxmayaraq, Rusiya nefti Hindistana və Çinə 20-30 faiz ucuz olsa da, satılır. Lakin Rusiya Federasiyası nefti 80-90 dollara da ixrac edirsə və onun hasilatının maya dəyəri 10-14 dollardırsa, fayda göz qabağındadır”, - deyə analitik bildirib.

Onun sözlərinə görə, bu gün biz qaz bazarında Rusiyaya qarşı sanksiyaların əks nəticəsi müşahidə olunur: “Təbii yanacağın qiyməti rekord həddə çatıb və Rusiya onu Avropaya satmaqda davam edir, lakin əvvəlkindən xeyli bahadır. Əgər 2019-cu ildə mavi yanacağın ixrac qiyməti orta hesabla 240 dollar idisə, ötən ilin sonundan bu yana 1000 dollar olub”.

“Bundan əlavə, “The Economic Times” yazır ki, yanvar-iyun aylarında Hindistan Rusiya neftinin tədarükünü 50 dəfəyə qədər (!), Çin isə 56 faiz artırıb. Ona görə də sual yaranır: sanksiyalardan kim uduzdu? Qərbdə - Avropada və ABŞ-da benzin bahalaşır. Mən hələ Rusiya neftinin ərəb ölkələri vasitəsilə Qərbə çatdırılmasının “sol” yollarını demirəm. Amma fakt budur ki, maliyyə faydaları ilə ideyalar qarşıdurmasında pul prioritetdir. Maraqlı tərəflərin dar təbəqəsi mövcud vəziyyətdən pul qazanır”, - deyə Cəfərli vurğulayıb.

Bu tədbirlərin davamı olaraq ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyalar paketini dərc edib. Buraya Rusiya qızılının ölkəyə idxalına qadağa da daxildir. İstisna kimi, "qanunla nəzərdə tutulmuş" hallar və Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) digər icazələri göstərilir. Yaxın vaxtlarda Böyük Britaniya, ABŞ, Yaponiya və Kanada Rusiya qızılının idxalına qadağa qoyacağını elan edəcək. Böyük Britaniyanın Baş naziri Boris Conson digər G7 üzvlərini boykota qoşulmağa çağırıb.

Müsahibimiz əmindir ki, nəticədə Rusiya yalnız qərbdən cənuba - Hindistana ixracatını həyata keçirəcək: “Fiziki qızıl alışı baxımından Hindistan dünyada liderdir. Hindistan və Çinə qızıl tədarükünü genişləndirməklə Rusiya uduzmayacaq. Bir sözlə, Rusiya iqtisadiyyatı böhrana düşəcək, lakin bu, uzun prosesdir, amma sanksiyaların məqsədi Ukraynada müharibəni elə indi dayandırmaqdır. Amma burada və indi biz sanksiyaların əks effektini görürük - sanksiyalar səbəbindən bahalaşan karbohidrogenlərə tüğyan edən inflyasiya, dünya demokratiyasını təhdid edən qeyri-sabitlik, hökumətlərin mövqelərini sarsıdan, onların seçkilərdə məğlubiyyətinə zəmin hazırlayan vəiyyət. İndi, digər şeylərlə yanaşı, Qərb Rusiyanın süni defoltuna, ödənişlərin rəsmi şəkildə pozulmasına nail olub. Ölkə borcunu ödəyə bilər, amma sanksiyalar onu ödəməyə mane olur. Defolt Rusiya ödəmək istəmədiyi üçün deyil, sanksiyalara görə belə imkandan məhrum olduğu üçün baş verib. Defolt damğası xarici kreditlərdən asılı olan ölkələr üçün ağrılıdır, amma Moskva nə itirir?!”.

Müəllif: Tanya Samsonova