Şagirdlər iki günlük tədbirdə dörd "Owlypia Challenge" də iştirak edəcəklər
"Evrika" liseyi şagirdlər üçün "Owlypia İntellektuallar Həftəsi" keçirəcək. Bu barədə AYNA-ya liseydən bildirilib. Qeyd edilib ki, 2 və 3 aprel tarixlərində həyata keçiriləcək tədbirdə məqsəd "Owlypia" təcrübəsini şagirdlərə daha yaxın etməkdir.
Bildirilib ki, "Owlypia" gənclərə hər sahədə şəxsiyyət kimi böyümək və inkişaf etmək şansı vermək istəyindən qaynaqlanıb: "Biz inanırıq ki, gənc və maraqlanan beyinlərə stimullaşdırıcı mühitdə biliklərini genişləndirmək və fikirlərini bölüşmək imkanı verilməlidir ki, "Owlypia" məhz bunu özündə ehtiva edir. "Owlypia İntellektuallar Həftəsi" intellektual potensialı inkişaf etdirən və şagirdləri sinifdən kənarda sosial və akademik bacarıqlarını təkmilləşdirməyə təşviq edən fəaliyyətlərlə dolu maraqlı və interaktiv həftədir. Tədbir həmçinin tələbələr, müəllimlər və ailələr üçün əlaqə yaratmaq, birlikdə işləmək və bir-birindən öyrənmək üçün unikal imkan yaradır".
Şagirdlər iki günlük tədbirdə dörd "Owlypia Challenge" də iştirak edəcəklər. Bu tədbirdə iştirak edə biləcək yaş qrupları "Owlins" (9-11), "Owlets" (12-14) və "Owleys" (15-18) ola bilər. Şagirdlər qeydiyyatdan keçərkən ən sevimli fənlərindən birini seçməlidirlər. Bu fənlər İncəsənət və Dizayn, Ədəbiyyat və Mədəniyyət, İqtisadiyyat və Biznes, Elm və Texnologiya və Sosial Elmlərdir.

