Rüfət Səfərov yaxın günlərdə bu barədə daha geniş məlumat verəcəyini vurğulayıb
Xəbər verdiyimiz kimi, dünən sabiq müstəntiq Rüfət Səfərov atası Eldar Sabiroğlunun ondan imtina etməsi ilə bağlı məlumat vermişdi. R.Səfərov atasının ona bu barədə məktub yazdığını bildirmişdi.
Sabiq müstəntiqin atasının ona yazdığı məktubu ictimailəşdirməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Bu addımına görə onu dəstəkləyənlər çox olsa da, əksər insanlar tərəfindən qınandı, ittiham edildi.
AYNA-nın əməkdaşı R.Səfərovla əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməyə çalışıb.
R.Səfərov bildirib ki, hadisə atasının “Azadlıq” radiosuna müsahibəsindən sonra baş verib: “Atamın “Azadlıq”a müsahibəsi zamanı səsləndirdiyi bəzi fikirlər məndə qıcıq doğurdu. Bu barədə “Facebook” səhifəmdə status yazdım. Atam bundan sonra qəzəbləndi və məndən imtina etdiyini bildirdi. Səbəb konkret olaraq odur ki, atam məndən fikirlərimi, fəaliyyətimi, çıxışlarımı dayandırmağımı istəyir. Mən dayanmadığıma görə qəzəblənərək belə məktub yazıb”.
Sabiq müstəntiq onu qınayanlara da mesaj göndərib: “Bəzi adamlar məni ittiham edirlər ki, ailə məsələsini ictimailəşdirmişəm. Həmin şəxslərə sual vermək istəyirəm: “Ömrünün 30 ilini bu hakimiyyətə xidmət etmiş şəxsin, yəni atasının fəaliyyətini təqdir etməyən oğulun belə bir məktubla cavablandırılması necə şəxsi məsələ sayıla bilər?” Yəni baş verənlər artıq ata-oğul məsələsi deyil, iki fərqli siyasi cinahın nümayəndəsinin məsələsidir”.
R.Səfərov yaxın günlərdə bu barədə daha geniş məlumat verəcəyini də vurğulayıb.
Xatırladaq ki, Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi R.Səfərov 2015-ci ilin sonunda siyasi bəyənatla, tutduğu vəzifədən istefa verib. R.Səfərov 2016-ci ilin sentyabrında rüşvət almaqda təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum olunub. Bu ilin mart ayında isə Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxıb.