2019-cu ilin dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib
Azərbaycanda keçirilmiş sonuncu bələdiyyə seçkiləri ilə bağlı səsvermənin nəticələrinə yekun vurulub.
AYNA xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
İclasda 2019-cu ilin dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində səsvermənin yekun nəticələrinə dair qərar qəbul edilib.
M.Pənahov bildirib ki, MSK bələdiyyə seçkilərinin nəticələrini təsdiqləyib: “Azərbaycanda bələdiyyə seçkiləri 2019-cu ilin dekabrın 23-də baş tutub. Bələdiyyə seçkiləri ölkə üzrə 5049 seçki məntəqəsində keçirilib və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan rayonlarını əhatə edən 7 seçki dairəsi istisna olunmaqla 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməli idi. Seçkilərdə 13 siyasi partiya iştirak edib, 41 462 namizəd qeydiyyata alınıb. Səs vermək hüququna malik 4 972 356 seçicinin adı seçici siyahısına daxil edilib. Seçki məntəqələrində seçici fəallığı 32.72% faiz olub (səsvermə hüququna malik 4 972 356 seçicidən 1 627 064 nəfəri səs verib)”.
MSK-nın seçkinin yekunları ilə bağlı protokol layihəsi barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
Sənəddə bələdiyyə seçkilərinin Konstitusiyaya, Seçki Məcəlləsinə uyğun keçirildiyi qeyd edilib. Qərar layihəsində 9 bələdiyyədə seçkinin nəticələrinin ləğv edilməsi (65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsində Varxan bələdiyyəsi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində Ağdaş bələdiyyəsi, 80 saylı İmişli-Beyləqan seçki dairəsində Boşçağlar bələdiyyəsi, 81 saylı Beyləqan seçki dairəsində Təzəkənd, Milabad bələdiyyələri, 82 saylı Ağcabədi seçki dairəsində Şənlik bələdiyyəsi, 86 saylı İsmayıllı seçki dairəsində Tağlabian bələdiyyəsi, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində Əmirli, 89 saylı Göyçay-Ağdaş seçki dairəsində Xosrov bələdiyyəsi), 39 seçki məntəqəsi üzrə seçkinin nəticələrinin etibarsız sayılması əksini tapıb.
Sənəddə yol verdiyi nöqsanlara görə eyni zamanda 12 məntəqə seçki komissiyası buraxılıb. Eyni zamanda 22 saylı Nəsimi II seçki dairəsi üzrə 5,6, 7 saylı, 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə 9 saylı, 24 saylı Nizami I seçki dairəsi üzrə 3,4 saylı, 61 saylı Neftçala seçki dairəsi üzrə 14 saylı, 69 saylı Cəlilabad-Masallı seçki dairəsi üzrə 8, 10 saylı, 84 saylı Füzuli seçki dairəsi üzrə 4 saylı, 111 saylı Zaqatala-Balakən seçki dairəsi üzrtə 3 saylı, 119 saylı Ağdam kənd seçki dairəsi üzrə 13 saylı məntəqə seçki komissiyaları buraxılıb.
MSK-nın bələdiyyə seçkilərinin yekunları ilə bağlı qərar yekdilliklə qəbul edilib.
Daha sonra MSK üzvləri bələdiyyə seçkilərinin yekunları ilə bağlı protokolu təsdiq edib.