“Rusiya Ermənistanın “xərclənməsinə” mane olmayacaq”

Siyasət

26.01.2024 - 17:45

Anar Həsənov: “Ruslar 2025-ci ilədək Qarabağı tərk edib evə qayıda bilməzlər, Qarabağdan çıxıb Zəngəzur dəhlizinə yerləşə bilərlər”

Moskvada yaşayan azərbaycanlı politoloq, Rusiyanın Xalqlar Dostluğu Universitetinin dosenti, filologiya elmləri namizədi Anara Həsənov AYNA-ya müsahibəsində Azərbaycan – Ermənistan münasibətləri, bölgəmizin bu günü və sabahı, həmçinin geosiyasi prosesi təhlil edib. Beləliklə:

- Qarabağ problemi həllini tapdı, amma hələ də həllini gözləyən problemlər var: sərhədlərin delimitasiyası, sülh sazişi, Zəngəzur dəhlizi. Bu problemlər sizə nə deyir?

- Qarabağ problemi Azərbaycan üçün həllini tapdı. Amma Azərbaycanın opponentləri – Qərb üçün (hətta deyərdim, Ermənistan üçün) həllini tapmamış qalır. Sözhbət Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh müqaviləsindən də getmir, söhbət 120 min erməninin taleyindən gedir. Bu səbəbdən “Qarabağ problemi həllini tapıb” tezisi birmənalı qarşılanmır.

Sərhədlərin delimitasiyası və Zəngəzur məsələlərinə gəldikdə, mən bura təzminat məsələsini də əlavə edərdim. Azərbaycan tərəfi siyasi diskurslarda ortaya qoyduğu məsələlərdən biri də təzminat məsələsidir, Göyçə gölünün resurslarından istifadə məsələsidir. Bu sadalanan məsələlərin həlli əlverişli geosiyasi vəziyyətdən asılıdır. Sərt də olsa, deməliyəm ki, artıq Ermənistan dövlətinin, dövlətçiliyinin müddəti bitib. Hazırda bu mövzu siyasi dəhlizlərdə müzakirə olunur. Birinci Dünya müharibəsindən qalib çıxan Qərb dövlətlərinin yaratdığı bu süni dövlətin müddəti bitib və xəritədə dəyişikliklər olmalıdır. Bu mənada şəxsən mən Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına və delimitasiya-demarkasiya məsələsinə inanmıram. Olsa-olsa, çərçivə sazişi imzalana bilər.

- Yenə bu problemlərdən yola çıxsaq, bir geosiyasi düyün yaranıb: İrəvan Qərblə, əsasən də Parislə siyasətini uzlaşdırır, onların himayəsi altına girib və eyni mövqedən çıxış edirlər. Bakının öz mövqeyi və yolu var ki, burada Ankara ilə sinxron siyasət yürüdülür. Moskva nə düşünür və nə deyir bu mənada?

- Moskva üçün Ermənistan artıq əvvəlki cəlbediciliyini itirib. Bilirsiniz, Rusiya elə bir dövlətdir ki, o, çox kiçik bir qrupun fikirləri, yanaşması ilə idarə olunur. Əvvəllər cəmiyyəti “Ermənistan Rusiyanın tarixi müttəfiqidir” ideyası ilə istismar edirdilər, ya da etməyə çalışırdılar. Lakin artıq bu fikir qüvvədən düşüb. Artıq “tarixi müttəfiqlik”, “Rusiya Ermənistanı qoruyacaq”, “Moskva İrəvandakı əvvəlki mövqelərini bərpa edəcək” kimi yanaşmalar keçmir. Çünki vəziyyət dəyişib. Artıq regionda Türkiyə kimi bir dövlət var və bu dövlət nə Osmanlı İmperiyasıdır, nə də 20-ci əsrdəki Türkiyə Cümhuriyyətidir.

Bu mənada Ermənistan Rusiya üçün cəlbediciliyini itirib. Ermənistanın Rusiyanın maraqlarını müdafiə etməsi amilinə gəldikdə, bunu Azərbaycan da edə bilər. Ona görə də Ermənistan ərazisinin kiçilməsi, Azərbaycanın 1918-20-ci illər xəritəsini bərpa etməsi məsələləri reallıqdır. Nəzərə alsaq ki, bu gün dünya, BTM böhran içərisindədir, o baxımdan “dünya bizə nə deyər” yanaşması da inandırıcı deyil – kim güclüdürsə, o da haqlıdır.

Dediyim kimi, Ermənistam artıq Rusiya üçün mühüm ölkə deyil və İrəvan Qərbə meyl etdiyi üçün Moskva Ermənistanın “xərclənməsinə”, ərazisinin kiçilməsinə maneçilik törədən deyil. Moskva üçün əsas olan odur ki, bizim ərazimizdən Türkiyəyə gedən yola nəzarət etsin. Nə cür ərazi dəyişmələri baş verdi, hansı kənd alındı, hansı qəsəbə verildi – Rusiya bunlara müdaxilə etmək niyyətində və iqtidarında deyil. Hətta deyim ki, Ukraynada müharibə bitdikdən sonra belə, Rusiya cənabda Türkiyə ilə münaqişə yaratmaqda maraqlı deyil.

- Rusiya XİN başçısı Sergey Lavrov belə bir açıqlama verib: “Azərbaycanın əsas hissəsinin Naxçıvanla əlaqəsinin təmin olunması 10 noyabr bəyanatında qeyd olunub. Yola Rusiya FTX nəzarət etməlidir və bu, ölkələrin suverenliyini pozmur. Paşinyan deyir ki, Azərbaycana İranın Naxçıvanla əlaqə üçün tanıdğı şərtlər əsasında yol verməyə hazırdır. Mən onun fikirlərində məntiq görmürəm”. Bu bəyanatdan nə anlaşılır?

- Bu, Paşinyanın bəyanatına kontr-artumentdir. Lavrov bildirir ki, İrəvanın öz tələblərini simmetrik etməyə haqqı yoxdur, Ermənistanın Azərbaycana qarşı simmetrikliyi yersizdir. Diqqətə çatdırır ki, 10 noyabr sazişinin 9-cu bəndində “mən sənin qatarlarını yoxlamıram, sən də mənim qatarlarımı yoxlama” kimi bir bənd yoxdur. Yəni bunlar Paşinyanın əlavələri və ya hoqqabazlıqlarıdır. Rusiya XİN başçısı onu demək istəyir ki, Ermənistan Baş naziri prosesi uzadır, müəyyən problemlər yaradır.

Bütün bu yanaşmaların özündə biz nə müşahidə edirik? Təkrar edirəm: İrəvan Moskva üçün cəlbediciliyini itirib. Rusiya Ermənistana anlatmağa çalışır ki, bu hoqqabazlıqlarına görə Azərbaycan sabah səni cəzalandırarsa, günahı özündə axtar. Rusiya siyasi dairələrində deyilir ki, günahkar ermənilərin özləridir, çünki gedib Praqa danışıqlarında “Qarabağ Azərbaycandır” dedilər. İndi də Moskva bəyan edirik ki, “Azərbaycan bizim haqqımızı verir, amma Ermənistan vermir”. Yəni, “ay erməni cəmiyyəti, sabah problem olanda bizdən inciməyin”. Ermənistan elektoratını buna hazırlayırlar ki, “problemi bizdə yox, Qərbə yıxılan Baş nazirinizdə axtarın”. Sabah ermənilərin başına nə problem gələrsə, rusların əlində çox güclü arqument var: günahkar Paşinyandır.

- 2024-ün yuxarıda bəhs olunan problemlərin çözümü ili olacağını düşünmək sadəlövhlük olmaz?

- Düşünürəm ki, Azərbaycanla Ermənistan arasında hər hansı bir çərçivə sazişi imzalana bilər – boşluğu doldurmaq üçün. Ancaq unutmayaq ki, istənilən razılaşmanın, müqavilənin şərtləri geosiyasi vəziyyət dəyişən kimi dəyişir. Məsələn, Azərbaycan geosiyasi vəziyyətdən istifadə edib öz torpaqlarını geri qaytardı.

Sülh müqaviləsinə gəlincə, mən əminəm ki, bu, baş verməyəcək. Çünki sülh müqaviləsinin imzalanması Ermənistan dövlətinin müqəddəratını şübhə altına alır. Bu, ölkə daxilində böyük bir böhrana səbəb olacaq. Belə anlaşılacaq ki, İrəvan Qərbin təlimatları ilə geri addım atır.

Bilirsiniz, indi Qərb Azərbaycana qarşı birləşib, təzyiqlər göstərir ki, bəzi addımlar atmasın. Bakı da müəyyən məqamları nəzərə alıb, Qərbin istəmədiyi həmin addımları atmağa tələsmir. Bu formada hələlik Qərb Ermənistanı qoruya bilər. Lakin sabah İrəvan sülh müqaviləsinə imza atsa, Qərb onu necə qorusun? Ona görə də Paşinyan sülh müqaviləsini imzalamayacaq, onu uzadacaq - ən azı 2026-cı ilədək, özünün yenidən seçiləcəyi müddətədək.

Sülh müqaviləsinin uzadıldığı müddətdə baş verə biləcək hadisələr də geosiyasi vəziyyətdən asılıdır – ABŞ-dakı seçkilərdən, Rusiya-Ukrayna münaqişəsinin nəticələrindən və digər geosiyasi proseslərdən. Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün hərəkətə keçsə, Ermənistana qarşı həmlə etsə və ya 1918-20-ci illər xəritəsinin bərpasına çalışsa, nələrlə üzləşəcək – bütün bunlar geosiyasi vəziyyətdən asılı olacaq.

- Siyasi dairələrdə Rusiya sülhməramlılarının onlar üçün nəzərdə tutulmuş zaman çatanda Qarabağdan çıxıb-çıxmayacaqlarına dair hələ də birmənalı proqnoz yoxdur. Bəziləri, hətta bunun Ukraynadakı müharibənin nəticəsindən asılı olacağını iddia edirlər. Sizin gözləntiləriniz nə yöndədir?

- Hesab edirəm ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxmaları birmənalıdır. Öz xoşları ilə oradan çıxacaqlarını düşünürəm, çünki qalmaları üçün heç bir səbəb yoxdur. Söhbət ondan gedir ki, onlar oradan çıxıb Zəngəzur dəhlizinə yerləşməli, dəhlizə nəzarət etməlidirlər. Ruslar 2025-ci ilədək Qarabağı tərk edib evə qayıda bilməzlər, oradan çıxıb Zəngəzur dəhlizinə yerləşmələri hədəflənib. Bildiyiniz kimi, Ermənistanın Türkiyə və İranla sərhədlərinə Rusiya nəzarət edir. Bircə qalır Zəngəzur dəhlizi. Ona görə də 2025-ci ilədək İrəvan Zəngəzur dəhlizinə razılıq vermədiyi təqdirdə, dəhliz güc tətbiqi yolu ilə açıla bilər. Çünki 2025-ci ilədək ruslar Qarabağdan çıxmalıdırlar, müddət bitdikdən sonra 1 il də uzadılması məsələsi az inandırıcıdır. Qeyd etdiyim kimi, oradan çıxan ruslar evə dönə bilməzlər, onlar Qafqazda başqa bir yerdə bərqərar olmalıdırlar. Bu yer də Zəbgəzur dəhlizidir.

Düşünürəm ki, Ermənistan öz xoşu ilə dəhlizin açılmasına icazə verməyəcək. Deməli, gücü tətbiqi yolu qaçılmaz olacaq. İrəvanın siyasətini göz önünə gətirib - Azərbaycanla münaqişədə daim söz yığını, vaxt uzatmaq. 2020-ci ildə 44 günlük müharibə və 9-10 noyabr üçtərəfli birgə bəyanatı. Yəni dəyənək, yumruq, sonra bəyanat. Sonra yenə 3 il boş-boşuna söhbətlər. Məcburən 2022-ci ildə Laçın dəhlizinə nəzarətin bərpası – yenə zor! 2023-cü ilin sentyabrında lokal antiterror əməliyyatı – yenə zor! Ermənistan siyasəti gücdən başqa bir şeydən anlamır. İndi baxın, yenə vəziyyət dalana dirənib. Gah Vaşinqtona üz tuturlar, gah Brüsselə, vaxt uzadırlar, sülhdən yayınırlar. Bu dalandan necə çıxmalı? Zəngəzur dəhlizini necə açmalı. Aydındır ki, yenə güc tətbiqi zərurəti meydana çıxacaq.

Müəllif: Tural Talehoğlu