Ukrayna Rusiya və Vyana sənədinin digər üzvləri ilə görüş istəyib
Ukrayna Rusiya və ATƏT-in Etimad və Təhlükəsizlik Tədbirləri üzrə Vyana sənədinin digər üzvləri ilə 48 saat ərzində görüş tələb edib. AYNA xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba özünün “Twitter” səhifəsində yazıb.
“Rusiya bizim Vyana sənədi ilə bağlı sorğumuza cavab verməyib. Növbəti addımı atırıq. Ukrayna yaxın 48 saat ərzində Rusiya Federasiyası və bütün iştirakçı dövlətlərlə sərhədimiz boyunca və müvəqqəti işğal olunmuş Krımda rus qoşunlarının gücləndirilməsi və hərəkəti məsələlərini müzakirə etmək üçün iclas çağırır”, - deyə Ukrayna XİN rəhbəri bildirib.
Daha əvvəl bildirilmişdi ki, Kiyev Moskvadan hərbi fəaliyyəti ilə bağlı açıqlama tələb edib və cavab vermək üçün 48 saat vaxt verib. Əgər iki gün ərzində Rusiya cavab verməsə və ya kifayət qədər məlumat verməsə, o zaman Ukrayna ATƏT-in etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirləri üzrə Vyana sənədinin iştirakçı dövlətlərinə fövqəladə iclasın çağırılması üçün müraciət edəcək.