Müdafiə nazirinin müavini: "Onlar mütləq zərərsizləşdiriləcəklər"
Rusiya Ordusu Kiyevin mərkəzinə doğru hərəkət edir. AYNA "Zn.ua" saytına istinadən bildirir ki, Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinə məxsus iki avtomobili ələ keçirib və Ukrayna hərbçilərinin formalarını geyinərək paytaxtın Obolon rayonundan sürətlə Kiyevin mərkəzinə doğru irəliləyiblər.
Ölkənin müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, həmin iki avtomobilin ardınca Rusiyaya məxsus hərbi yük maşınlarının karvanı gəlir.
"Onlar mütləq zərərsizləşdiriləcəklər", - deyə Malyar vurğulayıb.
A.Malyarın sosial şəbəkə səhifəsindən Ukrayna Silahlı Qüvvələrinin ələ keçirilən maşınları və Rusiya Federasiyasının texnikasının videosu da olub, lakin dərc edildikdən dərhal sonra silindi. Paylaşımın mətni isə qalıb.
Xatırladaq ki, fevralın 24-də səhər saatlarında Rusiya Prezidenti Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyat elan edib. Səhər saat 5 radələrində Rusiya Ukraynanın işğalına başlayıb və bir çox böyük şəhərlərdə partlayışlar eşidilib. Onlarla insan yaralanıb və ölüb.
Günortadan sonra Rusiya Ordusu Sumı şəhərinə, eləcə də Xerson vilayətinin bir sıra şəhərlərinə soxulub. Axşam saatlarında işğalçılar Çernobıl Atom Elektrik Stansiyasını ələ keçiriblər.
Fevralın 25-də səhər saatlarında Ukrayna hərbçiləri Çerniqov vilayətində rus qoşunlarının hücumunu dəf edə biliblər.
Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində tək qaldıqlarını, müttəfiqlərindən real dəstək gəlmədiyini bildirib. Amma Ukrayna Ordusunun və xalqının sona kimi döyüşəcəyinə əmin olduğunu söyləyib.