Rusiya Xəzəri məhv edir: dəniz hərbi poliqona çevrilib

Aktual

26.06.2022 - 17:48

Qubad İbadoğlu: “Sahilyanı dövlət ondan ərazi sularını dərhal tərk etməsini tələb edə bilər”

“Rusiya yenidən Kiyevə raket zərbələri endirib, çoxmərtəbəli yaşayış binası dağılıb, həlak olanlar,  xəsarət alanlar var. Bu raketlər bugün səhər saat 4-dən 6-dək Rusiyanın Xəzər dənizindən atdığı  X-101 raketləridir. Bu barədə  Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat Ümumkrayna telemarafonunun efirində bildirib”.

AYNA xəbər verir ki, bu sözləri Demokratiya və Rifah Partiyasının rəhbəri Qubad İbadoğlu deyib. Siyasətçinin sözlərinə görə, bu, Rusiyanın Xəzər dənizindən Ukraynaya atdığı birinci və sonuncu raket deyil: “Hələ bundan əvvəl Xəzər dənizin Azərbaycan sularından, Lənkəran şəhərinin yaxınlığından Suriyaya Kalibr raketlər atıb. Xəzər dənizindən hərbi məqsədlər üçün  istifadə edilməsinə Xəzərsahili ölkələr heç vaxt etirazlarını bildirməyiblər. Odur ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Xəzər dənizi əsas poliqonlardan birinə çevrilib. “Xəzər dənizinin hüquqi statusu haqqında” 2018-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış Konvensiya təsdiq edən ölkələrdən biri də Azərbaycandır. İlham Əliyevin imzaladığı “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Qanunun 11-ci maddəsinin 14-cü bəndində qeyd olunur ki,  "Hərbi gəmi və ya qeyri-kommersiya məqsədləri üçün istifadə olunan dövlət gəmisi ərazi sularından keçidlə bağlı sahilyanı dövlətin qanun və qaydalarına riayət etmədikdə, qanun və qaydalara əməl etməklə bağlı edilən müraciətə məhəl qoymadıqda, sahilyanı dövlət ondan ərazi sularını dərhal tərk etməsini tələb edə bilər”.

“Bildiyiniz kimi Rusiyanın hərbi gəmiləri  dəfələrlə  Azərbaycan sularına daxil olmuş və ordan da hərbi məqsədlər üçün istifadə etmişdir. Digər tərəfdən, raketlərin atılması Xəzər dənizinin ekoloji sisteminə ziyan vurur,  suları çirkləndirir. Qanunda Xəzər dənizinin ekoloji sisteminə vurulan zərərə görə, çirklənməyə yol verən tərəfin məsuliyyəti də müəyyən edilib.  Hesab edirəm ki, yerli və beynəlxalq ekoloji təşkilatlar Xəzər dənizinin ekologiyası, bioloji resurslarının mühafizəsi məqsədilə Rusiyanın bu dənizdən hərbi məqsədlər üçün istifadəsinin əleyinə mövqe qoymalı və Rusiyadan kompensasiya tələb etməlidirlər”, - deyə İbadoğlu vurğulayıb.

“Belə raketlər Xəzər dənizinin ekologiyası, bioloji resurslarını da məhv edir. Odur ki, gəlin Rusiyanın Xəzər dənizindən hərbi məqsədlər üçün istifadəsinə qarşı ictimai mövqe sərgiləyək, Xəzəri qoruyaq, dinc əhalinin öldürülməsinə imkan verməyək”, - deyə partiya sədri çağırış edib.

Müəllif: Ayna.az