Hava yağmursuz keçəcək
Azərbaycanda oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Gecə 14-17 dərəcə isti, gündüz 22-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 60-70% olacaq.
Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16 dərəcə isti, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq.