Faktlarla bağlı cinayət işi başlanılıb
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi və Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Hilal Cılğamlı saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman kibrit qutularında marixuana, tiyək, heroin və “patı”, “şüşə” adlandırılan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Sərvər Neymətov saxlanılıb. Həmin şəxsin üzərinə və avtomobilinə baxış zamanı kibrit qutularında narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb. Faktlarla bağlı RPŞ-də cinayət işi başlanılıb.