Rusiyada qeyri-qanuni miqrantların reyestri yaradılır

Dünya

19.09.2024 - 15:55

Həkimlər Klinikalar SEO Xidməti

Qanunsuz miqrantların hüquqları əhəmiyyətli dərəcədə məhdudlaşdırılacaq

Rusiyada qanunsuz miqrantların hüquqları əhəmiyyətli dərəcədə məhdudlaşdırılacaq. AYNA xəbər verir ki, bu barədə “Kommersant”a Daxili İşlər Nazirliyi (DİN) rəhbərinin birinci müavini Aleksandr Qorovoy deyib.

Bildirib ki, indi hakimiyyət Rusiyada qeyri-qanuni qalan əcnəbilərin reyestrini yaradır. Ona daxil olandan sonra miqrantlar nəqliyyat vasitələrini idarə edə, bank xidmətlərindən istifadə edə, əmlakın qeydiyyatını apara, nikah bağlaya və ya poza bilməyəcəklər.

Qorovoy qeyd edib ki, “maraqlanan idarələr” və deputatlar miqrasiya sahəsində digər qanunvericilik təşəbbüsləri üzərində işləyirlər.

Qorovoyun sözlərinə görə, hazırda Rusiyada 739 minə yaxın qanunsuz miqrant var. Bunlar əsasən Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan və Azərbaycan vətəndaşlarıdır. Rəsmi qeyd edib ki, 2022-ci ilə qədər qeyri-qanuni miqrantların xüsusi çəkisi 30%-dən çox olub və indiki azalmanı “Daxili İşlər Nazirliyinin bütün səviyyələrdə hakimiyyət orqanları ilə birgə fəaliyyətinin yaxşı nəticəsi” adlandırıb.

Qorovoy onu da bildirib ki, bu ilin birinci yarısında Rusiyadan miqrantların çıxarılması ilə bağlı yüz minə yaxın qərar qəbul edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50% çoxdur.

Qeyd edək ki, “Crocus City Hall” konsert zalında 145 nəfərin ölümü və 550-dən çox insanın yaralanması ilə nəticələnən terror aktından sonra Rusiyada miqrantlara qarşı ksenofobiya hissləri daha da kəskinləşib. Hüquq-mühafizə orqanları əcnəbilərin evlərində və iş yerlərində mütəmadi reydlər keçirir.

İqtisadçıların fikrincə, Rusiyaya son 10 ildə ən aşağı səviyyəyə düşmüş miqrant axını ölkədə kadr böhranını ciddi şəkildə gərginləşdirə bilər.

Müəllif: Ayna.az