“Rusiyanın Ermənistanda uduzduğunu deyənlərin dünyadan xəbərləri yoxdur”

Siyasət

22.06.2021 - 13:20

Anar Həsənov: “Bu gün Moskvanın tərəfdaş Ankara və Tehrandır, ermənilərin istəkləri isə Rusiya-Türkiyə tərəfdaşlığına maneədən başqa bir şey deyil”

 

Rusiyanın Xalqlar Dostluğu Universitetinin böyük müəllimi, filologiya elmləri namizədi, politoloq Anar Həsənov AYNA-ya müsahibəsində Ermənistanda keçirilən parlament seçkiləri, bölgədə yaşanan siyasi proseslər və gözləntilər barədə fikirlərini bölüşüb.

 

- Beləcə Ermənistanda parlament seçkilərinin nəticələri bəlli oldu. Ümumi mənada bu seçkiləri – təbliğat-təşviqat mərhələsindən yekununadək necə xarakterizə edirsiniz?

 

- Qonşu dövlətdə seçkilərin ritual xarakter daşımadığının şahidi olduq. İctimai siyasətin inkişaf etdiyini gördük. Bir neçə insidenti nəzərə almasaq, seçkinin şəffaf keçdiyini demək olar. İqtidar seçkiöncəsi müstəqil və müxalifət mediasına basqı etmədi, siyasi fəallara qarşı represiya müşahidə edilmədi. Bütün sivil dövlətlərdə olduğu kimi Ermənistanda ciddi siyasi rəqabət yaşandı. Çünki hakimiyyət bir siyasətçinin əlində cəmləşməyib, parlament imitasiya xarakterli deyil. Odur ki, seçkidən kimin qalib çıxacağı ilə bağlı heç kəsdə əminlik yox idi.  

Niyə düşmənin pıçıltısı bizim qışqırığımızdan çox eşidilir –     Moskvadan baxış

- Azərbaycanda əksər siyasi müşahidəçilərin qənaəti ondan ibarətdir ki, Ermənistanda Paşinyan - “Qarabağ klanı” deyil, Qərb – Rusiya mübarizəsi gedirdi və birinci tərəf qalib gəldi. Bu mövqeyi bölüşürsünüz?

 

- Xeyr! Paşinyanı Qərbin kadrı kimi təqdim etmək manipulyasiyadır. Heç kəs sübut edə bilməz ki, 2018-ci ildə onu hakimiyyətə Qərb gətirdi. Paşinyan fenomeninin əsasında müasir medianın imkanlarından peşəkar istifadə dayanır. Mağara adamını xatırladan rüşvətxorların gənc, kreativ, vətənpərvər kadrlarla əvəzlənməsini anti-Rusiya siyasəti kimi qiymətləndirmək informasiya qarşıdurmasıdır ki, bunun ciddi ekspertiza ilə əlaqəsi yoxdur.

 

Əgər Nikol Rusiya ilə inteqrasiyaya üz çevirsəydi, hazırda hakimiyyətdə olmazdı. Buna əmin olun. Ermənistanı cəzalandırmaq üçün Rusiyanın rıçaqları az deyil. Paşinyan dövrü görməyi bacarmayan revanşıst qüvvələrdən fərqli olaraq, erməni xalqının maraqlarına xidmət edir. Rusiyadan asılılığı artırmaqsa heç bir müstəqil dövlətin marağında ola bilməz. Paşinyanın qələbəsi erməni xalqının doğru seçimidir. Bu seçimi Qərb - Moskva kontekstində dəyərləndirmək təbliğata xidmət edir.

 

- Amma belə fikirlər də var ki, Moskvanın bütün cəhdlərinə baxmayaraq, Ermənistanda Rusiyaya bağlı bir hakimiyyət formalaşdırmaq mümkün olmadı. Yəni Kreml öz forpostunda öz gücünü reallaşdıra bilmədi...

 

- Ermənistan yeganə dövlətdir ki, onun müxalifət və iqtidar liderləri Kremldə qəbul edilir, amma bu fakt  onu deməyə əsas vermir ki, Moskva Köçəryanı dəstəkləyirdi. Əgər belə idisə, istefasından sonra Paşinyanı Kremldə qəbul etməzdilər. İstefaya çıxmış birisinin Putin tərəfindən qəbul edilməsi, onunla birgə mətbuata çıxması və məhz Rusiyanın arzuladığı sualları cavablandırması faktları yetərdi ki, Kremlin sözügedən siyasi prosesdə müşahidəçi olduğunu anlayasan. Paşinyan Rusiyadan üz çevirsəydi, Moskvaya son gəlişində Rusiyadan yeni təyyarələr istəməzdi, Kremldən Ermənistanda daha bir atom elektrik stansiyasi inşa etməyi diləməzdi. Azərbaycanda Paşinyan amilinə hələ də informaiya qarşıdurması çərçivəsində baxırlar və bu səbəbdən emosional izah sxemləri ilə mifoloji nəticələr çıxarırlar.

 

- Hazırda belə proqnozlar var ki, Paşinyanın qələbəsi ilə İrəvanın Qərbə istiqamətlənmiş siyasi kursu formalaşır, həmçinin Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpasına, kommunikasiyaların açılmasına başlanılır. Ermənistandan revanşist, aqressiv deyil, məhz belə bir siyasi kurs gözləməyə dəyərmi?

 

- Tarix, sanki yenidən təkrar olunur. Vəziyyət 1921-ci il Qars müqaviləsini – Türkiyə-Zaqafqaziya respublikaları konfransını xatırladır. O vaxt Ermənistan və Gürcüstan Rusiyanın “əli” ilə, Azərbaycan, İran və Türkiyə praqmatik maraqlara əsaslanaraq əməkdaşlıq yoluna qədəm qoymuşdu. Ermənistanın 1921-ci ildə Türkiyə və Azərbaycanla yaxınlaşması indi də Moskvanın bu yaxınlaşmada Azərbaycanın və Türkiyənin yanında olmasından irəli gəlir. Görünən odur ki, Rusiya Qərbdən izolə siyasətinə üstünlük verir və növbəti illər kollektiv Qərbə qarşı radikal addımlar atacaq. Regionda Moskvaya tərəfdaş İran və Türkiyədir - bir növ 1921-ci ildə olduğu kimi. Türkiyə də, Rusiya da siyasi sistemlərinin tipinə  və liderlərinə görə Qərb tərəfindən hədəfdir. Bu şəraitdə Ermənistanın istəkləri hər iki dövlətin tərəfdaşlığına maneədən başqa bir şey deyil. Bunu Paşinyan anlayır, odur ki, regional tərəfdaşlığa gedəcək.  

 

- Qeyd etdiyim kimi, əksər analitiklər Paşinyanı və onun komandasını anti-Rusiya mövqeli kimi dəyərləndirirlər və Ermənistanda Moskvanın dəstəklədiyi qüvvələrin hakimiyyətdən kənarda qaldığını iddia edirlər. Lakin məsələnin digər aspektinə nəzər salaq. Axı, Paşinyan 10 noyabr Üçtərəfli Bəyanata imza atmış və onun həyata keçirilməsinə razılıq vermiş siyasətçidir – o bəyanata ki, Putinin təşəbbüsü və istəyi ilə imzalandı. Belə çıxır ki, Moskva özünün zamin durduğu layihəni icra edəcək hökumət başçısının dəyişməsində maraqlıydı…?

 

- Rusiyanın Ermənistanda uduzduğunu düşünənlərə Ermənistanla Rusiya arasındakı ticarət dövriyyəsini nəzərdən keçirməyi məsləhət görürəm. Ələlxüsus, ixraca fikir yetirmələrini xatırladıram. Qonşu dövlətin ixracının əsas ünvanı, onun əhalisinin miqrasiya etdiyi, ərazisini qoruyan Rusiyadır. Kim uduzdu, nəyi uduzdu??? Razdan AES, Ermənistan dəmir yolları, iri banklar, elektrik enerjisi və təbii qaz istehsal edən şirkətlərin Rusiyaya aidiyyətini də nəzərə alsaq, Rusiyanın uduzduğunu deyənlərə sözüm qalmır, onların dünyadan xəbərləri yoxdur.

 

- Və son olaraq, bundan sonra bölgəmiz, Qarabağ, Zəngəzur dəhlizi, kommunikasiyalar və sair baxımından gözləntiləriniz nədir?

 

- Unutmayaq ki, terror erməni siyasi elitasının müraciət etdiyi ənənəvi metoddur. Odur ki, Paşinyanın nəzərdə tutulmuş vaxta qədər hakimiyyətdə qala bilmək şansını da unutmayaq. Məncə, növbəti illərdə əsas məsələ Zəngəzur dəhlizinin gerçəkləşməsi olacaq. Çünki, Rusiyanın bu dəhlizdə qalması MÜDDƏTSİZDİR. Odur ki, Azərbaycan qədər Rusiya da onun işə düşməsində maraqlıdır.

 

Qarabağda köklü dəyişiklikləri isə ora azərbaycanlı məcburi köçkünlərin qayıdışından sonra görürəm. Soydaşlarımız ora qayıtmayana qədər, millətlərarası münasibətlər yumşalmayana qədər Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasını görmürəm. Bilirsiz, Azərbaycanda İlham Əliyevə alternativ olacaq siyasi qüvvə yoxdur, xalq idarətmədə iştirak etmir - proseslərin autsayderidir, siyasi rəqabət də sıfır səviyyəsindədir, ictimai siyasət imitasiyadər. Sizcə, belə bir şəraitdə iqtidar Rusiyanın maraqlarına zidd məsələlərdə Kremli niyə tələsdirməlidir?! Unutmayaq ki, ayı ilə tanqo oynayırsansa, ayağının tapdalanma ehtimalını da gözləməlisən.

 

Odur ki, Rusiyanın əli ilə Qarabağ ermənilərinin özbaşnalığına son qoyulmayacaq. Azərbaycan əsgərinə də bu məsələdə xüsusi fəallığa imkan verilməyəcək. Xankəndidə Azərbaycan idarəetməsi Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh sazişindən sonra mümkündür və hər şey bu sazişə doğru gedir.

Müəllif: Tural Talehoğlu