“Rus təbliğatı Ukrayna-Azərbaycan dostluğuna zərbə vurmağa çalışacaq” - Nikolay Zamikula

Siyasət

26.04.2022 - 13:25

Zelenskinin Azərbaycandan daha çox şey gözləməsi ilə bağlı dedikləri onun arzusu idi və heç bir halda bunu iddia kimi şərh etmək olmaz”

“Mən başa düşürəm ki, Prezident Volodimir Zelenskinin Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə Azərbaycanın reaksiyası ilə bağlı dediyi sözləri müxtəlif cür şərh etmək olar. Hər şey onun nitqinin hansı hissəsinə diqqət yetirəcəyindən asılıdır. Və çox güman ki, Rusiya təbliğatı Ukraynanın Azərbaycandan daha çox gözlədiyi sözlər üzərində dayanacaq və buna görə də Ukrayna-Azərbaycan dostluğuna zərbə vurmağa çalışacaq. Amma mənə elə gəlir ki, Zelenskinin çıxışının əsas hissəsi bu bəyanat deyil, onun vurğuladığı başqa şey olub”.

Bunu AYNA-ya açıqlamasında ukraynalı politoloq Nikolay Zamikula deyib. Zelenskinin son mətbuat konfransında Azərbaycanın Rusiya-Ukrayna münaqişəsində mövqeyi ilə bağlı bəyanatını şərh edən analitikin sözlərinə görə, Kiyev Bakının faktiki mövqeyini anlayır və qəbul edir.

“Zelenski açıq şəkildə dedi ki, Azərbaycan azsaylı ölkələrdən biridir ki, onunla münasibətdə neytrallıq aydın şəkildə başa düşülür. Müvafiq olaraq, bəzi Qərb tərəfdaşlarımıza münasibətdə, ədalətli olaraq, heç bir həddindən artıq gözləntilər yoxdur. Əgər biz Azərbaycanın Ukraynaya dəstəyindən danışırıqsa, o zaman biz Bakının konkret mövqeyini və milli maraqlarını, eləcə də Kiyevə dəstək vermək imkanlarının obyektiv məhdudluğunu başa düşürük”, - deyə həmsöhbətimiz bildirib.

Qeyd edib ki, Azərbaycanın özünün rəsmi mövqeyi Cənubi Qafqazla məşğul olan ekspertlər üçün heç də təəccüblü deyil: “Əvvəlcədən məlum idi ki, Bakı nümayişkaranə qarşıdurmaya getməyəcək və öz milli maraqlarına əsaslanaraq Rusiya ilə bütün münasibətləri kəsməyəək”.

Zamikulanın dediyinə görə, BMT Baş Assambleyasında Rusiya-Ukrayna münaqişəsi ilə bağlı məsələlərlə bağlı səsvermə zamanı Azərbaycan nümayəndəsinin iştirak etməməsi bu amillə izah edilə bilər: “Lakin, eyni zamanda, qeyri-publik sferada biz aydın şəkildə görürük ki, Azərbaycan bizə lazımi dəstəyi göstərir və strateji tərəfdaşlıq münasibətlərinin xarakterinə tam uyğun hərəkət edir. Mən humanitar yardım göndərməyi, yanacağın tədarükü ilə bağlı bəyanatları nəzərdə tuturam. Bu, həm Ukrayna ordusu, həm də iqtisadiyyatı üçün çox vacib resursdur, xüsusən də Rusiya ordusunun enerji obyektlərinə hədəfli hücumları kontekstində. Biz Ukrayna ərazisində baş verənləri adekvat qiymətləndirən və Rusiyanın təcavüzünü pisləyən Azərbaycan cəmiyyətinin dəstəyini görür və yüksək qiymətləndiririk. Biz bu dəstəyə görə Azərbaycana minnətdarıq”.

“Zelenskinin Azərbaycandan daha çox şey gözləməsi ilə bağlı dediklərinə gəlincə, məncə, bu, Ukrayna Prezidentinin arzusu idi. Və heç bir halda bunu bir növ iddia kimi şərh etmək olmaz. Təbii ki, biz Ukraynada hamımız istərdik ki, bütün tərəfdaşlarımız Rusiyaya qarşı sərt mövqe tutsunlar. Amma bir daha vurğulayıram ki, biz Azərbaycanın xarici siyasətinin hansı obyektiv çərçivədə qurulduğunu başa düşürük və heç bir halda Bakının öz maraqlarının zərərinə hərəkət edəcəyini gözləmirik”, - deyə siyasi şərhçi vurğulayıb.

Xatırladaq ki, Zelenski azərbaycanlı həmkarının hər zaman Ukraynanı dəstəklədiyini bildirib: “Humanitar yardımlar, tibbi yardımlar olub. Hesab edirəm ki, bu gün Azərbaycan üçün Ukraynaya silahla yardım etmək çətindir. Bunu başa düşmək olar, çünki onların Dağlıq Qarabağı var. Azərbaycan çox azsaylı ölkələrdəndir ki, mövqeyini, neytrallığını başa düşürük, çünki orada yenidən müharibə alovlana bilər. Amma hər halda, biz daha çoxunu gözləyirik”.

Müəllif: Asif Aydınlı