Ərdoğanın sözçüsü İbrahim Kalın addımlar atıldığını açıqlayıb
““Taxıl sazişi”nin müddətinin uzadılması üçün müəyyən addımlar atılır”. AYNA xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın “Habertürk” telekanalının efirində mayın 18-dən sonra “Taxıl sazişi”nin müddətinin uzadılması şanslarını dəyərləndirərkən deyib.
Kalın bildirib ki, “Taxıl sazişi” ilə bağlı razılığa ümidlidir: “Bunun üçün şanslar var və lazımi səylərin göstərilir”.
Bundan əvvəl məlum olub ki, Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələrinin “Taxıl sazişi” ilə bağlı müzakirəni mayın 5-də keçirməsi gözlənilsə də, tarix bu həftəyə təxirə salınıb. Sazişlə bağlı müzakirə əvəzinə, ilkin texniki danışıqlar aparılıb. Türkiyə tərəfinin nümayəndələri görüşün “BMT-nin texniki heyətinin, Türkiyə, Rusiya və Ukraynanın iştirakı ilə toplantı keçirmək zərurəti” səbəbindən təxirə salındığını açıqlayıb.
Qeyd edək ki, “Taxıl sazişi” 2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri arasında imzalanıb. Sazişin icrasının koordinasiyası İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir.