Qoca rejissorun tamaşası - Seçimsiz seçkidən gözləntilər

Dünya

22.11.2023 - 10:21

“Bu, Putinin Kremldə qalma müddətini uzatmaq üçün şoudan başqa bir şey deyil”

Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib. Parlamentdəki mənbə “RİA Novosti”yə bildirib ki, Federasiya Şurası dekabrın 13-də keçiriləcək iclasında bu tarixi elan edə bilər.

Beləliklə, seçkilər Krımın ilhaqının ildönümünə təsadüf edəcək. Bu hadisənin 2024-cü ilin yazında 10 illiyi qeyd ediləcək.

2000-ci ildən Rusiyaya rəhbərlik edən 71 yaşlı Putin hələ beşinci müddətə Prezident olmaq niyyətini açıqlamayıb. Lakin Prezident Administrasiyası artıq onun namizədliyini irəli sürəcək təşəbbüs qrupunun seçilməsinə başlayıb. Buraya rejissor və təbliğatçı Nikita Mixalkov, pediatr Leonid Roşal, müğənni Şaman (Yaroslav Dronov), ilk qadın kosmonavt Valentina Tereşkova, eləcə də Ukrayna müharibəsi ilə bağlı olan şəxslər daxil ola bilər.

Kreml bildirib ki, Putinin namizədliyi ilə bağlı “hələ heç bir qərar yoxdur”. Eyni zamanda, Prezidentin mətbuat katibi Dmitri Peskov dəfələrlə bəyan edib ki, dövlət başçısı öz namizədliyini irəli sürərsə, “inamla qalib gələcək”. Kreml spikerinin sözlərinə görə, Putinin Rusiyada siyasi rəqibləri “yoxdur və ola da bilməz”.

Eyni zamanda, “Russian Field” sorğusu göstərib ki, rusiyalıların 68%-i yaşlı namizədi dəstəkləməyə hazır deyil. Artıq Kreml bu məsələni öz üzərinə götürüb. “Meduza” mənbələri bildiriblər ki, orada onlar Putinə nəzərəçarpacaq dərəcədə gənc görünməyən uyğun “sparrinq tərəfdaşları” tapmaq qərarına gəliblər. "Əsas namizəd"in yaşı Kremli narahat etməyə başlayıb, çünki məmurlar özləri onu "rəis", "birinci" və "ali" əvəzinə "baba" adlandırmağa başlayıblar.

Putinin seçki kampaniyasının mövzusu “kollektiv Qərb”in tənqidi və Rusiyanın tüğyan edən dünya xaosunda “sakitlik adası” imici olacaq. Prezident özü uzun müddətdir boşansa da, semantik vurğu “ənənəvi dəyərlər”, ilk növbədə ailə ilə bağlı olacaq.

Administrasiyaya yaxın mənbələrin sözlərinə görə, Putinin kampaniyası çox mühafizəkar olacaq. “Olub, var, olacaq” və “qürur, inam, gələcək” düsturlarına əsaslanacaq. Eyni zamanda, Ukraynadakı müharibə mövzusu xüsusi olaraq vurğulanmayacaq.

Bir çox müstəqil ekspertin Rusiya reallıqları kontekstində əvvəlcədən proqramlaşdırılmış nəticə ilə boş formallıq adlandırdığı seçkilərdə qələbə Putinə 2030-cu ilə qədər hakimiyyətdə qalmağa imkan verəcək.

Rusiya müxalifəti hələ də prezidentlik kampaniyasına münasibəti ilə bağlı taktika seçiminə qərar verməyib. Məşhur hüquq müdafiəçisi Lev Ponomarevin adından müharibə əleyhdarı namizədin irəli sürülməsinə dəstək verən petisiya var.

Müraciəti müşayiət edən bəyanatda deyilir: “Biz səsimizə çevrilməyə qərar verən istənilən siyasətçini - istər Qriqori Yavlinski (“Yabloko” partiyasının lideri), istərsə də hər hansı digər demokratik qüvvənin namizədi olsun - dəstəkləyəcəyik”.

Yavlinskinin öz niyyətinə gəlincə, hər şey kifayət qədər qeyri-müəyyən görünür. Əvvəllər o, rusların 10 milyon imzasını toplamaq üçün prezidentlik kampaniyasında iştirakını şərt kimi qoymuşdu. Bunu kimin və necə etməli olduğu bəlli deyil.

2024-cü il seçkilərində iştirak etmək qərarını artıq elan edən ilk və yeganə şəxs Vətəndaş Təşəbbüsü Partiyasından namizədliyi irəli sürülmüş siyasətçi Boris Nadejdindir. Son kampaniya zamanı jurnalist Kseniya Sobçak bu partiyadan namizədliyini irəli sürmüşdü.

Yəni bu seçkilərdə Putinin müəyyən rəqiblərinin olacağı aydındır. Amma onlar nə qədər ciddidirlər? Bu səsvermələrin Rusiyadakı vəziyyətə hər hansı təsiri ola bilərmi? Onlar hər hansı dəyişiklik yarada bilirlərmi? İndiki hakim system hər şeyi nəzarətə götürməyibmi?

Tanınmış əcnəbi ekspertlər bu barədə fikirlərini AYNA ilə bölüşüblər.

Moskva Ali Sosial-İqtisadi Elmlər Məktəbinin professor, sosioloq Qriqori Yudin:

“Gələn il Rusiyanı seçkilər deyil, plebissit gözləyir. Plebissitdə heç bir rəqib ola bilməz, onun nəticəsi orada iştirak edən hər kəsə əvvəlcədən bəllidir.

Plebissitlər heç bir dəyişiklik yaratmır, liderin legitimliyini təsdiqləmək üçün lazımdır. Onun yenilənmiş legitimliyə arxalanaraq bəzi dəyişikliklərə başlaya bilməsi güman edilə bilər”.

Siyasi analitik və “Deutsche Welle”nin köşə yazarı Konstantin Eggert (Vilnüs):

“Rusiyada son 20 ildən çox müddət ərzində Prezident seçkiləri olmayıb və şübhəsiz ki, Putinin dövründə də olmayacaq. Seçkilər adlanan proses əslində Putinin Kremldə qalma müddətini uzatmaq üçün bir şoudur, başqa bir şey deyil.

Prezident Administrasiyası Putinin getdikcə qocalmasından narahatdır və buna görə də onun qondarma rəqibləri əsasən köhnə kaqortadan olacaq – Züqanov və ola bilsin ki, Yavlinski və ya əslində Boris Nadejdin kimi praktiki olaraq rəngsiz olan yeni insanlar.

Və qondarma seçkilərdə namizəd deyilənlərdən heç biri Rusiyanın bu gün mövcud olduğu ən mühüm problem və nəhəng böhran, yəni Ukraynaya qarşı təcavüz barədə açıq danışa bilməyəcək. Bu fakt əslində bu kampaniya haqqında hər şeyi deyir. Bu, seçki deyil, tamaşadır. Putinə qarşı qondarma müxalifət müxalifət deyil, onlar üçün əvvəllər uydurulmuş və yazılmış rolları olan aktyorlardır”.

Müəllif: Rauf Orucov